SAKİT OKEAN REGİONUNDA YENİ DÖYÜŞ –“Üç nəhəng” nəyi bölə bilmir? –TƏHLİL
4-12-2017, 23:01
Auqusto Zamora
PUBLICO.ES
04 DEKABR 2017
Bu ilin noyabrında Cənub-Şərqi Asiya ölkələrinə səfər edən Çin və ABŞ prezidentləri sonra Pekində ikitərəfli sammitdə iştirak ediblər. Analitiklər bu hadisələri dünyadakı hökmranlıq uğrunda iki dövlət arasında artan rəqabət amili kimi qiymətləndirib. Mübarizə aşağıdakı bərabərlik əsasında cərəyan edir: ABŞ II Dünya Müharibəsinin yekunlarına əsasən regiondakı hökmranlığını qoruyub saxlamaq istəyir, Çin isə onun üçün həyati əhəmiyyətə malik məkandan amerikalıları sıxışdırıb çıxarmağa çalışır.
ABŞ müttəfiqlərini yenidən silahlandıraraq Çin və Rusiya qarşı ümumi cəbhə yaratmaq istəyir. Çin sərhədlərindən Amerika qoşunlarını uzaqlaşdırmağa və ətrafında neytral zona yaratmağa çalışır.
ABŞ və Çin arasında rəqabət hələlik iqtisadi və ticari sahələrdə gedir, lakin bu rəqabət hər an hərbi qarşıdurmaya çevrilə bilər. İki dövlət (Rusiyanı da hesaba almaq lazımdır) hərbi arsenalını müasirləşdirir və artırır. Ortamüddətli perspektivdə Sakit okeanda təsir sahələri barədə razılığa gəlmək mümkün olmasa, çox güman, qarşıdurma orduların da iştirak edəcəyi növbəti mərhələyə adlaya bilər.
Belə bir iddiaya spekulyasiya və ya təxribat kimi baxmaq lazım deyil. Noyabrın 3-ü ÇXR sədri və Mərkəzi Hərbi Şuranın (MHŞ) başçısı Si Tsinpin (Xi Jinping) Pekində Birləşmiş Komanda Mərkəzinin inspeksiyası zamanı əynində hərbi forma Çinin Xalq Azadlıq Ordusunu (ÇXAO) döyüş qabiliyyəti və döyüş hazırlığını artırmağa çağırıb. O, bildirib ki, “ordunun müharibələrdə iştirak etməsi və qələbə qazanması, habelə Kommunist Partiyası və Çin xalqının ona həvalə etdiyi yeni dövrün missiyaları və tapşırıqlarını öz üzərinə götürməsi üçün MHŞ silahlı qüvvələrin rəhbərliyini təmin etməlidir”.
O, qeyd edib ki, yeni dövrdə ÇXAO-nun döyüş qabiliyyəti və döyüş hazırlığının artırılması Çin xalqının böyük dirçəliş arzusunun reallaşdırılması üçün strateji təminatdır.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp (Donald Trump) Yaponiyanın Yokota bazasında hərbçilər qarşısında çıxış edərkən bəyan edib: “Biz havada, dənizdə, quruda və kosmosda hökmranlıq edirik. Ona görə yox ki, ən yaxşı avadanlığa malikik. Ona görə ki, avadanlıqdan da yaxşı şeyə – yaxşı insanlara sahibik. Sədaqətiniz və səriştəniz sizi dünya tarixinin ən qorxusuz qüvvəsi edir”. ABŞ prezidenti vurğulayıb ki, ölkə “heç vaxt diz çökməyəcək, güzəştə getməyəcək və xalqını, azadlığını müdafiə etmək üçün tərəddüd etməyəcək. Hər diktator, rejim və ya dövlət ABŞ-ın qətiyyətini lazımınca qiymətləndirməlidir”.
Putin hərbi məsələlər üzrə müşavirədə bəyan edib ki, Rusiya ordusu və donanması ən müasir, eyni zamanda gələcəyin silahlı mübarizəsinin strategiya və taktikasındakı mümkün dəyişiklikləri nəzərə alacaq silaha, hərbi və xüsusi texnikaya sahib olmalıdır. Rusiya prezidentinin fikrincə, Rusiyanın bütün iri müəssisələri hərbi məhsulların istehsal həcmini artırmağa hazır olmalıdır. Özü də bu, təkcə dövlət sektoruna deyil, eyni zamanda özəl sektora da aiddir. “Əgər biz irəlidə olmaq, qələbə qazanmaq istəyiriksə, onda ən yaxşı olmalıyıq”, – deyə RF Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib.
Rusiya Sakit okean regionunda iştirakını gücləndirmək üçün ötən il Kuril silsiləsinin mərkəzi Matua adasında hərbi dəniz bazasının inşası ilə bağlı qərar qəbul edib. Yapon hərbçilərinin fikrincə, bu baza Vladivostok və Kamçatkada yerləşən iki böyük hərbi dəniz bazası arasında əlaqələndirici həlqə olacaq.
