Bu torpaqlar İsrailə satılacaq - Gizli sövdələşmənin DETALLARI
7-08-2017, 15:21
İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib.
Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda “The New Arab” internet saytı yazıb.
Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin “Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə “The New Arab” tərəfindən dərc edilib.
“El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.
Qeyd edək ki, bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları barədə ilk analoji xəbər deyil. Bu ilin fevral ayında KİV-in yazdığına görə, Misir prezidenti Əbdülfəttah əl-Sisi İsrailə təklif edib ki, fələstinlilər Sinay yarımadasına yerləşdirilsinlər. İddia rəsmi Təl-Əviv tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən təsdiqlənib.
İsrailli general Arieh Eldad bildirib ki, Misir prezidenti Sinay yarımadasının bir hissəsində Fələstin dövlətinin qurulmasını təklif edib.
Sinay yarımadası Misir-İsrail sərhədində yerləşir. Sahəsi təxminən 60 min kvadrat kilometr olan yarımada Afrika qitəsi ilə Ərəbistan yarımadası arasındadır. General Misir prezidentinin təklifini müsbət qiymətləndirib. O, ABŞ prezidenti Donald Trampın bu təklifi dəstəkləyəcəyinə ümid etdiyini deyib.
İsrailin dövlət naziri Ayoob Kara daha əvvəl bildirib ki, baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa “iki dövlətli” həll əvəzinə fələstinlilərin Sinay yarımadasında yerləşdirilməsini nəzərdə tutan qaralama mətni təqdim etmək istəyir.
Fələstin dövlət başçısı Mahmud Abbasın strateji məsələlər üzrə məsləhətçisi Hüsam Zumlut “Sinay planı”na sərt reaksiya verdi.
“Fələstinlilərin vətənlərinin sərhədləri məlumdur. Fələstinlilərin Sinay yarımadasında yerləşdirilməsi fikri İsrailin yeni siyasətidir. Bu, heç bir halda qəbul edilə bilməz”, - o deyib.