İranda dərin dövlətin ən qalmaqallı adamı yenidən iqtidara gəlir

26-04-2017, 09:30           
İranda dərin dövlətin ən qalmaqallı adamı yenidən iqtidara gəlir
Əhmədinejad bu dəfə başqa bir namizədi dəstəkləyərək hakimiyyətə nəzarəti təmin edəcək


İranda inqilabdan üzü bəri 12 dəfə prezident seçkiləri keçirilib.


12-ci İmam Sahib əz-zəman arzusuyla yaşayan bir ölkə üçün özünüz düşünün, bu rəmzi işarə indi nə deməkdir?

Yəni İran məmləkəti 12-ci İmamla hələ ki görüşməsə də, 12-ci prezidentlə tezliklə, mayın 19-u tarixində mütləq, hökmən görüşəcək.


***


Bilirəm, bu rəmzi, simvolik işarələr sizin üçün - dünyəvi təfəkkür sahibləri üçün heç bir məna daşıya bilməz. Amma...


İranda bu belə deyil. İranda 12-ci qeyb imam intizarlı milyonlarla dindar mövcuddu. Uzun əbalı, əli təsbehli, başı ağ əmmaməli dikbaş mollalar minbərlərin başından dəqiqəbaşı bir fikri təkrar edir sadə xalqa. Bəs guya İranda çox-çox qədimlərdən çoxmilyonluq “İran Mehdi ordusu” mövcuddu. Bəs guya Qumdakı "Cəmkaran" məscidi bu ordunun nisbi, yaxud dəqiq coğrafi ünvanıdır.


Milyonlarla sadə, yazıq, kasıb xalq kütləsi nümayəndəsi ölkənin dörd bucağından, o cümlədən Güney Azərbaycandan bu ünvana axışar hər il. Nisgillərini, dərdlərini bir məktuba yazıb "Cəmkaran" məscidi həyətindəki dərin quyuya atarlar. Məktublar gecəynən İmam Mehdi ordusu nümayəndələri tərəfindən yığılıb basılır bir yekə meşin torbaya. Gətirilib lazımi məxfi ünvanlarda öyrənilir. Araşdırılır. Cavabsız kimsə qalmır.
Türkiyədə “dərin dövlət”, “Ergenekon” nədirsə, İranda da bu tam məxfi “İmam Mehdi ordusu” odur. Bu çox uzun məxfi qurum şəbəkəsi İranda “Ettelaat”, “Sepah”, “Bəsic” kimi ünvanlardan keçə-keçə gəlib axır dirənir çox qəliz, müəmmalı “Setate İcrayeye Fərmane İmam” adlı yarıqapalı bir qapıya.


***
Yadda saxlayın, Güney Azərbaycanın məşhur “fədai” məktəbi də (Avropada bu məktəb üzvlərinə “assasin” deyirlər) vaxtilə bu uzun məxfi zəncirin çox vacib, ən həlledici bir halqası imiş. Fədailər, əvvəllər Təbrizdə hər il 40 günlük öz məxfi təlimlərini keçirər, Allahın məxfi 17 hərifli adını, yəni “ismül-əzəmi” qoruyub gələcək nəsillərə ötürərmişlər. 99 əsgərdən ibarət fədai dəstələri adətən 33 nəfərlik üç hissəyə bölünərdi. 100-cü fədai Səttar xan kimi “sərdar” adını daşıyar, “son dəqiqə qəhrəmanı kimi” ancaq ən çətin həlledici məqamlarda sifəti niqablı şəkildə üzə çıxardı. Sonralar, bu tam məxfi “İmam Mehdi ordusu”nda parçalanma baş verdi - Təbriz fədailəri, əvvəl faşist Almaniyası, sonra SSRİ ilə əməkdaşlığa girib solçuluğa yuvarlandılar. “Fədayane-xəlq”, “Mücahəddine-xəlq” qurumlarında birləşib şah rejiminə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Qumdakı “Cəmkaran” məscidi, ayatullah Xomeyni ətrafındakı fədailər isə öz islami təyinatlarını itirmədilər. 1946-50-ci illərdə “Fədayane-islam” təşkilatında birləşib Nəvvab Səfəvinin başçılığı altında Tehranda çox saylı qətl hadisələri törətdilər. Son antişah inqilabı zamanı bu solçu Təbriz, dindar Qum fədailəri əvvəlcə müttəfiq oldular, lap axırda isə qatı düşmən. Son nətiəcədə Təbriz fədailəri 120 min qurban verib Arazı keçib Şərqi Almaniyaya sığındılar. Dindar fədailər isə “İran inqilab keşikçiləri” kimi məxfi qurumlarda cəmləşib döndülər bir növ İran təhlükəsizlik qvardiyasına.


