Rusiyada həbs edilən ölüm dəstəsinin qorxunc hekayəsi - FOTOLAR
5-08-2017, 10:10
Bu ölkədə yaşayan Qırğızıstan və Tacikistan vətəndaşları gündüzlər süpürgəçilik edib, gecələr qatilə çevriliblər; onlar Hizbi-Təhrir, İŞİD kimi terror təşkilatları ilə sıx əlaqədə olublar
1 avqust 2017-ci ildə Moskva Əyalət Məhkəməsi binasında baş verən atışmanı kənardan müşahidə etsən, deyərdin, bəs burda çoxseriyalı kriminal bir filmin növbəti seriyası lentə alınır. Müşahidə kameralarının bulanıq gözünə gərək burda “çox sağ ol” deyək. Gülləbaranı axıracan bitdə-bitdə qeydə alıblar. Cinayətin qısa xronikası belədir: Əli qanlı cinayətkarlar - “QTA” bandasının 5 üzvü, məhkəmə zalına gətirilərkən qəfil necə olursa, nəzarətdən yayınmağı bacarıblar. Liftdə ikən, 2 mühafizəçini tərk-silah edib, girov götürüblər, qoyun kimi qatıblar qabaqlarına.
Tapançaları öz sahiblərinə qarşı çevirməyi bacaran qatı cinayətkarlar, liftdən eşiyə çıxınca qəfil Rosqvardiya yaraqlıları ilə üzbəüz gəlirlər. Qanlı atışma zamanı 3 cinayətkar yerindəcə həlak olub, ikisi ağır yaralanıb. Mühafizəçilər, Rosqvardiya üzvləri arasında çox sayda yaralı müşahidə edilsə də, rəsmi nümayəndələr bunu hələ də təsdiqləmirlər.
Rusiya DİN-in rəsmi sözçüsü Tatyana Petrova cari hadisələrə xəsiscəsinə şərh verib: “Məhkəmə zalında müqəssirlər 9 nəfər olub. Fasilə zamanı 2 mühafizəçi, habelə 5 müqəssir liftə girib aşağı enmək istəyiblər. Cinayətkarlar qəfil lifti yararsız hala salıb mühafizəçiləri girov götürüblər. Qalxıblar üçüncü mərtəbəyə. Gözlənilmədən orda Rosqvardiya yaraqlıları ilə toqquşublar”.
***
Yəni qana susamış qatı banditləri neytrallaşdırmaq ancaq sırf təsadüf nəticəsində mümkün olub. Demə, Rosqvardiya üzvləri binadakı tam başqa bir prosesin təhlükəsizliyini təmin edirmişlər. Hay-küyə dəhlizə sıçrayıb, cinayətkarlara müqavimət göstəriblər.
Qanlı atışmada Abdumukim Mamadcanov, Mirzəmövlon Mirzoşaripov və Xolik Subxanov öldürülüb, Fazlitdin Həsənov, Zəfərcon Qulamov isə ağır yaralanıblar. Daha dörd müqəssir - Həzrəthon Dodoxonov, Ənvər Uluqmuradov, Umar Həsənov Şirozcon Kodirov bu zaman məhkəmə zalındadaymışlar.
Gülləbaran indiyədək Rusiya mətbuatının diqqət mərkəzindədir. Jurnalistlər qanlı hadisələri nöqtə-vergülünədək öyrənib ortadakı müəmmalara, ziddiyyətlərə xüsusi diqqət ayırırlar: Niyə cinayətkarların qolları arxadan deyil, qabaqdan qandallanıb? Niyə qanunazidd olaraq müqəssirlərə liftdən istifadə etməyə icazə veriblər? Niyə bu təxliyə zamanı köməkçi yan pilləkəndən istifadə edilməyib və s.
***
Cinayətkarların əksəri Qırğızıstan, Tacikistan vətəndaşlarıdır. Gündüzlər Rusiya küçələrində süpürgəçilik edib, gecələr banditə dönən bu müqəssirlərin boynunda 17 ölüm işi var. İti caynaqlarından indiyədək cəmi üçcə qurban qaçıb canını qurtara bilib. Cinayətkar dəstənin dəsti-xəttini xırdalayan dedektivlər bir gün görürlər bu qətllər nöqtə-vergülünə qədər “Grand Theft Auto” (qısaca QTA) bilgisayar oyununu təkrarlayır. Şərti ad, bir gün qalın qovluqların üzərinə həkk edilir. Başlayır tədricən həcmcə şişməyə.
Törədilmiş bütün qətllərdə məqsəd nə olub bəs? Bax, bunu müstəntiqlər, jurnalistlər anlamırlar indiyədək. Deyəsən soyğunçuluq ediblər, kiminsə cibinə giriblər, cüzdanını aparıblar, qulağından sırğasını dartıblar? Yox! Avtomobilini oğurlayıblar, bahalı paltarlarına göz dikiblər? Yenə də yox!
