Misir sufiləri kimdir?

1-12-2017, 10:53           
Misir sufiləri kimdir?
Misirin Sinay yarımadasında törədilmiş hücum nəticəsində 300-dən çox adamın qətlə yetirilməsi həmin hücumun hədəfi olmuş sufi müsəlmanlarına diqqəti çəkib.

İslam mistisizmi kimi çox vaxt təsvir edilən sufizm Allaha sitayişin ruhi köklərinə və tərki-dünyalığa söykənir.

Sufilər müntəzəm olaraq "Əhli-Beyt" (Məhəmməd peyğəmbərin ailəsi) və "vəlislərin" (Allah "dostları" sayılan insanlar) məbədlərinə baş çəkir, onların doğum gününü qeyd edir.

Sufilər üçün ən mühüm təcrübə "zikr" - Allahı yad etmək - sayılır. Bu zaman Allahı tərənnüm etmək məqsədi ilə ilahi adlar, Qurani Kərim ayələri və ya Peyğəmbərin kəlamları xatırlanır.

İcma məclislərində zikr tez-tez musiqi və rəqs ilə müşayiət olunur.

Sufizm İslam dünyasının müxtəlif güşələrində mövcuddur və həm sünni, həm də şiələr arasında buna rast gəlinir.

Lakin sərt xətt yürüdən bir çox sünni qruplar sufilərə qarşı çıxır.

Misirdə sufilərin sayı təxminən 15 milyona çatır, onları 77 təriqət birləşdirir.

Bu təriqətlərin ən iriləri iki milyon davamçını birləşdirən Rifaiyyə və yarım milyon davamçısı olan Əzmiyyə təriqətləridir.

Ölkədə sufilərin namaz qıldığı minlərlə məscid var, və həmin məscidlərdə namaz qılanlar yalnız sufilər deyil.

Cihadçılar və sufizm

Sələfi və cihadçı qruplar sufilərlə düşmənçilik edir.

Onlar öz davamçılarına sufizmlə əlaqəli məscidlərdə dua etməyi yasaqlayır və məscidlərdə dini nəğmələrin oxunmasını dinsiz əməl sayır.

Sinay yarımadasının şimalında yerləşən özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə əlaqəli olan bir cihadçı qrup, sufilərə qarşı bir ildir ki, kampaniya aparır.

2016-cı ilin noyabr ayında onlar görkəmli sufi xadimi, 98 yaşlı Şeyx Süleyman Əbu Hərrəzi El-Əriş şəhərindəki evindən oğurlayaraq başını kəsiblər.

Dekabr ayında İD-in ən-Nəbə qəzetində Misirdə və xüsusilə, Sinay yarımadasında yaşayan sufilərə ünvanlanan xəbərdarlıq dərc olunmuşdu.

Həmin yazıda Cəririyyə təriqəti və bu təriqət ardıcıllarının Bir əl-Əbid şəhərində toplaşdığı ər-Rövdə məscidi qeyd olunaraq, "imkan yaranan kimi" həmin təriqətin "məhv edilicəyi" barədə xəbərdarlıq edilmişdi.

Ötən həftə məscidə edilmiş hücuma görə İD məsuliyyəti üzərinə götürməyib.

Cəririyyə təriqəti təsisçisinin nəvəsi Şeyx Xalidin bildirdiyi kimi, məsciddə həlak olanların 90 faizi bu təriqətin ardıcılları olub.

O, BBC Monitoring-ə bildirib ki, bu təriqət Sinay yarımadasında 1940-cı illərdə təsis olunub və ölkədə 130 məscidi var.

Sufizm və siyasət

Sufi liderlərin Misir höküməti ilə yaxşı münasibətləri var.

1960-cı illərdə onlar prezident Camal Əbdül Nasir ilə əməkdaşlıq edib, sufilər arasında onun nüfuzunun möhkəmlənməsinə çalışıblar.

Bu əməkdaşlıq ruhu Ənvər Sadat və Hüsnü Mübarək dövründə də davam etdirilib.

2011-ci ildə Mübarək devrildikdən sonra, sufilər Misir Sufi Partiyasında birləşərək ölkənin siyasi səhnəsinə yol açıblar.

Bu partiya 2011-ci il noyabrında parlament seçkilərində anti-islamçı Misir Blokunun tərkibində iştirak edib.

Sufi liderləri 2013-cü ildə prezident Məhəmməd Morsinin hərbi yolla devrilməsini və 2014-cü ilin prezident seçkilərindən sonra hakimiyyətə keçmiş hərbi xadim Əbdül Fəttah əs-Sisinin gəlişini dəstəkləyiblər.

BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.