Zizaqları ilə diqqət çəkən Rza Zərrab işi
29-11-2017, 10:59
Amerika azərbaycanlı iş adamının əli ilə Türkiyəni “vura” bilərmi?
ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı proseslər sürətlə davam edir. Bu günlərdə onun taleyi və bu işdə Türkiyənin düşəcəyi durum öz həllini tapacaq. İlkin mərhələdə R.Zərrabın məhkəməsində andlıların seçilməsi və onların iştirakı ilə ilk məhkəmə prosesi təyin edilib.
Rza Zərrab andlıların seçildiyi məhkəmə prosesində iştirak etməyib. Məhkəməyə yalnız “Xalq Bank”ın baş direktorunun müavini Hakan Atilla və vəkilləri qatılıb.
Rza Zərrab hamını çaşdırdı
Məhkəmə sədri yeni seçilmiş andlılara prosesdə müttəhim qismində yalnız Hakan Atillanın iştirak etdiyini bildirib. Hakimin bu çıxışı Rza Zərrabın artıq məhkəmədə şahid kimi iştirak edəcəyi və məhkəmə ilə əməkdaşlıq etdiyi iddialarının ortaya çıxmasına səbəb olub. Bu fakt isə özlüyündə onun Türkiyə əleyhinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və prokurorları ilə gizli anlaşmaya getməsi haqda aylardır davam edən ehtimalları gücləndirib. Çünki daha öncə də Türkiyənin müxalifyönlü mətbuatında Zərrabın ABŞ-ın kəşfiyyat və istintaq orqanları ilə əməkdaşlığa getməklə, Türkiyəyə qarşı təhlükə yaradan ifadələr verəcəyi ehtimalları səslənirdi. İndiki halda isə qeyd olunur ki, bu anlaşmanın nəticəsi olaraq Hakan Atilla məhkəməyə tək çıxarılır. Növbəti həftələrdə isə R.Zərrabı şahid kimi dindirərək, Türkiyəyə qarşı ifadə verdirəcək və bu yolla Türkiyənin nüfuzuna zərbə vurmağa çalışacaqlar. Ehtimallara görə, R.Zərrab məhkəmədə ölkənin nüfuzlu dövlət adamlarının adını çəkərək, onların qanunsuz əməliyyatlarda iştirakını ifşa edəcək.
Prosesdə iştirak edəcək jüri üzvlərinin seçimi üçün keçirilən prosesə H.Atilla məhkum uniforması əvəzinə kostyum-şalvarda qatılıb. Daha öncə “ABŞ Zərraba qarşı” olan məhkəmə işi də “ABŞ Atillaya qarşı” olaraq dəyişdirilib. Hakim Riçard Berman jüri seçimi zamanı namizədlərə məlumat verərkən yeganə müttəhimin H.Atilla olduğunu deyib. Daha sonra hakim Richard Berman Atillanın ABŞ-ın İrana tətbiq etdiyi investisiyaları qeyri-qanuni yollarla "dəlmək", ABŞ qurumlarını aldatmaq və qara pul təmizləmə ilə bağlı cinayətləri 6 maddə formasında oxuyub. Jüri namizədlərinə yönəlik danışan Berman namizədləri ABŞ ittiham sisteminin ən önəmli ünsürlərindən biri olaraq təqdim edərək, onlara təşəkkür edib.
Bunun ardınca isə namizədlərə prokurorlar və ya müdafiə vəkilləri ilə daha öncə şəxsi və ya iş münasibətləri olub-olmadığı soruşulub. Bermanın namizəd jürilərini bir-bir ayağa qaldıraraq, Mehmet Hakan Atilla, onun vəkili və ya məhkəmə heyətindən hər hansı birini tanıyıb-tanımadıqları soruşulub. Məhkəmə proseslərinin 2, 3 və ya 4 həftə silsilə olaraq davam edəcəyini söyləyən Berman iclasların həftə içi hər gün səhər saat 09.15-də başlanacağını da elan edib. Məhkəməyə seçiləcək jüri üzvlərinin ad və soyadları gizli tutulub, onlar nömrələrlə təqdim edilib. Jüri üzvlərinin sayının çox olmasına görə qəzetçilər və digər izləyicilər də prosesi başqa bir salonda, videokonfrans yolu ilə izləyib.
Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab ötən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaları pozmaq ittihamı ilə həbs olunub. Prokuror onun 75 il müddətinə həbs edilməsini istəmişdi.
Zərrab Türkiyənin “Xalq Bank”ı (“Halkbank”) vasitəsilə ABŞ-ın İrana qarşı 2010-2015-ci illərdə tətbiq etdiyi sanksiyanı “dəlmək”də ittiham edərək, həbs edilib. Onun həbsi zamanı Türkiyənin bəzi dövlət rəsmilərinin və türk bankının adının hallanmasından sonra isə adıçəkilən bank rəhbərliyi Mehmet Hakan Atillanı ABŞ-a göndərib. Lakin Hakan Atilla orada dərhal həbs edilib, istintaqa cəlb olunub. İndi isə Zərrabsız, yəni tək mühakimə olunacaq.