Bazanın yaradılması ilə yanaşı hərbçilər Kuril adalarında aerodromlardan ibarət şəbəkə təşkil etməyi planlaşdırır. Beləliklə, Yaponiyadan Qütb dairəsinə qədər uzanan ticarət yolları üzərində vahid nəzarət sistemi yaradılacaq.
Rusiya, həmçinin Arktikada dominant dövlət statusunu möhkəmləndirmək üçün daimi əsasla regionda yerləşən silahlı qoşunlarını genişləndirir. Arktikanın geosiyasi əhəmiyyəti xeyli yüksəlib. Bu, əsasən, iqlim dəyişikliyi ilə əlaqədardır. Bu da öz növbəsində regionda geniş miqyaslı iqtisadi fəaliyyət üçün perspektivlər vəd edir.
Amerika prezidenti özünün Cənub-Şərq turnesi zamanı Amerika hərbi bazalarının böyük bir hissəsinin yerləşdiyi Yaponiya, Cənubi Koreya və Filippinə səfər edib. Aydındır ki, Çin və Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə, ABŞ bu müttəfiqlərindən dəstək tələb edəcək. Şimali Koreyanın nüvə proqramı və dünya dövlətlərinin qarşıdurması ABŞ-a NATO ölkələrindən sonra ən yaxın strateji tərəfdaşı Yaponiya və Cənubi Koreyanı yenidən silahlandırmağa əsas verib.
Qeyd etmək lazımdır ki, KXDR ilə uzanan böhran ballistik raketlərin hazırlanması proqramı üzərində işləri yenidən başlatmaq üçün Cənubi Koreyaya bəhanə olub. Hətta nüvə silahının yaradılması ilə bağlı şayiələr gəzir. Qərb isə bu məlumatı şərh etmir.
Şimali Koreya böhranından istifadə edən Yaponiya konstitusiya islahatı keçirmək, həmçinin Tokionun müharibədən və silahlı qüvvələrin yaradılmasından imtina etməsini təsbit edən 9-cu maddəni dəyişmək istədiyini bəyan edib.
Hələlik məsələ nəzərdən keçirilir. Bununla belə o, Cənub-Şərqi Asiya ölkələri arasında şübhə və düşmənçilik yaradır. Məsələ II Dünya Müharibəsi illərində Yaponiya işğalından ciddi ziyan görən Çin üçün xüsusilə ağrılı mövzudur. Pekin heç vaxt Asiya-Sakit okean regionunda Yaponiyanın hegemonluğuna razı olmayacaq.
Trampın regiona səfəri isə məsələni daha da qızışdırıb.
ABŞ-ın təzyiqi altında Seul və Tokio Amerika hərbi texnikası və silahlarının alınması ilə bağlı çoxmilyardlıq müqavilələr imzalayıb. Bununla da Çin və Yaponiya arasındakı qarşıdurmanın yeni mərhələyə adlamasına səbəb olub. Yaponiya-Çin hərbi qarşıdurması ilə müqayisədə Şimali Koreya böhranı uşaq oyunu kimi görünür.
Si Tsinpin və Tramp demək olar eyni vaxtda Vyetnama səfər ediblər. Çin və Vyetnam arasında Cənub Çin dənizində yerləşən adalar ətrafında münaqişə yüz ildir davam edən qarşıdurmanın növbəti partlayışı olub. Çin və ABŞ arasında rəqabət Vyetnamın geostrateji əhəmiyyətini artırır. Çünki ABŞ Vyetnamı anti-çin alyasına qoşmaq istəyir, Çin isə buna mane olmaq üçün Hanoyla dost münasibətləri qurmağa çalışır.
ÇXR sədri Si Tsinpin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nque Fu Çonqla (Nguyen Phu Trọng) ilə danışıqlar aparıb. Tərəflər dənizlə bağlı problemləri optimal şəkildə həll etmək, dəniz məsələlərində müxtəlif növ əməkdaşlığı inkişaf etdirmək, Cənubi Çin dənizində sülh və sabitliyin qorunması ilə bağlı razılığa gəlib.
Rusiya da Vyetnamla sıx əlaqələri bərpa etməyə çalışır. Hələ SSRİ dövründən Vyetnamın Kamran limanında olan hərbi dəniz bazasını açmağa ümid edir. Bu, Moskvanın regiondakı iştirakını gücləndirməyə imkan verəcək. Çin Rusiyanın təşəbbüsünü anlayışla qəbul edir. Hərçənd bu təşəbbüs ABŞ-ın planlarına ziddir.
