“Qara bazar”da dolları kim və niyə bahalaşdırır...

28-04-2017, 11:08           
“Qara bazar”da dolları kim və niyə bahalaşdırır...
“Valyutadəyişmə məntəqələri tam gücü ilə fəaliyyət göstərməyə başlasa, qara bazar sıradan çıxacaq” - ekspert


Son 3 gündə ardıcıl olaraq “qara bazar”da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır. Aprel ayının 27-də səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib. Bu isə son 3 gündə dolların 1,7%-dək, yəni hər gün 1 qəpik bahalaşması deməkdir.
Xatırladaq ki, ötən gün “qara bazar”da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı.

Bəs bu bahalaşmanın səbəbləri nələrdir?


Dollar-manat münasibətləri ilə bağlı son durumu təhlil edən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, valyutadəyişmə məntəqələrinin bərpa olunmasının birbaşa olmasa da dolayısı ilə dolların məzənnəsinə təsiri ola bilər: “Sadəcə, valyutadəyişmə məntəqələri tam gücü ilə fəaliyyət göstərməyə başlasa, qara bazar sıradan çıxacaq. Qara bazarın fəaliyyəti üçün heç bir məntiqi əsas qalmayacaq. Ola bilər ki, qara bazar özünün şpon günlərində dövriyyəsini artırmaq və müəyyən itkilərini geri qaytarmaq üçün müəyyən addımlar atır. Ancaq bu proses banklardan kənarda ola bilməz. Mərkəzi Bankın son addımları da göstərir ki, bu qurum rəsmi məzənnənin 1.70-dən aşağı düşməsində maraqlı deyil. Son iki həftədə cüzi oynamalarla manat bahalaşsa da, məzənə demək olar ki, dəyişməyib”.


Natiq Cəfərlinin sözlərinə görə, qara bazarda dolların bahalaşmasında psixoloji basqıların da çox önəmli yeri var: “Çox ciddi bir psixoloji ortam var ki, İslam Oyunları və Formula 1-dən sonra dolların yenidən bahalaşması ehtimalı çox yüksəkdir. Azərbaycanda belə bir ehtimal var və kifayət qədər ciddi bir şəkildə səsləndirilir. Bu ehtimalların iqtisadi əsası da var. Çünki ölkənin makroiqtisadi göstəricilərində heç bir dəyişiklik olmayıb. Yəni gəlirlərin artım sürəti o qədər çox olmayıb ki, valyuta tənzimlənməsinə şərait yaransın. Əgər hökumət doğrudan da qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, getdikcə bahalaşan manat bu sahədə atılan addımların effektini azalda bilər. Bunu hökumət də, Mərkəzi Bank da anlayır. Ona görə də sanki 1.70 ətrafında psixoloji bir sərhəd çəkib ki, bu ən aşağı həddir. Bunu da öz əməlləri ilə bəyan edir. Ola bilər ki, oyunlardan sonra gözlənilən turist axını baş tutarsa, ondan sonra məzənnədə müəyyən dərəcədə dəyişikliklər olsun”.


Ekspertin sözlərinə görə, dünyada da dolların bahalaşmasına yönəlmiş müəyyən hadisələrin baş verməsi ehtimalı var: “Dünən Trampın nəhayət ki, vergi endirimləri ilə bağlı açıqlaması oldu. Bu vergi endirimləri Amerikada biznesin canlanmasına, bu ölkənin daha cəlbedici hala gəlməsinə səbəb ola bilər. Bu da dünyada dolların bahalaşması ilə nəticələnə bilər. İkinci önəmli faktor neftlə bağlıdır. Neft Azərbaycan üçün həyati əhəmiyyətli bir sahədir. Son zamanlarda neftin qiymətində ötən ayla müqayisədə ciddi enişlər müşahidə olunur. Artıq 12 faiz civarında ucuzlaşma var, artıq neftin bir bareli 51 dollara satılır. Gələcəkdə bu qiymətin daha da aşağı düşmə ehtimalı var. Çünki Amerikada həm buruqların sayı artır, həm də hasilat artır. Bütün bu daxili və xarici proseslər gələcəkdə dolların yenidən bahalaşma trendinə keçməsi ehtimalını yüksəldir. Bu həm də bir psixoloji basqı kimi bazara da təsir göstərir. Bundan başqa, Azərbaycanda hasilat da kəskin şəkildə azalır və hər il 10-12 faiz aşağı düşür. Bu proses davamlı olacaq. Nəticədə gəlirlərə mənfi təsir göstərir. Ölkəyə daxil olan hər 10 dolların 9 -u neftə görə daxil olursa, təbii ki, bu, manatın məzənnəsinə təsir göstərən əsas amilə çevrilir. Burada mövsümi amillər də var. Yay mövsümü yaxınlaşdıqca, hər zaman dollara tələbat artır. Yenə də eyni proses müşahidə olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.