Onu da xatırladaq ki, Zərrab davası Ərdoğan səviyyəsində Türkiyənin əsas gündəmlərindən biridir. Ərdoğan dəfələrlə Zərrab və bankirin həbsinə görə ABŞ-a sərt mesajlar verib və onların dərhal azad olunmasına çağırış edib. Prezident açıq bəyan edib ki, Zərrab davası ABŞ-a boyun əyməyən Türkiyəni cəzalandırmaq üçün qurulmuş bir tələdir: “Biz çox yaxşı bilirik ki, bu dava hüquqi deyil, siyası davadır, ancaq biz bu oyunu da pozacağıq. Qoy hələ məhkəmə başlasın, dünyanı onlara dar edəcəyik, nə varsa, hər şeyi açıq şəkildə danışacağıq...”.
Yeri gəlmişkən, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi 3 gün əvvəl Zərrabın Türkiyəyə qarşı ifadə verəcəyi haqda gəzən söhbətlərə çox sərt cavab verib. O, “Milliyet”ə verdiyi açıqlamada “Rza Zərrabın canı cəhənnəmə olsun” deyib: “”Nə olursa-olsun, canı cəhənnəmə. Bunun Türkiyəyə nə zərəri var, anlamıram. Türkiyəyə nə zərəri olur, nə edər. Etiraf etsə, nə deyəcək ki? Nəyi etiraf edəcək?
Sonunda vasitəçilik eləmiş “Xalq Bank”ımız var. “Xalq Bank”ın əməliyyatındakı nə almışıqsa, qarşılığında pul vermişik. İran da bu pulu embarqo xaricində aldığı məhsulların xərcinə sərf edib. “Xalq Bank” bu pulları onlara ödəyib. Heç bir şeyi saxlamayıb, gizli etməyib və son dərəcə də şəffaf əməliyyat aparılıb".
Amma məhkəmənin başlanmasına iki ay qalmış Zərrabın gözlərdən itməsi, prokurorluqla anlaşmaya gedərək, daha aşağı bir cəza ilə cinayətini qəbul etmə və Türkiyə ilə ABŞ arasında baş tutan bir anlaşmayla geri qaytarılması kimi ehtimalları gündəmə gətirmişdi.
12 nəfər jüri üzvünə nə tapşırılıb?
Hakim Riçard Berman bazar ertəsi günü müdhiş bir sürətlə 12 nəfərlik jüri üzvü seçib və məhkəmənin çərşənbə axşamı başlamasına qərar verib. Bundan dərhal sonra Atillanın vəkillərindən gözlənilməz bir tələb gəlib: Prokurorluğun yeni bir şahiddən aldığı yeni dəlilləri (bu şahidin adı açıqlanmır, amma Zərrab olması ehtimal edilir) onlara çatdırdığını deyərək aşağıdakı tələbi səsləndiriblər: “Dəlil yığını altında basdırıldığımız üçün onları lazımi qədər təhlil edə bilməmişik. Ona görə də prosesin iki həftə təxirə salınmasını tələb edirik”. Amma prokurorluq instansiyası jüri seçimini belə etdikləri üçün belə bir təxirə salmanın onlar üçün “şokedici” olduğunu vurğulayıb.
Hakim Riçard Berman da bu tələbi prosesin başlanmasından dərhal əvvəl vəkillər və prokurorlarla keçirəcəyi qapalı toplantıda qərara bağlayacağını bildirib. Hakim yeni seçilmiş jüriyə də məhkəmənin 3-4 həftə davam edəcəyini deyərək, bu müddət ərzində “nəyi etməməlidilər” üzrə təlimatlar verib.
Təlimatlar aşağıdakı kimidir:
- Məhkəmə barədə ən son qərar mərhələsi üçün bir otağa girəcəyiniz zamana qədər bir-birinizlə müzakirə etməyin.
- Proses haqqında ailəniz və ya yaxın dostlarınız daxil olmaqla heç kimə heç nə deməyin. Çox lazımdırsa, bir məhkəmə prosesində jüri olduğunuzu deyin, amma hansı məhkəmə prosesi olmasından bəhs etməyin.
- Sizinlə məhkəmə barədə danışmaq istəyən kimsə olsa, əsla onlarla danışmayın və bu insanlar barədə dərhal mənə məlumat verin.
- Məhkəmə haqqındakı heç bir xəbəri, sosial media paylaşımını, bloqu oxumayın. Televiziya şərhlərini də dinləməyin.
