ŞƏRƏFLİ TARİXİMİZ: Rus kəşfiyyatçılarının Azərbaycanda kütləvi həbsi - tarix

1-07-2017, 10:47           
ŞƏRƏFLİ TARİXİMİZ: Rus kəşfiyyatçılarının Azərbaycanda kütləvi həbsi - tarix
Qarabağa nəzarət edib 1000 manat aylıq alan “Keyqubad ağa” kod isimli...

O vaxt Novruz bayramı ərəfəsində Gəncədəki hotellərə həmişəki kimi Rusiyadan xeyli qonaq gəlir. Belələrindən biri, Rusiyanın Penza şəhəri sakini, sarışın fotomodel Yelizaveta İvanovna Smıslovanı başqa turistlər kimi Göygöl, Nizami Gəncəvi məqbərəsi maraqlandırmırdı. Axşamlar çıxırdı öz hotelinin dəhlizinə. Dəhlizdə gəzişən Azərbaycan ordusu zabitlərini salırdı çənəsi altına. Öyrəndiyi məlumatları əvvəlcə yaddaşına həkk edirdi, sonra öz köhnə cib dəftərçəsinə. Bir ay ərzində bu cib dəftərçəsi tamam dolur.

Yelizaveta Smıslova üçün həm təzə cib dəftərçəsinə ciddi ehtiyac yaranır, həm də təzə bir eşq macərasına. Tezliklə Gəncənin xudmani “Mərkəz” hotelində bu fotomodel öz təzə dəftərçəsini açaraq ora şifrələnmiş məlumatlar qeyd etməyə başlayır. Ancaq öz yeni sevgilisinin - "N" saylı hərbi hissənin zabiti 27 yaşlı Səməd bəy Yusufovun adını o, nədənsə şifrələmir. Əksinə, ətrafına gül şəkilləri çəkib yanına bir məhəbbət şeiri əlavə edir.


***


1919-cu ilin Novruz şənliklərindən sonra 27 yaşlı yasavul Səməd bəy Yusufov öz adını bu şifrəli dəftərçədə görüb diksinir. Sevgilisi barədə axır bir acı qənaətə gəlir ki, sən demə, qadın casusdur və Azərbaycan ordusu haqda dəftərçəsinə topladığı şifrəli məlumatları vaxtaşırı rus kəşfiyyatına ötürür.


Özündə qəfil əks-kəşfiyyatçı istedadı aşkarlayan yasavul Səməd bəy elə həmin gün Azərbaycan ordusunun Baş Qərargah rəisi general-leytenant S.A. Sulkeviçə yazılı müraciət edir. Tezliklə cavab alır öz ərizəsinə: “Fotomodeli izləyin. Hər növbəti addımı barədə bizi xəbərdar edin”.


Yasavul Səməd bəy Yusufovun öz sevgilisi Smıslova ilə münasibətlərində özünü elə ilk dəqiqələrdən həqiqi, anadangəlmə kəşfiyyatçı kimi aparması, bəli, o vaxt aidiyyəti qurumları xeyli təəccübləndirir. General-leytenant Sulkeviç qərara gəlir ki, Azərbaycan ordusunda, Daxili İşlər Nazirliyində Əks-kəşfiyyat şöbəsi yaradıb rəhbərliyini tapşırmaq lazımdı yasavul Səməd bəy Yusufova. 31 mart 1919-cu ildə o, daxili işlər nazirinə bu barədə geniş məzmunlu bir məktub ünvanlayır: “General S. B. Mehmandarov məndən nə vaxtdır xahiş edir ki, öz idarəmdə Əks-kəşfiyyat şöbəsi yaradım. Bu məqsədlə mən yasavul Səməd bəy Yusufovu Bakıya ezam edirəm. 1520 saylı teleqramda göstərdiyim kimi, o, Gəncədəki rus casuslarının izinə düşüb. İpucları təkcə Gəncə ilə kifayətlənmir. Gedib çıxır Bakıdakı rəsmi dövlət qurumlarına. Qısası, əks-kəşfiyyat bölmələrini orduda, mülkü idarələrdə yaratmasaq, düşmənlərimiz tərəfindən labüd ölümə məhkumuq. Əks-kəşfiyyat işini ancaq ən seçilmiş Azərbaycan zabitlərinə həvalə etmək olar. Bu sahəni erməni, rus mütəxəssislərinə qətiyyən etibar etmək olmaz. Cümhuriyyətimizə sonsuz sədaqət...bax budu bizim ana hədəfimiz. Yasavul Yusufov artıq öz vəzifəsinə sədaqətini nümayiş etdirib. Siz gərək onun bu sahədəki fəaliyyətini Bakı Polisi ilə, şəxsən Q. B. Fətəlibəyov ilə razılaşdırasız”.

