Heyrətamiz kəşflər etmiş yeddi dahi alim:huşsuz və əcaib şəxsiyyətlər – Araşdırma
4-12-2017, 11:50
Elmi kəşflərin müəllifləri bir şəxsiyyət kimi bir qayda olaraq, qeyri-adi və çox qəribə olurlar. Bəlkə də, insanlığa müxtəlif sahələrdə sıçrayış etmək imkanı yaradan bir çox elmi kəşflər də bunun sayədində mümkün olub.
Henniq Brand, hamburqlu kimyagər (1630-1710)
Elmi kəşflər tez-tez tamamilə qəfildən və gözlənilməz olur. Henniq Brand fosforu təsadüfən məhz bu cür kəşf edib.
Orta əsrlər dönəmində, demək olar, bütün əlkimyaçılar qızıl əldə etmək ideyasına mübtəlaydılar. Və onların “fəlsəfi daş”ı tapmaq səyləri uğurla nəticələnməsə də, onlardan biri – alman Henniq Brand hər halda yeni kimyəvi elementi kəşf edə bilib.
Brand arvadının pullarıyla laboratoriya tikib qızıl almaq üçün sidikdən istifadə etmək qərarına gəlib – axı sidik də qızılı rəngə çalır. Hərbi kazarmalardan külli miqdarda (bir neçə ton) sidik alaraq buxarlandırmağa başlayıb. Nəticədə ikiqat distillədən keçirdiyi maye alınıb və mayeni havasız şəraitdə qum və kömürlə qızardıb. Bu manipulyasiyalardan sonra qaranlıqda işıq verən ağ toz əmələ gəlib. Brand bu aralıq maddəsini fosfor (işıqsaçan) adlandırıb. Sonralar tozu qızıla çevirmək cəhdləri tamamilə uğursuz olub.
Lakin cəmiyyət işıqsaçan qəribə tozla maraqlanmağa başlayıb və zirək Brand maddənin alınma sirrini açmadan onu qızıldan baha qiymətə satmağa başlayıb. Amma sonralar texnologiyanı da … satmağı qət edib.
İshaq Nyuton, ingilis fiziki (1643-1727)
Elmi məsələlərə son dərəcə biriklənmək tez-tez ifrat dalğınlıq və adi həyatda huşsuzluqla yanaşı durur. Nyutonun cəmi 25 yaşı olanda o daha nələrlə məşğul olmurdu: fizikada mexaniki hərəkət, ümumdünya cazibəsi, optika ilə, riyaziyyatda differensial və inteqral hesablama ilə. Parlaq zəka!
Di gəl, onun huşsuzluğu haqda əfsanələr dolaşırdı. Fikrə gedərək qonaqların yanına çılpaq gələr, artıq nahar etdiyini unudaraq ikinci dəfə nahara gələrdi. Səhərlər yuxudan ayılanda çarpayıpdan qalxmadan bir nöqtəyə zillənərək uzun müddət oturardı və bəzən axşama qədər beləcə davam edirdi.
…Bir dəfə səhər yeməyinə yumurta soyutması hazırlamaq istəyərək suyu odun üzərinə qoyub, saatı hazır tutub ki, bişmə müddətini qeydə alsın. Və bir də görür ki, saat suyun içində qaynayır, yumurta isə əlində qalıb…
Andre Mari Amper, fransız fiziki (1775—1836)
Bir dəfə Amperin başına qəribə bir iş gəlib: səhər evdən uzun müddətə çıxmaq istərkən (birdən kimsə qəfildən qonaq gələrsə) qapıya qeyd qoymağı qərara alıb: “Cənablar! Amper evdə yoxdur, axşam gəlin”. Amma nədənsə tez qayıtmalı olub. Və qapıdakı qeydi oxuyaraq geri dönüb – hətta unudub ki, bu qeydi özü yazıb və Amer isə … özüdür!
Nə etməli, olanda olur…
Mixail Ostroqradski, rus riyaziyyatçısı və fiziki (1801-1862)
Bir dəfə birbaşa küçənin ortasında Ostroqradskinin ağlına riyaziyyata aid növbəti qeyri-adi bir ideya gəlir. Qarşısında uyğun qara lövhə görə alim hesablama və düsturları elə onun üzərində yazmağa başlayır. Və bu zaman lövhə birdən ondan aralanıb “getməyə” başlayır. Çaş-baş qalan dahi onun dalınca qaçaraq … faytonçunu haylayır: “Dur! Hara tələsirsən? Mən indicə qurtarıram!”
