FES-in yekun qərarı "maliyyə köpükləri"nin yaranması risklərinə bağlıdır - TƏHLİL

26-04-2017, 12:23           
FES-in yekun qərarı "maliyyə köpükləri"nin yaranması risklərinə bağlıdır - TƏHLİL
Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri bəyan edib ki, bu ilin sonunda Federal Ehtiyat Sistemi təkrar investisiya siyasətini dayandıra bilər. Onun sözlərinə görə, hazırda FES üzvləri arasında bu barədə həmfikirik yoxdur və bu ideyanı təbliğ etmək üçün müəyyən vaxt tələb olunacaq. Bu baxımdan müvafiq qərarın ilin sonunda qəbul edilə biləcəyi ehtimal olunur. Söhbət ondan gedir ki, hazırda əsasən qiymətli kağızlar borcuna görə FES-in balansının həcmi 4,5 trln. dollar təşkil edir və bu həcm azaldılmalıdır. Faktiki olaraq, söhbət FES-in öhdəliklərini, borclanmasını azaltmaqdan gedir. Ceyms Bullardın sözlərinə görə, hələlik aktivlərin satılmasından danışmaq tezdir, amma bazardan qiymətli kağızların yenidən alınması prosesi dayandırıla bilər.

Bu addım pul-kredit siyasətinin sərtləşdirilməsinin bir alətidir. Belə ki, bir alət - faizlərin qaldırılması, ikinci bazarda olan əlavə likvidliyin zəmanətli şəkildə geri alınmasıdır. Birinci addım, yəni Mərkəzi Bank tərəfindən faizlərin qaldırılması ona gətirib çıxarır ki, ölkədə borcalmanın dəyəri qalxır, o cümlədən kredit faizləri qalxır və son nəticədə iqtisadiyyatda pul kütləsinin azalması baş verir. Yekunda isə ölkədə stimullaşdırma siyasəti adlanan proses tam və ya qismən dayandırılır və iqtisadiyyatın pulla təmin edilməsi müəyyən dərəcədə məhdudlaşır. Hazırda ABŞ-da belə bir təhlükə yaranıb ki, iqtisadiyyatda olan əlavə vəsaitlər real iqtisadiyyata, istehsala, heç olmasa ticarət sektoruna deyil, qiymətli kağızlar bazarına, portfel investisiyalara yönəldilir.

Belə olan halda “maliyyə köpüklərinin” yaranması təhlükəsi ortaya çıxır ki, bu da yeni iqtisadi böhranın səbəbi ola bilər. Çünki maliyyə bazarlarında istehsalla təmin edilməmiş aktivlər və likvidlik varsa, gec-tez bu natarazlıq özünü göstərəcək və ilk növbədə səhm bazarında kəskin ucuzlaşma başlayacaq. Zəncirvari olaraq sonra bu dalğa real sektora keçəcək, çünki səhmlərin “arxasında” dayanan emitent-müəssisələr kəskin maliyyə problemləri üzləşir. Sonuncu ümumdünya iqtisadi böhranı zamanı belə iqtisadi qanunlara uyğun proseslər bütün dünyada baş verib, hazırda FES bu prosesləri təkrarlamamağa çalışır. Bunun üçün isə yeganə yol - pul-kredit siyasətinin sərtləşdirilməsidir. Bu, tək ABŞ-a aid deyil – istənilən ölkədə, və ya avrozona kimi vahid iqtisadi məkanlarda iqtisadiyyatda əlavə likvidlik yarananda və onun istehsalata, real investisiyalara, idxala kimi sahələrə yönəlmək əvəzinə, maliyyə bazarlarda yönəldəndə Mərkəzi banklar dərhal həmin likvidliyinin ya bazardan götürülməsi, ya da borcalmanın dəyərinin qaldırılması üzrə addımlar atır. Federal Ehtiyat Sistemi artıq faizləri tədricən qaldırır – yəni birinci addımlar artıq işlək vəziyyətindədir. İndi ikinci mərhələ, yəni likvidliyin yığışdırılması prosesi başlana bilər.

Ümumi halda, bu proses dünya iqtisadiyyatına hansı təsiri göstərə bilər? İlk və əsas təsir - dolların dinamikasıdır. Faizlərin qaldırılması, pul-kredit siyasətinin sərtləşdirilməsi, məlum olduğu kimi, milli valyutanın möhkəmləndirilməsinə gətirib çıxarır. Hazırda FES tərəfindən faizlərin qaldırılması dolları möhkəmləndirir. Son yarım il ərzində dollar əsas dünya valyutalara qarşı (funt istisna olmaqla, çünki funtun məzənnəsinə daha çox daxili amillər və Brexit təsir edir) 5%-ə yaxın möhkəmlənib. Kiçik rəqəm kimi görünsə də, makroiqtisadi baxımından, dünyada dolların təsiredici rolu baxımından, əksinə böyük bir rəqəmdir. Əgər Bullard dediyi kimi, sərtləşdirmənin ikinci fazası işə salınsa, dolların möhkəmlənməsi davam edəcək. Amma həddən artıq güclü dollar ABŞ-ın iqtisadiyyatı üçün əlverişli deyil. Bunun iki səbəbi var:

Birincisi, həddən artıq güclü milli valyuta yerli ixracatçılar üçün tam olaraq əlverişsizdir, demək olar ki, güclü yerli valyuta ixracatçıların düşmənidir. Yəni, güclənən dollar ABŞ-ın ixracatçılara konkret və dayanmadan zərbə vurur. Digər ölkələrlə müqayisədə ABŞ ixracatçıları üçün bu zərbə nisbətən zəifdir, çünki xarici ticarət əməliyyatların əksəriyyəti əsasən dollarda aparılır, lakin bütün iqtisadi qanunauyğunluqlar onu deyir ki, güclənən dollar istənilən halda ixracatçılar üçün zərbədir.