2005-ci ildə Əhmədinejad hakimiyyətə gələnədək İran hakim elitası, şəxsən “vilayəte-fəqih” Seyid Əli Xamenei bu qvardiyanı, yəni “Sepah”ı hakimiyyət pilləkanına bir addım belə yaxına buraxmırdı. Ancaq İran atom projesinin gündəmə gəlməsi Xameneini vadar etdi ki, bu layihəni xarici siyasi arenada müdafiə edə biləcək uyğun bir “mehdiçi”ni cəmiyyətə təqdim etsin. Nəticədə İranın bu tam məxfi dərin dövləti, Əhmədinejad nümunəsində, ilk dəfə 2005-ci ildə hakimiyyətə gətirilib 2013-cü ilədək hakimiyyətdə qaldı.

Yaxşı, kimdi, görəsən, bu Əhmədinejad?
Gəlin bu yazımızda biz bu haqlı suallara öz dəqiq cavablarımızı axtaraq.

Bəri başdan deyirəm. İranın növbəti prezident seçkilərində Əhmədinejad deyil...növbəti yeni Əhmədinejad, görərsiz, qalib gələcək. Yəni vaxtilə Əhmədinejadı gündəmə gətirmiş bu məxfi qurumlar, ilk növbədə “İslam keşikçiləri”, bu seçkiləri “islahatçılar”a qəti olaraq uduzmaq fikrində deyillər. Kim olacaq bu yeni Əhmədinejad? Kimdi o?


Bu tikanlı suala cavab verməkdən ötrü gəlin köhnə Əhmədinejadla tanış olaq bir az. İranın 12-ci prezidenti məhz bu şəxsin siyasətini təkrarlayacaq axı.


Dosye - Əhmədinejad Mahmud


MƏNŞƏYİ: O, şəhər deyil, əyalət insanıdır. Mərkəzi İranın Simnan vilayətindəki kiçik Gərmsar qəsəbəsində dünyaya göz açıb ( 28 oktyabr, 1956). Atası Əhməd bir yox, üç peşə sahibi olub - həm dəmirçiymiş, həm bərbər, həm də satıcı. Anası Xanım xala, bütün İranda tanınan sınaqlı, nəcib seyid nəslindəndi.


KASIBLIĞI: Hələ uşaq ikən aza qane olmağa, kasıb həyat sürməyə alışan Əhmədinejat prezident seçildikdən sonra da öz kasıb həyatına sədaqətini itirməməyi ilə yadda qalıb. Güzgüdəki öz əksinə hər səhər salam verərkən bir an yubanıb ləngiyir o. Güzgüdəki öz əksi ilə astaca bir Allah bilir nə pıçıldaşır.



Çantası öz nimdaşlığı ilə məşhurdur. Naharını həmin bu çantasında prezident kabinetinə gətirib ətrafındakıları həmişə bərk təəccübləndirir.
QƏRİBƏLİYİ: Süpürgəçilərə qoşulub bəzən Tehran küçələrini süpürür.


Xarici səfərlər zamanı hotellərdəki iki adamlıq gen çarpayı üzərində bərk narahatlıq keçirir. Adətən bütün bədəni ilə aşağı sürüşür belə hallarda. Yıxıldığı yerdəcə anında yuxulayır.


