“İdmançı adamam, niyə əsa ilə gəzim” – Əhəd Abıyev
29-11-2017, 17:03
Jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunduğunu iddia edib. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib: “Mütəmadi olaraq, müqavilə əsasında çalışdığım yeganə yer “Qafqazinfo” saytıdır. Noyabrın 26-da “Əsa ilə gəzən icra başcısı, işsiz gənclər”adlı yazı yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.
Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev musavat.com-a deyib ki, Seymur Verdizadə ilə danışmayıb, onu təhqir etməyib: “Mən o jurnalistlə danışmamışam, onu tanımıram, telefon nömrəsini də bilmirəm”.
Ə.Abıyevin sözlərinə görə, jurnalist onun müavini ilə danışıb: “Müavinə zəng edib deyib ki, əlində əsa gəzir. O da cavab verib ki, belə şey yoxdur”.
İcra başçısı musavat.com-a daha sonra bunları deyib: “Birinci, mən idmançı adamam, niyə əsa ilə gəzim. Vaxtilə boksla məşğul olmuşam. İndi də ara-sıra rinqə çıxıram, telekanallarda mənim boksçularla qarşılaşmalarıma xalq dəfələrlə baxıb. İnternetdə bu videoların baxış sayı həddən artıq çoxdur. Bu cür sağlam adamam haqda “xəstədir, əsa ilə gəzir” yazmaq, düzgün olmaz. İkincisi, hər bir insan xəstələ bilər. Xəstəlikdən, iraq olsun, hətta ölümdən kimsə sığortalanmayıb, hamının başına gələn aqibətdi. Ona görə də biz gərək kimsənin xəstəli ilə zarafat etməyək”. Ə.Abıyev “bu söz-söhbət çıxdıqdan sonra, Seymur Verdizadə ilə danışmısınızmı” sualına belə cavab verib: “Mən onunla niyə danışmalıyam ki? Onu tanımıram, tanımadığım adamla danışmağıma gərək görmürəm”.
Qeyd edək ki, jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:
“Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki, jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.