İkincisi, güclü dollar ABŞ-ın həm xarici, həm daxili borcunun nisbi qiymətini və onu xidmət xərclərini artırır. Bu amil həmçinin o baxımından əhəmiyyət daşıyır ki, hazırda ABŞ-ın təkcə dövlət borcu 20 trln. dollara yaxındır. Buraya ölkə şirkətlərin borclarını, o cümlədən xarici cəlbetmələrini əlavə etsək, vəziyyət daha da ağır görünür. Beləliklə, güclü dollar ABŞ-a sərf etmir. Bu fikri bütün iqtisadçılar vurğulayır. Analitiklərin fikrincə, ABŞ rəhbərliyi ənənəvi olaraq, dolların müəyyən dərəcədə zəif olduğunun tərəfdarı olub. Maraqlıdır ki, hazırkı rəhbərliyin mövqeyi bütün sahələrdə demokratların mövqeyindən kəskin fərqlənsə də, bu məsələdə həm respublikaçılar, həm demokratlar eyni düşünür. Bu amil onu deməyə əsas verir ki, Ceyms Bullardın bəyanatını hələlik yalnız bəyanat kimi qiymətləndirməliyik, hələlik əminlik yoxdur ki, müvafiq qərar qəbul ediləcək.

ABŞ prezidenti Donald Tramp da bəyan edib ki, hazırda dollar həddən artıq güclənir və FES faiz dərəcələrini aşağı səviyyədə saxlamalıdır. Prezident bununla FES-ə belə bir mesaj göndərib ki, daha faizlər qaldırılmasın. Əlbəttə ki, prezident FES-ə göstəriş verə bilmir, amma onun mövqeyi həmişə nəzərə alınır. Məsələn, bu səbəbdən böhran zamanı və böhrandan sonrakı bərpa dövründə iqtisadiyyatın stimullaşdırılması, ucuz pullar siyasətinin sərt tərəfdarı olan Barak Obamanın dövründə FES faiz dərəcələrini tarixi minimum səviyyəsində saxlayırdı. Fərqli mövqeyə malik olan Tramp hakimiyyətə gələndən sonra FES artıq iki dəfə faizlərin qaldırıb. Lakin indi dollar, hətta Trampın fikrincə də, həddən artıq güclənib. Tramp daha bir mesaj da göndərib. O bəyan edib ki, Canet Yelleni FES-in rəhbəri vəzifəsinə yenidən seçilməsinin tərəfdarıdır. Bəyanatın siyasi çalarları var, Tramp FES-in öz siyasətini proezidentin fikirlərin uyğunlaşdırmaq müqabilində müəyyən “mükafat” söz vermişo lur. Qeyd edək ki, FES-in rəhbərinin səlahiyyətləri gələn il fevralın 3-də bitir və Tramp artıq Yellenin yenidən seçilməsinə tərəfdar olduğunu bəyan edib. Əmin olmaq olar ki, fevrala qədər belə mesajlar hələ çox səsləndiriləcək. Prosedura görə, prezident yeddi icraçı direktor arasından birinin namizədliyin FES rəhbəri postuna irəli sürür, bu qərar Senat tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Yellenlə Tramp dil tapa bilsə, əmin olmaq olar ki, prezident həm onu təyin edəcək, həm də namizədliyinin respublikaçılar tərəfindən dəstəklənməsinə yardımçı olacaq.

Burada əsas məsələ ondan ibarətdir ki, FES və Canet Yellen “maliyyə köpüklərin” yaranması təhlükəsini və risklərini necə qiymətləndirir? Əgər ehtimal yüksək kimi qiymətləndirilirsə, FES Trampın vədlərinə baxmayaraq pul-kredit siyasətinin sərtləşdirilməsini davam etdirəcək. Əgər təhlil göstərsə ki, risk elə də güclü deyil, proses hələlik dayandırılacaq. Bu isə dolların məzənnəsinə təsir edəcək. Yəni, dollar avro, ien, İsveçrə frankı və digər sərbəst dönərli valyutalara qarşı nisbətən ucuzlaşacaq və tədricən məzənnə sabitləşəcək. Yaxın gələcək hər şeyi müəyyən edəcək. Mayın 2-3-də FES-in növbəti iclası keçiriləcək və əgər orada faizlərin qaldırılması barədə qərar qəbul edilsə, dollar əsas valyutalara qarşı bahalaşmaqa davam edəcək. Əks təqdirdə üfüqdə dolların ucuzlaşması prosesi görünür.

Vahab Rzayev, APA Analitik Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.