Bağdadinin ölümü İŞİD-i param-parça etdi - zəifləyən terror qruplaşması ətrafında son gəlişmə
3-07-2017, 09:58
İŞİD lideri Əbubəkr əl-Bağdadinin növbəti dəfə ölüm xəbəri yayılıb. İyunun 29-da İran Dövlət Radio və Televiziyasının internet saytında əl-Bağdadinin ölüsünün fotoları göstərilib. Bununla da televiziya Bağdadinin ötən ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edildiyini təsdiqləyib. Həmin gün İran dini lideri Seyid Əli Xamneyinin “Qüds” xüsusi təyinatlı briqadasındakı nümayəndəsi Əli Şirazi Bağdadinin öldürülməsi xəbərini vermişdi.
Qeyd edək ki, İŞİD liderinin “öldü” xəbəri bir neçə dəfə yayılıb. Ancaq ötən illərdə bu xəbərlər təsdiqlənməyib. İyunun ortalarında isə Rusiya Müdafiə Nazirliyi mayın 28-də Raqqada həyata keçirilən hava zərbələri zamanı Bağdadinin öldüyü xəbərini verib. Həmin vaxt Bağdadi ilə birlikdə daha 300 terrorçunun öldürüldüyü bildirilsə də, ilk vaxtlar Moskva bu məlumatı “güclü ehtimal” kimi verirdi.
Ancaq iyunun 29-da İran rəsmi şəxsləri Bağdadinin ölümünü təsdiqləyən açıqlama yaydılar. Maraqlıdır ki, Bağdadinin ölüm xəbəri məhz İŞİD “xilafət” elan etdiyi Mosul şəhərinin İraq ordusu tərəfindən geri alındığı gün yayıldı. Hələlik bu məlumatların nə qədər mötəbər olduğunu və nə qədər həqiqət olduğunu demək çətindir. Çünki qeyd etdiyimiz kimi, daha əvvəl də bir neçə də Bağdadinin ölüm xəbərləri yayılıb, ancaq bütün xəbərlər sonradan müəyyən bir müddətdən sonra təkzib olunub. Hələlik qruplaşmanın özünün təsdiq etmədiyi və ya qəti dəlillərlə sübut olmadıqca İŞİD liderinin həqiqətən öldüyü qənaətinə gəlmək çətindir.
Amma bu dəfə İŞİD liderinin öldüyünü təsdiqləyən daha bir işarə İŞİD-in özündən gəlib. İraqın yerli “Sumariya” telekanalı Telefer şəhərində İŞİD-in cümə namazına rəhbərlik edən Əbu Kuteybə adlı şəxsin namaz zamanı Bağdadinin adını çəkərkən ağladığı xəbərini verib. Telekanal yerli mənbələrə istinadən bildirir ki, Bağdadi ilə qohumluq əlaqəsi olan Kuteybə Cümə xütbəsi zamanı Bağdadinin adını çəkərkən gözləri yaşarıb və bir müddət hıçqırıb ağlayıb. Yerli mənbələr bunun Bağdadinin öldüyünü təsdiqləyən əlamət kimi qiymətləndiriblər. Qruplaşma isə hələlik Bağdadi mövzusunda susqunluğunu qoruyub saxlayır.
Bu hadisə və iyunun sonunda baş verənlər İŞİD-in taleyində ciddi hadisədir. Bağdadinin ölüm xəbəri və eyni gündə İŞİD-in “paytaxtı” Mosulun İŞİD-dən geri alınması terror şəbəkəsinin İraq macərasının sonu hesab oluna bilər. İŞİD artıq Mosul, ondan əvvəl isə əsas “qalası” hesab olunan Tikrit, Fəlluca kimi şəhərləri itirib. Hazırda müharibədən əvvəl 150 min əhalisi olan Telafer şəhəri istisna olmaqla İŞİD-in əlində böyük şəhər yoxdur. Ancaq bu heç də qruplaşmanın sonunun gəldiyi mənasını vermir, təcrübə göstərir ki, bu cür qrupların sıradan çıxması daha çox siyasi şərtlərlə əlaqəlidir...
İŞİD təkfirçi ideologiyaya sahibdir. Digər məzhəbləri, o cümlədən şiəlik, təsəvvüf cərəyanlarını kafir, qətlini vacib bilir. İraqda 2014-cü ildə ələ keçirdiyi hərbi məktəbdə 1700 kursantın qətlə yetirilməsi, yezidi kürdlərinin kütləvi şəkildə öldürülməsi, qadınlara cariyə münasibəti göstərməsi kimi hərəkətləri İŞİD-ə qarşı dünyada ciddi etiraz doğurdu.
İŞİD hələ də güclü bir qruplaşmadır. Bu gün İraq və Suriyada 80 minə yaxın silahlı üzvünün olduğu ehtimal edilən qruplaşma dünyada ən böyük terror təşkilatı hesab olunur. İraq və Suriyadan başqa Nigeriyada (Boko Haram), Liviyada, Misirdə (Sina yarımadasında Beyt əl-Makdis qruplaşması), Yəməndə, Əfqanıstanda (Hakkani qruplaşması və yerli İŞİD) və Pakistanda İŞİD-ə beyət edən və ya onun yerli “özəkləri” mövcuddur.
