İŞİD liderini kim öldürüb: Rusiya, yoxsa İran? - “Vəhabi terrorçular mərsiyə oxuyurlar"
3-07-2017, 08:35
İŞİD lideri Əbubəkr Bağdadi öldürüldümü? Dünya dövlətləri uzun zamandan bəridir, bu sual ətrafında ciddi müzakirələr aparır.
Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi may ayında Raqqada keçirdikləri hava əməliyyatı zamanı İŞİD liderinin öldürüldüyünə dair xəbər aldıqlarını və məlumatı dəqiqləşdirməyə çalışacaqlarını irəli sürmüşdü. Rusiyanın bu iddiasına ABŞ-ın cavabı özünü çox gözlətməmiş, Pentaqon elə həmin gün bir açıqlama verərək, Bağdadinin öldürülməsinə dair əllərində hər hansı məlumat olmadığını bildirmişdi.
Maraqlıdır ki, Bağdadinin kim tərəfindən öldürüldüyü də (əgər öldürülübsə) dəqiq deyil. Rusiyanın açıqlamasından belə məlum olur ki, İŞİD “xəlifəsi” rus təyyarələri tərəfindən bombalanaraq, o dünyaya yola salınıb. İran isə bu barədə bir qədər fərqli düşünür. Tehrandan gələn xəbərlərə görə, Bağdadi İranın raket zərbələri nəticəsində zərərsizləşdirilib. Hər halda İran İslam İnqilabı Keşikçiləri korpusunun Ümumi əməliyyatlar üzrə komandir müavini general Məhəmməd Rza Zahidinin məntiqindən belə çıxır.
Ovqat.com xəbər verir ki, general bir sıra media orqanlarının İranın Suriyadakı İŞİD mövqelərini hədəfə alan raket zərbələri haqqında neqativ şərhlərini tənqid edərək deyib:
“Raketlərin İŞİD mövqelərinə dəymədiyini iddia edənlərə ən yaxşı cavab İran İslam Respublikasının əzəli düşməni sionist İsrailin etiraflarıdır. Tel-əviv açıq şəkildə raketlərinin dəqiq hədəfə dəydiyini, İranın uğurlu əməliyyatlar keçirdiyini qəbul edib”.
Raketlərin İŞİD mövqelərini yox etdiyinə dair İHA-lar tərəfindən çəkilmiş görüntülərin mövcudluğunu vurğulayan Rza Zahidiyə görə, terror təşkilatının özü belə, itkilərinin sayının 170 olduğunu gizlətməyib:
"Bizim əlimizdəki görüntüləri araşdıranda isə, ən azı, 100 terroristin öldürüldüyü ortaya çıxır. Ancaq bu hücumda neçə adamın öldüyü əhəmiyyətli deyil. Bizim üçün əsl hədəf orada olan İŞİD-in yüksək rütbəli idarəçilərini hədəf almaq idi ki, bunu da raket zərbələri zamanı bacardıq”.
Hücum zamanı öldürülən yüksək İŞİD idarəçilərindən birinin də təşkilatın lideri Əbubəkr əl Bağdadinin ola biləcəyinə eyham vuran general bəzi əlamətlərin də bu ehtimalı təsdiqlədiyini deyib:
"İlk olaraq ruslar Bağdadinin öldürüldüyünü iddia etdilər. Həqiqətin tam ortaya çıxması üçün bir az daha səbr etmək lazımdır. Bununla belə, terrorçuların hal və davranışları da Bağdadinin öldürülməsi versiyasını təsdiqləyir. “Terrorçular Bağdadinin adını hər eşidəndə ağlamağa və mərsiyə oxumağa başlayırlar ".
Generalın bu dedikləri doğrudursa, deməli, hər məhərrəm ayını ağlamaq və mərsiyə oxumaqla keçirən İran İŞİD-i də özünə oxşatmağı bacarıb.