***


Yelizaveta Smıslova ağqvardiyaçı general Denikin kadrlarından olub. Bildiklərini məhz bu generalın qərargahına ötürür, oradan da lazımi göstərişlər alırdı. Azərbaycanda rus kəşfiyyatının qurduğu şəbəkəyə çoxlarını cəlb etməyi bacaran bu qadın, taleyin işinə bir bax, növbə yasavul Səməd bəy Yusufova gəlincə, möhkəm büdrəyir. Əvvəla, yasavulun yalanlarına inanır-elə bilir bəs o rus zabiti, mülkədar İvanov Georgiy Aleksandroviçdi. 28 mart tarixində Smıslova iki məktub yazıb onları poçt qutusuna atmağı yasavul Yusufovdan xahiş edir. Məktubdakı Çernışev, Zuber adlarını yaddaşında saxlayan cənab Yusufov tək bununla kifayətlənmir. Smıslovanı məcbur edir öz hədəflərini, istəklərini ayrıca kağızda aydın xətlə qələmə alsın. Smıslova isə öz növbəsində Yusufovdan xahiş edir ki, topladığı məlumatları nazik vərəq üzərinə köçürüb güllə gilizində qoruyub saxlasın. Azərbaycan ordusunun sayı, mövqeləri, qışlaları, silahları barədə məlumatlar yığsın.


Yelizaveta Smıslova Azərbaycan əks-kəşfiyyatçılarının həbs etdiyi ilk xarici casus kimi düşür tarixə. 29 mart 1919-cu ildə onu Gəncədə təkzibolunmaz sübut-dəlillər ilə birlikdə həbs edib qazamata basırlar. Dindirmə zamanı rus zabiti İvanovun saxta maskasını sifətindən çıxaran yasavul Yusufov öz sevgilisini şoka salır əvvəlcə. Öz həqiqi adını dilinə gətirir. Bu psixoloji zərbəsi ilə Smıslovanı əməlli-başlı sarsıdır.


Kənar müşahidəçilər-kiçik zabit Ağalarov, mütəxəssis İ. İ. Viktoroviç bu mənzərəyə xüsusi diqqət verirlər o vaxt. Qeyd edirlər ki, yasavul həm də yaxşı psixoloqdur. Dindirmələrdə iştirakı vacibdir. İkinci bu cür əks-kəşfiyyatçını analar hələ doğmayıblar Azərbaycanda.

Araşdırmaların bütün sənədlərini bir qalın qovluğa yığan general Mehmandarov daxili işlər nazirinə aşağıdakı teleqramını göndərir: “Könüllü Rus ordusuna, general Denikinə, habelə ermənilərə işləyən casus Yelizaveta Smıslova Gəncədə ələ keçib. Onu ilk növbədə Gəncədə inşa etdiyimiz cəbbəxana, silah-sursat anbarları barədə məxfi məlumatlar maraqlandırıb. Gəncə qarnizonunda şəbəkənin bir başqa üzvləri də aşkarlanaraq həbsə atılıb. İşlə əlaqədar Bakıda növbəti həbslərin keçirilməyi vacibdir. Siyahını şifrəli mətnlə məktubuma əlavə edirəm”.


Tezliklə Bakıda şəbəkənin bir çox halqaları nəzarətə götürülür. Əks-kəşfiyyat işində tələsik həbslər, qətllər qəti yolverilməzdir. Gərək düşməni son saniyəyə qədər nəzarətdə saxlayıb bütün əlaqələrini, ətrafını dişinə vurasan. Yasavul Yusufov-yeni Azərbaycanın ilk əks-kəşfiyyatçısı, bu sərt imtahanlardan da alnıaçıq, üzüağ çıxır tezliklə. 30 mart tarixində Smıslovanın ağzındakı paslı kilid açılır öz-özünə.

O, necə deyərlər, gözlərini yumub ağzını açır. Bildiklərini bittə-bittə yasavul Yusufova ötürür: “Bakıda şəbəkə üzvlərim aşağıdakılardı-1. Nelli Fedorovna Çernışeva. Əri, Baş Ordu Qərargahında, habelə erməni silahlı qüvvələrində xidmət edib. 2. Stanislav Rudolfoviç Zuber. Neftxuda Rılskilərin Bakı nümayəndəsi”.

