MTN POLKOVNİKİNDƏN ŞOK İDDİALAR - “SEPAH generalı Cəmşidyan və Bakıya göndərilən milyonlar”

28-04-2017, 22:12           
MTN POLKOVNİKİNDƏN ŞOK İDDİALAR - “SEPAH generalı Cəmşidyan və Bakıya göndərilən milyonlar”
“Sərbəst buraxılmağım üçün məndən 300 min dollar aldılar”

MTN-768x386-300x151“MTN-də məni “Eurovision” ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər”

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib.
O bildirib ki, əvvəllər təqsirləndirilən şəxsi tanımayıb, Rusiya və İran arasında kübrə alveri ilə məşğul olanlarla işləyib. V.Əzizov 2012-ci ildə Dubaydan “Zaminbank”a pul göndərildiyini, həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandığını söyləyib: “Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Həmin vaxt onun dostundan ev almışdım. Pul ona çatdıracaqdı. Bizi orada tutub MTN-ə gətirdilər. Məni vətənə xəyanət etməkdə, İrana casusluq etməkdə suçladılar”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra həbs edilməməsi üçün razılaşıb və onlara 100 min manat vermək imkanının olduğunu deyib: “Razılaşmadılar və sərbəst buraxılmağım üçün məndən 300 min dollar aldılar”.
O, M.Əsgərov tərəfindən 100 min dollar tələb edildiyini, sonda 40 min dollar verdiyini deyib. Vidadi Əzizov onu da bildirib ki, 4 ay MTN əməkdaşları tərəfindın izlənilib: “Əvvəllər təqib olunduğumu bilirdim. Amma sonda belə biabırçılıq edəcəklərini, məni küçənin ortasında saxlayacaqlarını bilməzdim. Məni MTN-dən Mirəziz yola saldı. Torbada qalan pulumu da mənə qaytardı, amma 300 min dollarını götürmüşdülər. Pulu sürücümə verdim və bacımgilə aparmasını istədim. Özümün isə başqa işim olduğu üçün onunla getmədim”.

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş bildirib ki, kübrə alveri ilə məşğul olub. İspaniya və Argentina şirkətlərindın aldığı malı İran şirkətinə sataraq qazanc əldə edirmiş.

Sahibkar MTN-də təzyiqlərə məruz qalması haqda bunları deyib: “Bir MTN əməkdaşı mənə qarşı silahı tuşladı. Həmin vaxt mənə 1 milyon yox, 20 milyon dollar gələcəyini düşünüblər”.

Əzizov ifadəsində mülki iddiasını müdafiə etdiyini və dəymiş zərərin ödənilməsini tələb edib. Polkovnik Mirəziz Əsgərov isə zərərçəkmişin dediklərinə etiraz edib. Və bildirib ki, bu deyilənlər ona qarşı təhqirdir.

M.Əsgərov isə zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib. Bu zaman M.Əsgərov, onun vəkili və zərərçəkmiş arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Zərərçəkən V.Əzizov M.Əsgərovun İranda saxlanması və təsir altına düşməsi haqda sualına cavab verib. O, bunları təkzib edərək, belə bir halın baş vermədiyini söyləyib.
M.Əsgərov Nihad Əliyev adlı şəxsin V.Əzizova mesaj yazıb: “Mesajda qeyd edilib ki, “Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol”. O, bu mesajla sənə nə demək istəyirdi”?.

V.Əzizov isə “həmin ərəfədə Azərbaycanda ara qarışmışdı” cavabını verib: “Məni NTN-də İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, “Eurovision” ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər”.

Bu sözlərdən sonra MTN polkovniki Mirəziz Əsgərov arayış verib: “Zərərçəkmişin ifadələrində ziddiyyətlər var. Deyir ki, onun 674 min pulu olub. Guya 300 min dollarını alıb, qalan pulu özünə qaytarmışıq. Sonra iddia edir ki, ondan 40 min dollar da əlavə tələb edilib. 40 mini alacaqdımsa, onun əlimizdə olan pulunu niyə qaytarırdım? Vidadi Əzizovun ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır ki, 2001-ci ildən bizneslə məşğulam. Bu şəxsin yaşam tərzinə nəzər yetirin. Özünün heç bir mülkü olmayıb. Bacısının evində yaşayıb. Deyir ki, biznesdə 1 milyon, 10 milyon, 18 milyon dövriyyəsi olub. Bu qədər dövriyyəsi olan adamın yarım milyonluq mülkü olmalı idi. Mən bu gün Vidadi Əzizovun ifadəsi ilə həbs olunmuşam və əsassız olaraq da həbsdə saxlanılıram. Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məlumatları olub. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin ərəfədə İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu. Beynəlxalq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, “Ziraatbank” vasitəsilə Dubaydan göndərilirdi. Vidadi İranda əməkdaşlığa cəlb olunarkən çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Burada Vidadinin bir faiz qazancı olacaqdı. Bizim əməliyyatımızı Moskvada bildilər. Bundan sonra həmin pullardan imtina elədilər”.

Növbəti məhkəmə prosesi mayın 12-nə təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.