Hazırkı vəziyyətə baxdıqda belə düşünmək olar ki, İŞİD İraqda artıq sıradan çıxarılır. Əvvəlki kimi dəstək yoxdur, hətta ərəb ölkələri bir-birini İŞİD-ə dəstək verməkdə ittiham edir. Belə bir vəziyyətdə yəqin ki, qruplaşmaya dəstək daha da azalacaq. Ancaq bu o demək deyil ki, qruplaşma tamamilə sıradan çıxacaq. Çünki qeyd etdiyimiz kimi, hazırda planetin fərqli nöqtələrində İŞİD-in yerli “filialları” fəaliyyət göstərir. Bir sıra Yaxın Şərq mütəxəssisləri İŞİD-in hətta İraqda belə tamamilə sıradan çıxmayacağını, əl-Qaidə kimi “yer altına” çəkiləcəyini proqnozlaşdırırlar. Amma başqa versiyalar da var. Bunlardan biri də İŞİD-in yeni münaqişə bölgələrində ortaya çıxması ilə bağlıdır.
Bunlardan biri də Mərkəzi Asiya və ya Əfqanıstandır. Son bir ildə Əfqanıstanda İŞİD xeyli fəallaşıb, bir sıra əraziləri ələ kçeirib. Ötən ay isə qruplaşma Əfqanıstanın şimalında Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Derzabe rayonunu ələ keçirib. Yəni artıq qruplaşma Türkmənistan, Orta Asiya sərhədlərinə yetişib. MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov isə ötən həftə BMT-də çıxışı zamanı deyib ki, Əfqanıstan-Pakistan, Suriya və İraqdakı silahlı münaqişələrdə iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan vətəndaşları real hərbi hazırlıqdan sonra artıq MDB ərazisinə qayıtmağa başlayıblar. Rusiya rəsmisi deyib ki, terrorçular sayəsində Şimali Qafqaz, Azərbaycan və Mərkəzi Asiyadakı İŞİD hücrələri güclənib. Hazırda MDB ölkələrinin 7 min vətəndaşının terrorçu və ekstremist qruplamalara üzvlüyə görə axtarışda olduğunu, onlardan 2 min nəfərinin aktiv döyüş bölgələrində iştirak etdiyini qeyd edib.
Bundan başqa ötən ay Filippində qəfil fəallaşan İŞİD silahlıları Maravi şəhərini ələ keçirdilər. Liviyada isə İŞİD artıq iki ildir şərq sahillərində Sirtə, Dərna, Harva kimi şəhərlərini ələ keçirib. Ələ keçirdiyi bölgələrin bir qismini itirsə də, qruplaşma hələ çox güclüdür. Bundan başqa Afrikada Nigeriyada və Misirdə, eləcə də Yəməndə İŞİD hələ də böyük ərazilərə nəzarət edir. Bu mənada İŞİD-in İraqda məhv edilməsi onun tamamilə sıradan çıxması ilə nəticələnə bilməz. Ehtimal ki, qruplaşma varlığını yeni bölgələrdə davam etdirməyə çalışacaq. Bunun nümunəsi Bin Ladenin həyatında özünü göstərib. 1980-ci illərində sonunda Əfqanıstanı tərk edən Bin Laden Səudiyyə Ərəbistanın, oradan qovulduqdan sonra Afrikaya, daha sonra isə yenidən Əfqanıstana geri dönür.
İŞİD-in də İraqdan başqa alternativləri var. Yəqin ki, bundan istifadə edəcək. Eyni zamanda İraqda qruplaşmanın izlərini silmək uzun zaman alacaq. Çünki İŞİD həm də Səddam Hüseyn ordusunun qalıqları, diktarorun tərəfdarlarından formalaşmışdı. Bu baxımdan işğaldan sonra 10 il gizlənən səddamçıların indi də daha uzun bir müddətə gizlənməsi, “yer altına çəkilməsi” mümkündür.
Ehtimal olunur ki, İŞİD-in ilk vaxtlarda İraqda uğur qazanması, ölkədəki siyasi istiqrarsızlıq, Maliki hökumətindən narazılıq, sosial, iqtisadi problemlər, güclü müxalif fikrin olması, həmçinin qonşu Suriyada başlayan müharibənin məzhəbi rəng alması idi. Bunun nəticəsində İraqda tezliklə bütün narazı qruplar silahlı güc olan İŞİD-in ətrafında toplandı. Eyni zamanda İraqdakı İrana yaxın şiə hökumətinin devrilməsinə maraqlı olan körfəz ölkələri, eləcədə Qərb ilk vaxtlarda baş verənlərə ən yaxşı halda seyirçi qalmağa üstünlük verdilər.
Ancaq tezliklə baş verənlər, Mosulun və ətraf bölgələrin işğal edilməsi, zorakılıq, kütləvi qətliamlar, edamlar, qadınların satılması kimi hallar dünyada İŞİD-ə qarşı nifrəti artırdı. Hətta ilk vaxtlarda qruplaşamaya loyallıq göstərən dövlətlər də mövqelərini məcburən də olsa dəyişdilər. Eyni zamanda İraqda Ayətullah Sistaninin fətvası ilə milli səfərbərlik elan olundu, daha sonra Maliki istefaya göndərildi və yeni baş nazir Heydər Abadinin rəhbərlik etdiyi hökumət orduda və hökumətdə ciddi kadr islahatları həyata keçirdi, silahlı qüvvələrin bütün rəhbərliyi demək olar ki, dəyişdirildi. Yəni İraqda İŞİD-ə dəstəyə səbəb olan amillərin bir çoxu tezliklə aradan qaldırıldı və üstəlik qruplaşmanın radikal, terrorçu mahiyyəti ona qarşı münasibəti dəyişdi. Bununla da daha əvvəl cəlb edə bildiyi dəstəyi böyük ölçüdə itirmiş oldu.
musavat.com