- Məhkəmə və ya məhkəmədə adı keçənlər haqqında internetdə özünüz üçün araşdırma aparmayın.
Rza Zərrab “gizli şahiddirsə”...
“Yeni Müsavat” bu mərhələdə R.Zərrabın “gizli şahid” olma ehtimalları barədə dosye hazırlayıb. Ümumiyyətlə, gizli şahidlik nədir? Hüquq ədəbiyyatlarına görə, etdiyi şahidliyə görə təhdid altında qalan insanlara “gizli şahid” olma haqqı tanınır. Bir məhkəmə işində gizli şahidlik edənlər, cinayət qurbanları, cinayətlərə ortaqlıq edənlər, gizli araşdırmaçı və casuslar sözügedən statusda olurlar.
Bir nəfərin gizli şahid olmasına prokurorluq və ya məhkəmə tərəfi qərar verə bilir.
Gizli şahidlərlə etirafçılar arasında böyük fərq var. Belə ki, gizli şahidin kimliyi açıqlanmır, etirafçının isə kimliyi açıqlanır. Gizli şahid hadisənin içində deyil, etirafçı isə birbaşa hadisənin işindədir. Etirafçılıq insanın ifadə verməsinin qarşılığında işlədiyi cinayətlərdən alacağı cəzanın azaldılması sisteminin üzərinə qurulub. Gizli şahidlikdə isə belə bir sistem yoxdur. Bir çox hallarda gizli şahidin təhlükəsizliyi üçün onun şəxsiyyətinin gizlədilməsi əməliyyatı keçirilir. Sənədlərinin dəyişdirilməsi, özünün plastik əməliyyatla kamuflyaj edilməsi də buna daxildir.
Məhkəmədəki andlılar
Keçək andlılar məhkəməsinə. Hakimlərin fikirləri, düşüncələri adi adamlarınkından fərqli ola bilər. Hakim tək adamdır. Onun simpatiyası, hansısa təsirə məruz qalması daha böyük ehtimaldır. Andlılar isə adi insanlardır. Onlar təsadüfən seçilir. Sonra onlar məhkəməyə çağırılır. Seçilmiş vətəndaşa bildirilir ki, siz andlı seçilmisiz. Filan tarixdə belə bir məhkəmə işi var, orda iştirak edəcəksiz. Ona görə də andlıların fikirləri cəmiyyətin fikirlərini təmsil edir.
Amerikada əgər məhkəmə hansısa bir rayonda keçirilirsə, andlılar həmin rayonun əhalisi arasından seçilir. Ştatdan ştata fərq var. Kriminal məhkəmələrdə 12 nəfər olur. Andlılar yalnız faktları həll edirlər. Məhkəmənin böyük hissəsi məhkəmə prosesindəki faktları müəyyən etməkdən ibarətdir.
Andlıların statusu şahiddən xeyli fərqlənir. Onlar hakim funksiyasını daşıyırlar. Prosesdə andlıların iştirakı həm hüquqi, həm mənəvi cəhətdən önəmlidir. Bu halda proses daha da insanlaşmış olur. Bunu hansısa hökumət işçisi, hakim həll eləmir. Amma hakim nəzarət edir ki, andlılara yanlış informasiya verilməsin. Qəbul olunmayan ifadələr verilməsin. Sonunda işi həll edən andlılardır, onlar səsvermə yolu ilə qərar verirlər. Əgər kriminal işdirsə, andlıların hamısı, yüz faiz razılaşıb səs verməlidir ki, təqsirləndirilən şəxs suçludur, yəni kriminal işdə standartın faizi 100 faizdir. Qeyri-kriminal işlərdə isə bu faiz 51-dir. Yenə də andlılar razılaşmalıdılar.
Andlılar məhkəməsi hüquqdur, məcburiyyət deyil. Hər məhkəmə işi açılanda o rayonun təsadüfən seçilən adamlarına poçt göndərilir ki, siz andlı seçilmisiz. Tutaq ki, 50 nəfər gəlir, 6-6 seçilir. Onlar sorğu-suala tutulur. Əsas tələb odur ki, kiminsə bir tərəfə qarşı simpatiyası olmasın. Neytral andlılar seçilməlidir. Suallar verilir ki, bu işlə məşğul olan qohumlarınız varmı, özünüz kriminal məhkəmədə iştirak etmisizmi? Məsələn, körpə uşağı olan anaya andlı olmaması üçün güzəşt olunur. Qarşı tərəfə icazə verilir ki, 3-5 andlını heç bir izah vermədən ləğv etsin. Hər andlı bir iş üçün seçilir. Daimi deyillər. Andlı əhalinin üzvüdür - sıradan insanlardır. Andlı seçilən adam məhkəməyə gəlməyə məcburdur. Gəlməsə məhkəmə həbs verə bilər.