Uilyam Baklənd, Britaniya zooloqu (1784-1856)
Oksford məzunu Uilyam Baklənd görkəmli alim idi. Böyük aludəçilik və maraqla zoologiya ilə məşğul olub. Lakin, bəlkə də, qeyri-adiliyi və qeyri-təbii acgözlüyü ilə daha çox ad qazanmışdı. O, hesab və israr edirdi ki, ələ keçən hər şeyi yemək olar. Evində qonaqları kirpi, timsah, dəvəquşu, küçük, panter ətindən ekzotik təamlar gözləyən qəbullar təşkil edərdi. Danışırlar ki, hətta bir dəfə XIV Lüdovikin baş keşişdə saxlanan mumiyalanmış ürəyini yeyib – keşişdən icazə almadan ürəyi mücrüdən qaparaq gəvələyib və ardınca deyib ki, hələ indiyədək kral ürəyi yeməyibmiş…
Maraqlıdır ki, sonradan oğlu onun işini davam etdirib: hər şeyi yeyən adamlar cəmiyyəti təşkil edib…
Ernest Rezerford, ingilis fiziki (1871-1937)
Rezerford təkrarlamağı xoşlayardı: “O təcrübəçi yaxşıdır ki, onun nəticələri nəzəriyyəçiləri cinləndirir!”
Və özü də onları, doğrudan da, müşkül durumlara salırdı. Onun atomun nüvəsini kəşf etməyi dünyanın mənzərəsini dəyişib və atomun quruluşuna dair bütün çağdaş nəzəriyyələrin təməlində durur.
Görünüşcə alimə çox da oxşamırdı – yekəpər və yöndəmsiz adam idi, amma necə də enerjili və inadcıl idi!
Rezefordun çox gur səsi vardı – hamıdan üç dəfə bərk danışardı. Bir dəfə onun iştirakıyla radio verilişindən danşarkən kimsə zarafatından qalmayıb: “Bəs radio nəyimizə lazımdır?”
O, heç vaxt təvazökar adam olmayıb. Söhbət onun fenomenal bacarığından, elmin ön cəbhəsində olmasından düşəndə əlüstü cavab verərdi: “Niyə də yox? Axı elmi təlatümü mən törətmişəm, elə deyilmi?”
Kim etiraz edə bilərdi?..
Şagirdləri ona böyük sayğıyla yanaşardılar, amma ona ayama da tapmışdılar: “Timsah”!
Şagirdi və sonralar Nobel mükafatçısı olmuş Kapitsa bunu belə izah edib: “Bu heyvan heç vaxt geri dönmür və buna görə də Rezerfordun bəsirəti və irəli getmək səylərinin rəmzi ola bilər”.
Frits Svikki, İsveçrə astrofiziki (1898–1974)
Svikki 1920-ci ildə Kaliforniya texnologiya institutuna keçərkən ümumi rəyə zidd olaraq axına qarşı üzəndə qısa müddətdə özünə xeyli düşmən qazanıb. Və beynində doğulan görkəmli ideyalar , xüsusən də “Dunkle Materie”-yə (“qara materiya”) aid fikirlər anlaşılmayıb və ciddi qəbul edilməyib. Frits öz ideyalarında isra etsə də, elmi ictimaiyyət tam 40 il ona etinasız yanaşıb.
Və o, beləcə astronomiyada yalquzaq kimi qalıb və ətrafındakılara isə çox kobud münasibət bəsləyərək onları “yuvarlaq düdəmələr” adlandırıb. “Niyə? Çünki onlara hansı tərəfdən baxmaq önəmli deyil, yenə də düdəmədirlər. Aydındır?”
“Başıboşlar, yaltaqlar və sadəcə, qoyuna oxşamayan yalquzaqları sevə bilməyən oğrular”, “gərəksiz zibillərini qalın-qalın astronomik jurnallarda çap etdirənlər”.
Bir sözlə, həmkarları onun əlindən çox çəkiblər…
Strateq.az