GƏLİRLƏRİ: PREZİDENT MAAŞINDAN İMTİNA EDİB. Yeganə qazancı universitetdən aldığı 250 dollar puldu.


İNQİLABÇILIĞI: İran prezidentlərinin iş kabinetində ilk inqilabi çevrilişi ilə yadda qalıb. Döşəmədəki bahalı nəfis xalçaları ucuzlarıyla əvəzləyib. Bahalı xalçaları göndərib ən kasıb Tehran məscidlərinin birinə.


AİLƏ TƏRKİBİ: Evlidir. İki oğlu, bir qızı var. 24 yaşında, hələ universitetdə ikən öz həmkarı, sinif yoldaşı Əzəm əl Səadət Fərahi adlı qadınla ailə qurub. Qızı 2006-cı ildə ərə gedib. Kiçik oğlu Əlirza ali təhsilli mühəndis mexanikdir. Böyük oğlu Mehdi inşaatçı-mühəndisdir. 2008-ci ildə o, “İran Mədəniyyət İrsi” adlı Dövlət Komitəsinin sədri İsfəndiyar Rəhim Məşainin qızı ilə evlənib.


***


Ailə ilkinə Mehdi adının verilməsi Əhmədinejad nümunəsində təsadüfi sayılmamalıdır. Bu, Əhmədinejadın İrandakı tam məxfi “İmam Mehdi” ordusuna sevgisindən qaynaqlanır.


Bugünlərdə "Euronews" telekanalına müsahibə verən Əhmədinejad üstüörtülü şəkildə həmin məxfi qurumun növbəti namizədinə - silahdaşı Həmid Baqhaiyə işarə vurub. Bu növbəti “mehdiçi” namizədin qələbəsinə öz ümidini gizlətməyib.


Beləliklə, məsələ aydındı - Əhmədinejadla Həmid Baqhayi eyni bezin qırağıdırlar. İran dərin dövlətinin, “Setate İcrayeye Fərmane İmam” adlı yarıqapalı qurumunun siyasi funksionerləridir.

Tənbəllik eləmə, Əhmədinejadın həyat yolunu izlə, birbaşa gedib çıxarsan İrandakı tam məxfi “İmam Mehdi ordu”suna. Gəlin indi bu şansı əldən buraxmayaq. Görək 12-ci prezidentin zühuruna bu məxfi təşkilat indi necə hazırlaşır.


***


1976-cı il. Tehran Universiteti. Dindar “mehdiçi” tələbələr, o cümlədən gənc Əhmədinejad, solçu “Tudə” partiya üzvləri ilə birlikdə şah rejiminə qarşı divar qəzeti buraxmağa başlayırlar. 1979-cu ildə məhz bu məxfi özək üzvləri özlərini “İmam ardıcılları” adlandıraraq Tehrandakı Amerika səfirliyi binasını ələ keçirəcəklər. Əhmədinejadın saqqallı sifəti məhz o vaxt ilk dəfə fotokameralara düşəcək.


1980-88-ci illər. “İmam ardıcılları”, o cümlədən Əhmədinejad, təxribatçı dəstələr tərkibində gizlincə İrak ərazisinə sızır, Kərkük, Mosulda ciddi partlayışlar törədirlər.


Müharibədən sonra Əhmədinejad hərbi uniformasını mülkü geyimlə əvəzləyir. Qərbi Azərbaycan vilayətinin qaçaq-quldurla dolu Xoy, Maku şəhristanlarında qubernator vəzifəsini icra edir. Bu sahədə çoxsaylı uğurları cavabsız qalmır - Əhmədinejad, 1993-97-ci illərdə Ərdəbil valisi vəzifəsini qazanır.


1997-ci ildə “islahatçılar” Məhəmməd Hatəmi rəhbərliyi altında hakimiyyətə gəlincə, Əhmədinejad bir mehdiçi kimi qeybə çəkilir. O zaman “mehdiçilər”, deyilənə görə, “Fədayane-islam”, Nəvvab Səfəvi ənənələrini davam etdirərək bəzi İran dissidentlərini sorğu-sualsız oğurlayıb qətlə yetirirlərmiş.