Göstərilən ünvanlarda tezliklə axtarışa başlayan Azərbaycan əks-kəşfiyyatçıları ordan əliboş qayıtmırlar. Azərbaycandakı rus kəşfiyyatının tam mənzərəsini tapılmış sənədlər əsasında bərpa etməyi bacarırlar. 2 aprel 1919-cu ildə, gecə vaxtı, Çernışevlərin Bakıdakı qapısı qəfil bərk-bərk döyülür. Qapının açılmadığını görən Azərbaycan əks-kəşfiyyatçıları bircə həmlə ilə onu qırıb cəld içəri daxil olurlar. Axtarışın müsbət nəticələr vermədiyini görən yasavul Yusufov qəfil geri qanrılıb arxasında gizlənmiş 19 yaşlı A.F. Çernışevaya tərəf öldürücü nəzərlərini sancır. Qadınını dili qorxusundan başlayır topuq çalmağa. O, gözləri ilə evdəki məxfi seyfin yerini göstərib sonra sükuta qapılır. Əldə edilmiş sənədlərə baxdıqca Azərbaycan əks-kəşfiyyatçılarının gözləri çıxır hədəqədən. Denikin kəşfiyyatının bütün məxfi ünvanları, əməliyyatları, şifrələri düşür bizimkilərin ixtiyarına. Bəlli olur ki, Britaniya kəşfiyyatı da Azərbaycan ordusu barədə öz məlumatlarını bu ünvandan alırmış.
Bəlli olur ki, Bakıdakı Britaniya missiyasının Baş Qərargahında-"Metropol" hotelində ağqvardiyaçı M.P. Lazarev ilə görüşdən sonra Smıslova həm ingilislərə, həm denikinçilərə işləməyə razılıq verib. Ancaq qəti olaraq ağlına belə gətirməyib ki, bu məlumatlar həm də ermənilərə ötürülə bilər.


Əməliyyat-axtarış tədbirləri zamanı ilk Azərbaycan əks-kəşfiyyatçıları xüsusi istedadlarını dəfələrlə nümayiş etdirib düşmənlərini təəcübləndirirlər. Sənədlər ayrıca dəst-xətt ekspertiziyasından keçirilir misal üçün. Bəlli olur ki, bu sənədlər kimin, hansı gizli agentin qələmindən çıxıb. İzi götürən bizimkilər gəlib çıxırlar Dokuçayev adını daşıyan bir zabitin məxfi mənzilinə...


Əməliyyatçılar kiçik detalları belə nəzərdən qaçırmayırlar. Məhz bu xırdalıqlardan start götürərək böyük cinayətlərin arxasınca düşürlər. Şifrələri deşifrə edib gizli mətnlərin mənasını anlayırlar.

İndiki Aktau şəhəri ərazisində o vaxtlar çox güclü radioqovşağı vardı. Ağqvardiyaçılar məhz bu ünvandan Moskvadan tutmuş Tehrana qədər böyük ərazini öz nəzarətləri altında saxlayırdılar. Bölgədəki real vəziyyət barədə məlumatlar əldə edirdilər. Sonra bu məlumatları Bakıdakı Britaniya nümayəndəliyinə satırdılar. Talış-Muğan bölgəsindəki rus malakan kəndləri, habelə Gürcüstan hökuməti ilə Bakı arasındakı məxfi əlaqələr də, sən demə, rus kəşfiyyatının tam nəzarəti altındaymış. Belə məlumatların birində deyilirdi: “Azərbaycandakı rüşvətxorluq bizim baş müttəfiqimizdi. Pul əvəzində burda istənilən məxfi məlumatı satın almaq su içimi qədər asandı”.


Rus kəşfiyyatı Bakıdakı xəbərçiləri ilə 12 piləli qonorar sistemi əsasında iş görürdü. Birinci dərəcəli xəbərə 5 manat pul verilirdi. Ən vacib sənədlər ayrıca dəyərləndirilirdi. Məsələn, Müsavat nazirləri arasındakı dedi-qodulara bir dəfə 1000 manat pul verilmişdi. Nə idi bu informasiya? Allah bilir, ancaq biz bilmirik. Görünür, dedi-qodular çoxmuş o zaman, bizim milli qəhrəmanlar arasında...