Dəstə üzvləri - zibilçilər öz qurbanlarına da zibil kimi baxırdılar. Gecənin qatı zülmət, necə deyərlər, “xain vaxtında” ümumrusiya əhəmiyyətli “M4Don” magistralına çıxıb “dəmir tikan” sipərləri atırmışlar asfalt üzərinə. Təkəri zədələnən sürücülərin pəncəsi yerə dəydimi, vəssalam. Səsboğuculu əldəqayırma tapançalar işə düşürdü əvvəlcə. Ay nurunda baltaların, bıçaqların tiyəsi parıldayırdı.
Cinayətkarlar sanki hardasa müvafiq hazırlıq təhsili keçmişdilər. Sərrast atəş açır, əməliyyata əl telefonlarını, digər rabitə qurğularını götürmürdülər. Qoyurdular qalsın evdə.
Qətllərin məqsədi, hədəfi bilinmir indiyədək. Bilinmir niyə bu alçaqlar öz qurbanlarının pul cüzdanına əsla toxummayıb, niyə bu yazığın tutaq ki, cib darağını mənimsəyiblər? Niyə bir qadının sürücülük vəsiqəsini götürüb qır-qızılına dəyməyiblər? Qulağındakı bahalı sırğasını dartıb çıxarmayıblar?
Doqquz ay davam edən məhkəmə iclasları zamanı əsl həqiqət hələ də üzə çıxmayıb. Canilərdən biri - Bəxtiyar Yusupov hələ də axtarışdadır. “Xüsusi təyinatlılara məxsus soyuqqanlılıq, konspiroloji gedişlər, fəndlər bu süpürgəçilərə hardan məlum olub?” - sualı, hələ də havadadır.
***
Özlərini “camaat” adlandıran bu qatı cinayətkarların izinə Rusiya hüquq-mühafizə əməkdaşları hələ 2014-cü ildə düşürlər. Dəstənin ilk rəhbəri - İbaydulla Sübhanov çox təhlükəli adammış. Saxlanma zamanı yanğın törədib anbardakı 60-a yaxın silahı yox etmək istəyirmiş. Əməliyyat zamanı 10-a yaxın təqsirkar həbsə alınır. Bəlli olur ki, dəstənin başçısı Rüstəm Rəhimov (sənədlərdə Ubaydulla Sübhanov), aşırı dinçilərlə Qırğızıstanda əlaqəyə girib. Suriyada xüsusi hazırlıq keçdikdən sonra Rusiya ərazisinə sızdırılıb. Hizbi-Təhrir, İŞİD kimi qanunsuz qurumlarla sıx əməkdaşlıq edib.
Hazırlıq dövrü bitib son imtahan vaxtı gələndə bu Ubaydulla Sübhanov dinc durmurmuş. Tələbələrini gecə yarısı çıxarırmış sürətli avtomobil yollarına. Pusqu qururdu orda bəxtsiz sürücülərə qarşı.
6 noyabr 2014-cü ildə həbs edilmiş bu cinayətkarlar daha nələrə qadir olduqlarını son qanlı olayla bir daha sübut etdilər.
Hələ 8 noyabr 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin daxili işlər naziri Vladimir Kolokoltsevə əməliyyatın uğurlu nəticələrinə görə təşəkkür elan edib.
13 noyabr 2014-cü ildə isə mövzu, tam yeni məna qazanır özünə. Görün bir nə bəlli olur o zaman: “Rusiya Prokurorluğunun məsul işçisi Aleksey Staroverov, həbs zamanı həlak olmuş Qırğızıstan vətəndaşı Usmanovu kirayənişin kimi öz bağında saxlayırmış. Həbsdən az öncə müqəssirin ailəsi ordan yoxa çıxıb. Fərz edilir ki...Staroverov ən varlı hüquq-mühafizə işçisi kimi tanınır Rusiyada. Adı hətta ”Forbes" jurnalındakı top-onluqlara düşür bəzən".
***
Dəstənin ideoloqları Bair Qulomov, Fərrux Əzimcanov Tacikistanda aşkarlanıb həbs ediliblər. Yaxınlarda bu şəxslər də Rusiyaya təxliyə edilib müqəssirlər kürsüsündə öz layiqli yerlərini tutacaqlar.
23 iyun 2016-cı ildə RF İstintaq Komissiyası cinayət araşdırmasını sona çatdıraraq şişman qovluqlarını məhkəməyə göndərir. İttihamlar, cinayət işində adı keçən 9 müqəssirə ünvanlanır. Ancaq məlum atışma vaxtı bu məqəssirlərin üçü öldürülür, ikisi bərk yaralanır deyə, məhkəməni təxirə salırlar.
Canilərin təlim gördüyü ünvan sözsüz Qırğızıstandakı “Manas” bazası olub.
Ruslar hələ 2010-cu ildə Dubay-Bişkek hava xəttini nəzarətə götürdüyü zaman bu qatillərin izinə düşürlər.
Rusiya ərazisindəki əksər islamçılar çoxdan izlənilib müşahidə altında saxlanılır. Ruslar izləməyi daha çox sevirlər, nəinki həbsləri.
“QTA”nın gecikmiş həbsi də məhz bununla əlaqədardır.
Həmid HERİSÇİ
Musavat.com