Nəvvab Səfəvi fədailəri terror vasitəsilə 1946-55-ci illərdə Tehran bazarını necə ələ keçirmişdilərsə, mehdiçilər də 1997-ci ildən sonra eyni xətti davam etdirirlər. Nəticədə 2003-cü ildə Əhmədinejad Tehran şəhərinin meri vəzifəsinə gətirilir. 2005-də prezidentliyi qazanıb 2013-cü ilədək bu sükanı iti caynaqlarından kənara buraxmır. Girişir atom projesinə... Nüvə silahının lap astanasına yetişir. Əvəzində bütün İran iqtisadiyyatını Qərbin cəza sanksiyalarına məruz qoyur...


Dissidentlərə qarşı bu vaxt fərqli taktika tətbiq edir Əhmədinejad. Odlu, soyuq silahlardan imtina edir bu sahədə. “Gəncliyə yaşıl işıq!” şüarı altında qocaman professor-dissidentləri təqaüdə göndərir.


İsrailə qarşı məlum mövqeyi Əhmədinejada ərəblər arasında hörmət, Qərb dünyasında isə ironik baxışlar bəxş edir.


Əhmədinejad qorxaq deyil. Ölümün gözlərinə hələ İran-İrak cəbhəsində ikən dəfələrlə baxıb. Əvvəlcə o, Bəlucistanda, sonra 4 avqust 2010-cu il tarixində Həmədanda terrorçuların bombalı saldırılarına məruz qalıb. Amma gözlərini belə yummamağıyla yadda qalıb bu dramatik şəraitdə.


Məhz bu zamanlar Əhmədinejad dəstəsi ölkədəki sahibsiz, davalı mal-mülkləri qeydiyyata götürüb onları İmam Mehdinin ixtiyarına buraxırlar. Deyirlər, bu mülklərin söhbəti qaldı məşhər gününə. Axır İmamın zühuruna. “Sitate İcrayeye Fərmane İmam” qurumu məhz bu zaman qeybdən ayrılıb işıq aləminə, nur dünyasına daxil olur. Çevrilir Əhmədinejad dəstəsinin çox milyardlıq siyasi, maddi, mənəvi kapitalına.
Son seçkilərdə, görərsiniz, növbəti Əhmədinejadın seçki təbliğatı, qərargahı məhz bu yarıqapalı ünvandan idarə olunub öz namizədinə - Həmid Baqhayiyə qələbə qazandıracaq.


Əhmədinejad prezidentliyi dövründə öz populistliyi ilə seçilib. O, ilk dəfə neft gəlirlərini sadə xalq nümayəndələri arasında bölüşüb. Adambaşı 50 dollar pul ayırıb hər İran vətəndaşına. Həsən Ruhani hakimiyyətə gəlincə bu pulları kəsib. Deyib, bu pulları iqtisadiyyata yatırmaq daha münasibdi. Nəinki kasıblara ödəmək.


İndi növbəti seçki zamanı bu pulun eşqi ilə “müstəzəfan”lar, yəni əzilmiş xalq kütlələri, görərsiz, yenidən seçki qutularının qarşısını kəsdirəcəklər.


Növbəti Əhmədinejadın - yəni Həmid Baqhainin qutusuna öz müsbət rəylərini atacaqlar.

***


İran prezidentlərinin demək olar hamısı ikinci dəfə bu kürsünü özlərində saxlayıblar. İkinci dəfə seçilməyəcək yeganə prezident, deyilənə görə, indiki Həsən Ruhani olacaq.


Hələ ki İran öz 12-ci İmamını deyil, 12-ci prezidentini salamlamağa hazırlaşır.


“Yeni Musavat” mövzunu öz diqqət mərkəzində saxlayır. Mövzu ilə bağlı hər hansı bir yenilik mütləq ünvanınıza çatdırılacaq


Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.