Azərbaycana qənim kəsilən erməni terror təşkilatları
30-11-2017, 10:20
Erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur. “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının əksər hissəsi indi də fəaliyyət göstərir.
Axar TV dörd erməni terror təşkilatını təqdim edir:
Armenakan
1885-ci ildə Vanda yaradılıb. Ermənilərin ilk partiyası hesab edilir. Təşkilatın əsas ideologiyası millətçilik olub. Vanda, Trabzonda, Muşda və Bitlisdə teraktlar həyata keçirib. Partiyanın əsas məqsədi “Qərbi Ermənistan” dövləti yaratmaq olub. Armenakanın Osmanlı imperiyası ilə bərabər Qafqaz, Təbriz, Salmas, ABŞ, Bolqarıstan və Misirdə nümayəndəlikləri olub.
Hnçak partiyası
1887-ci ildə İsveçrədə yaradılıb. Solyönlü partiyadır. Əsasən marksizm ideyalarının müdafiəçisi olub. Partiya həmçinin “Qərbi Ermənistan” dövlətinin yaradılmasına çalışıb. Osmanlı imperiyası və Azərbaycan ərazilərində XX əsrin əvvəlində bir sıra təxribatlar həyata keçirib. Hətta Osmanlı hökuməti provokasiyaların qarşısını almaqdan ötrü onun 20 liderini asıb. SSRİ ilə sıx bağlantısı olan Hnçak 1920-ci ildən sonra yalnız erməni diasporunun olduğu ölkələrdə fəaliyyət göstərib. Partiya 70-80-ci illərdə Livanda vətəndaş müharibəsində iştirak edib. Qarabağ müharibəsi zamanı onlar “Metsn Murad” adlı silahlı dəstə yaradıblar və bu dəstə Azərbaycan ordusuna qarşı savaşıb. Partiya indi də fəaliyyət göstərir. Onun hazırda Ermənistanda, Livanda, Suriyada, Misirdə, Küveytdə, ABŞ-da, Fransada, Kiprdə, Argentinada, Uruqvayda və İngiltərədə şöbələri var.
Daşnaksütyun
1890-cı ildə Tiflisdə yaranıb. Türkiyə və Azərbaycana qarşı ən böyük zərbələr vuran təşkilat hesab edilir. Partiyanın əsas hədəfi “Böyük Ermənistan” yaratmaq olub. Daşnaksütyun Osmanlı imperiyası dönəmində yerli hakimiyyət orqanlarına və hətta Sultan Əbdülhəmidə qarşı sui-qəsd təşkil edib. Partiya həmçinin Azərbaycan ərazisində aktiv terror fəaliyyəti ilə məşğul olub. Daşnaksütyunun təşəbbüsü ilə keçən əsrin 20-ci illərində məxfi Nemezis əməliyyatı həyata keçirilib. Nəticədə Osmanlının ən önəmli siyasi fiqurları olan Tələt paşa, Camal paşa, Səid Hilmi paşa qətlə yetirilib. Bu əməliyyatın qurbanları sırasında Azərbaycan Xalq Cümhuriyyətinin liderləri olan Fətəli xan Xoyski, Behbud xan Cavaşir və Həsən bəy Ağayev də olub. Daşnaksütyun həmçinin Türküstanda da geniş fəaliyyət göstərib və bolşeviklərlə əməkdaşlıq edib.
Partiya 70-ci illərdən Türkiyə və Azərbaycana qarşı teraktları aktivləşdirib. Onlar 1973-cü ildə Erməni Soyqırımı Ədaləti Komandosları qrupu yaradıblar.
Partiyanın nəzdində indi də məxfi terror qrupu mövcuddur. Bu terror qrupları DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlanırlar. Partiya erməni diasporunun olduğu hər yerdə xüsusi ofislərə malikdir.
ASALA
1975-ci ildə Akop Akopyan tərəfindən yaradılıb. Yaradılmasına Fələstin silahlı qrupları aktiv dəstək göstəriblər. Solyönlü təşkilat hesab olunur. Əsas dəstəkçiləri SSRİ, Suriya, İran, Yunanıstan və Fələstin olub. Terror təşkilatının Fələstinlə bərabər Suriya və Yunanıstanda da düşərgələri olub. Suriya və Yunanıstan kəşfiyyatı bu terror təşkilatının üzvlərinə əsas döyüş təlimlərini keçiriblər.
ASALA xüsusilə türk diplomatlarına qarşı həyata keçirdiyi teraktlarla məşhurdur. Terror təşkilatı 1981-ci ildə öz gücünün zirvəsinə qalxmış, sonradan onun daxilində parçalanma yaranmışdı. Türkiyə kəşfiyyatı müxtəlif dövrlərdə ASALA liderlərinin məhvi əməliyyatlarını həyata keçirib. Bu əməliyyatlardan birində ASALA lideri Akop Akopyan da məhv edilib.
Terror təşkilatı Qarabağdakı döyüşlərdə iştirak edib. Bu döyüşlərin birində ASALA lideri Monte Melkonyan məhv edilib. İddialara görə, indi də Qarabağda xüsusi düşərgələri mövcuddur.
1994-cü ildən bu yana teraktlar həyata keçirməyib. Bununla belə fəaliyyətini gizli də olsa xüsusən ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə, Fələstin və Kanadada davam etdirir.
ASALA-ya Erməni Azadlıq Hərəkatı (1991-ci ildə yaranıb), Geqaron (2001), Erməni Azadlıq Cəbhəsi (1979), Erməni Birliyi (1988), Orli qrupu (1981) kimi terror təşkilatları daxildir.