20-ci əsrin ƏN BÖYÜK İXTİRASI - Kseroks aparatı necə yarandı? - FOTOLAR
30-11-2017, 10:24
21-ci əsrdə uşaqdan böyüyə hər kəsin istifadə etdiyi, dünyanın ən böyük və uğurlu ixtiralarından biri hesab edə biləcəyimiz kseroks aparatının tarixi haqqında nə qədər məlumatlısız? Demək olar ki, texnoloji avadanlıqlar bu gün istənilən sahədə aparıcı rol oynayır. Onu isə 20-ci əsrin ən böyük ixtirası adlandırmaq olar.
Publika.az dünyanın ilk kseroqrafik təsvir aparatının yaradıcısı Çester Karlson haqqında maraqlı məlumatları təqdim edir:
1906-cı il fevralın 8-də İsveç mühacirlərindən birinin ailəsində dünyaya gələn Çester Karlson olduqca ağır həyat yolu keçib. Valideynləri ağır xəstə olan (bəzi mənbələrə görə xərçəngdən əziyyət çəkiblər) Çester 14 yaşında azad həyata atılıb. Kiçik yaşlarından işləyərək ailəsini dolandırmağa çalışan balaca Çester bütün çətinliklərə baxmayaraq, Kaliforniya ştatında yerləşən "Riverside Junior College" kollecini bitirir. Daha sonra o, Kaliforniyanın Texnoloji İnstitutunun fizika fakultəsinə daxil olur. 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülən Çester, təhsilini davam etdirmək məqsədilə 1936-cı ildə "New York Law School" adlanan hüquq müəssisəsinə sənəd verir.
"New York Law School"-da təhsil aldığı illərdə o, "Nokia" Telekommunikasiya, İnformasiya texnologiyaları mərkəzinin nəzdində fəaliyyət göstərən "Bell Telephone Laboratories" laboratoriyasında işə başlayıb. Lakin ixtisar nəticəsində Çester iş təcrübəsinin az olması səbəbindən laboratoriyadan uzaqlaşdırılır.
1939-cu ildə o, "PR Mallory Company" (indiki adı ilə Duracell) şirkətində işə götürülür. Qısa müddətdə onu layihələr üzrə patent bölməsinin rəhbəri təyin edirlər. Məhz bu dövrlərdə o, çoxsaylı sənədlərlə işləyir və onların bir çoxunun surətinin çıxarılması ona ciddi problemlər yaradır. Çester bu problemə alternativ çıxış yolları axtarmağa başlayır.
Kağıza təsvirlərin köçürülməsini daha da sürətli və rahat etməkdən ötrü Çester Nyu-York İctimai kitabxanasında mövcud olan bütün texniki ədəbiyyatları araşdırmağa başlayır.
Araşdırma zamanı onun diqqətini Macarıstandan olan bir alimin dissertasiyası çəkir. Mövzu isə işıq təsiri altında öz elektrik xüsusiyyətlərini dəyişdirən maddələr haqqında olur. Elektroqrafiya termini isə məhz belə yaranır.
Beləliklə, o, bir sıra sınaqlar, eksperimentlər keçirməyə başlayır. Çester böyük inamla çalışmaqda davam edir. Sınaqlar bitdikdən sonra Çester ilk şəxsi texnologiyasını 1938-ci ildə bitirir.
İlk kserokopiya aparatı kükürd qatı ilə örtülmüş sink plastinkalardan hazırlandı və məlumatlar statik yük və plastinkanın şüalanması vasitəsilə şüşədən əks olunaraq kükürdün qatına köçürülürdü. Çap edilən ilk mətn isə "10-22-38 ASTORIA" olub. Bu üsulun patentini Çester 1942-ci ildə ala bildi.
Çester Karlsonun ixtirası çap texnologiyasında inqilab edərək yeni dövr açdı. Lakin buna baxmayaraq, heç bir şirkət bu layihəyə maliyyə dəstəyi vermirdi. Yalnız 1944-cü ildə qeyri-kommersiya təşkilatı olan "Battelle Memorial Institute" Çesterlə razılaşma imzaladı və ona bu texnologiyanı təkmilləşdirməyə şərait yaratdı.
Müxtəlif illərdə artıq şirkətlər bu qurğu ilə maraqlanmağa başladılar. İlk surət aparatı isə nəhayət, 1949-cu ildə "Model A" adı altında satışa çıxarıldı. Müxtəlif illərdə "Xerox 914" adı altında da yeni modellər istehsal edilməyə başlandı. Brend halına gələn məhsul təxminən 60 milyon dollar gəlir qazandırdı. 1965-ci ildə məhsulun satışından əldə olunan məbləğ 500 milyon dolları keçmişdi.
Bu əsasda yaradılan surətçıxarma aparatı günümüzün ən çox istifadə edilən qurğularından biri olaraq qalır. Karlson Çester qazandığı 150 milyon dolların 100 milyonunu xeyriyyə işlərinə sərf etmişdi.
Dünyaca məşhur ixtiraçı 1968-ci il sentyabrın 19-da Nyu-Yorkda vəfat edib. Ölümü haqqında fərqli fərziyyələr irəli sürülsə də, ən çox yazılan məlumatlarda onun küçədə qəfildən ürəktutmasından öldüyü qeyd edilir.