Vyetnamın Dananq şəhərində 10-11 noyabrda Asiya – Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının sammiti keçirilib. Tədbirdə Putin, Si Tsinpin və Tramp iştirak edib. APEC 1989-cu ildə təsis edilib. Burada dünya əhalisinin təxminən 40% yaşayır və dünya ticarətinin 49%, eləcə də ÜDM-in 54%-i onların payına düşür.
Rusiya, Çin və ABŞ liderləri sammitdə iştirakları ilə nümayiş etdirmək istəyiblər ki, Asiya-Sakit okean regionu mühüm strateji əraziyə və dünya nizamının yenidənqurma prosesində əsas məkana çevrilir.
Tramp Vyetnamdan sonra Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Flippinə yollanıb. Si Tsinpin isə rəsmi səfərlə Vyetnamda qalıb, ASEAN sammitində ölkəni baş nazir Li Kesyan (Li Keqiang) təmsil edib. Onların hər biri öz problemini həll edib. Çin lideri üçün Hanoyla tarixi bağları maksimum genişləndirmək vacib idi, Tramp üçün birinci planda duran tapşırıq anti-çin cəbhəsinin formalaşdırılması idi. Si Tsinpinin Hanoya səfərinin yekunlarına əsasən milyardlıq məbləğdə onlarla müqayivə imzalanıb.
ABŞ prezidenti evə əliboş qayıdıb. Trampın səfərinin uğursuz keçəcəyi əvvəlcədən bəlli idi. Çünki prezident Trans-Sakit Okean Tərəfdaşlığı haqqında beynəlxalq ticarət sazişindən çıxmaqla bağlı qərar qəbul etmişdi. Bununla da ABŞ-ın APEC tərəfdaşları qarşısında təsirini azaltmışdı.
Amerika prezidenti hesab edir ki, çoxtərəfli ticarət sazişləri ABŞ-ı ticarətdə disbalansa sürükləyir. Tramp ticarət-iqtisadi əməkdaşlığı ikitərəfli münasibətlər əsasında inkişaf etdirməyi, azad ticarət haqqında mövcud qaydaları isə zibilliyə göndərməyi təklif edir. Si Tsinpin qloballaşma və azad ticarət prinsiplərini müdafiə edəcəyinə söz verib. Amerika özünütəcridə meyl edir. Bu zaman Çin dünya arenasında təsirini genişləndirməyə çalışır və bunun üçün iqtisadi artım yolunu seçir.
Dananqda APEC dövlətlərinin liderlərinin 25-ci görüşündə çıxış edən Si Tsinpin bildirib: “Tarixdən aldığımız dərs ondan ibarətdir ki, bağlı qapılar arxasında inkişaf heç nə verməyəcək, yeganə düzgün seçim aşkarlıqdır”. Bu prinsipi əsas tutan Çin, APEC və ASEAN ölkələri 2017-ci ildə 500 milyard dollar olan ticarət dövriyyəsini 2020-ci ilədək bir trilyon dollara kimi artırmaq barədə razılığa gəlib.
Çin və ASEAN ölkələri 2012-ci ildə Cənubi Çin dənizində beynəlxalq siyasət haqqında bəyannamə imzalayıb. Sənəddə bütün iştirakçı dövlətlərin ümumi davranış kodeksinin yaradılması nəzərdə tutulub. Manilada davranış kodeksinin mətni üzərində işlərə başlanıldığı rəsmi şəkildə elan olunub. Bu da danışıqlar vasitəsilə bütün maraqlı tərəflərlə quru və dəniz əraziləri ilə bağlı mübahisələri həll etməyə imkan verəcək.
ABŞ, Çin və Rusiya Uzaq Şərqdə öz mövqelərini gücləndirmək üçün “kozır kartları”ndan istifadə edir. Bununla da Sakit Okeanda gələcək və son döyüşün əsası qoyulur.
Bu döyüş ötən əsrdə baş verən döyüşə oxşamayacaq və rəqiblərin qüdrətindən asılı olmayacaq. İmperator Yaponiyası 378 min kvadrat kilometrlik, ABŞ isə təxminən 9 milyon kvadrat kilometrlik ərazini əhatə edirdi. ABŞ-ın nefti bol idi, Yaponiyanın isə neftə ehtiyacı var idi. ABŞ dünyanın ən böyük sənaye dövləti, Yaponiya isə orta sənaye dövləti idi. Yaponiya Avstraliyadan tutmuş Koreyaya kimi hərbi əməliyyatlar aparır, ABŞ isə bütün qüvvələrini Yaponiya ilə müharibəyə cəlb etmişdi.
Çin əhalinin sayına görə dünyanın birinci, ərazisinin böyüklüyünə görə isə üçüncü dövlətidir. Çin iqtisadiyyatı dünyanın ikinci iqtisadiyyatına çevrilib.
Çin və Rusiya yenilməz alyansdır. Qocalan və zəifləyən Avropanın fonunda Sakit okeanda yeni savaş dünyanı və dünya nizamını dəyişəcək.
strateq.az/