***


Araşdırma zamanı bizimkilər erməni casusların izinə də düşürlər. Bəlli olur ki, Bakı polisinin siyasi şöbəsində erməni-fransız əsilli A.A. Okayev adlı bir şəxs mövcuddur. O, öz mənşəyini saxtalaşdırıb. Bizimkiləri inandırıb öz osetin mənşəyinə. Əslinə qalsa, o, erməni, rus, ingilis casusudur. Bakıdakı siyasi xadimlər, partiyalar barədə məlumatlar yığır, ordunun Qarabağdakı marşrutlarını izləyir.


Casuslara ödənilən qonorar cədvəlində ilk pillədə agent Aqoyevdi-ayda 1000 manat. Baxçiyans, Orlov, İqimnov, Salaqov, Çestnyakov kimilərin qonorarı isə 260 rubl ilə 1000 rubl arasında qalxıb enirmiş.


A.A. Okayevə şərait yaradan Bakı qubernatoru Rəşid bəy Axundovu dindirən Azərbaycan əks-kəşfiyyatçıları sonradan uzun müddət başlarını təəssüf hissi ilə sağa-sola yelləyirlər. Məlumatlarında qeyd edirlər ki, bəzi məmurların siyasi savadı, səriştəsi lazımi səviyyədə deyil.


Həbslər nəticəsində Azərbaycandakı rus casus şəbəkəsi ucdantutma həbsə məruz qalır. Məhbusların siyahısını indi sizin diqqətinizə çatdırıram: Semyon Remennikov, Yevgeniya Kalinina, Sergey Klaşevskiy, İosif Luskiy, Aleksey Kasimov, Aleksandr Okoyev, Vladimir İordanov, Aleksandr Çernışev, Vladimir Çestnakov, Nikolay Jukov, İosif Çexovskiy, Nikolay Akopyans, Anton Bulankin və s.i. və ilaxır.


Köhnə çar ordusunun Bakıdakı 102 saz avtomobili satıb pullarını cibinə qoyan şəxslər arasında polkovnik Svetkovun adı xüsusilə çox çəkilir bu sənədlərdə. Bəzi müqəssirlər ilə tanışlıq isə adamda təəssüf hissi doğurur. Şəxsən mən bu müqəssirlər arasında zabit Çestnyakovun taleyinə çox acıdım. Hiss etdim o, günahsızdı. Sadəcə, öz dövrünün zavallı qurbanıdır. İfadələrində o öz bəxtsizliyindən çox danışıb. Maaşını mənimsəyənləri dəfələrlə söyüb sürüyüb. Az sonra o yatalaq xəstəliyindən qazamatda vəfat edəcək. Yazığı kəfənsiz-filansız götürüb adsız bir ünvanda torpağa basdıracaqlar.

***


Sənədlərdən bəlli olur ki, Azərbaycan əks-kəşfiyyatının ölkə ərazisində o zaman vur-tut 7-8 agenti varmış. “Keyqubad ağa” kod isimli agent Qarabağa nəzarət edib ayda 1000 manat aylıq alırmış. Eyni məbləğ pulu Gəncədə Quliyev Əli alıb şəhərdəki vəziyyət barədə Bakıya gündəlik məlumatlar ötürürmüş. Novruzoğlu Abbasın Qazaxdakı fəaliyyəti ayda 500 manat pul müqabilindəymiş. David Kaşiyev adlı agent səyyar idi. İstənilən ünvanda tapşırıqları yerinə yetirirmiş. Sanıyev Bəxtiyar, İbrahimov Mövsüm, Şıxəli oğlu Əziz də eləcənə səyyar agentlər olublar. Ayda 250 manat maaş alıb vətəni yadelli casuslardan qoruyurmuşlar.


9 noyabr 1919-cu ildə baş verən hadisələrə general Denikinin münasibəti rəsmi sənədlə Bakıya göndərilir. Sənəddə Denikin Azərbaycandakı bütün rus zabitlərini ölkəni tərk etməyi əmr edir. Qeyd edir: “Azərbaycan hökuməti rus ordusuna qarşı açıq düşmənçilik sərgiləyir. Zabitlərimizi kütləvi şəkildə həbsə alaraq qazamatlarda çürüdür. Azərbaycan habelə xaincəsinə Ermənistan ərazisinə ordu yeridib”...

***


Azərbaycan əks-kəşfiyyatının ilk uğurlarını sərgiləyən bu cür sənədlər arxivlərdə bir deyil, iki deyil. Burda biz belə sənədlərin yalnız birini diqqətinizə çatdırdıq. İnşallah, imkan düşsə başqa sənədlər ilə də vaxtı gələndə sizləri tanış edəcəyik.
Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.