Cahangir Hacıyev üçün ikiqat cəza - "13-cü"Haşimoto sindromu və intihar perspektivi...

5-12-2017, 12:15           
Cahangir Hacıyev üçün ikiqat cəza - "13-cü"Haşimoto sindromu və intihar perspektivi...

Onun yerləşdirildiyi 13 saylı cəzaçəkmə müəssisəsi “cəza batalyonu” kimi tanınır

Jurnalist Məhəmmədəli Qəribli hazırda həbsdə olan, 15 il cəza almış Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin türmə həyatı ilə bağlı maraqlı məlumat açıqlayıb. O, facebook səhifəsində yazıb ki, cinayət aləmindən uzaq olan bir tanışı başına gələn təsadüfi hadisə səbəbindən həbsxanaya düşüb və bu yaxınlarda azad edilib. Sitat: “Onunla görüşüb söhbət etdik. Dedi ki, 13 saylı ”zon"dan buraxılıb. Tanınmışlardan kimin oralarda olduğunu soruşdum. Hazırda Qaradağ zonasında ən “populyar” dustağın Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev olduğunu bildirdi. Sabiq bankirin necə “srok” çəkdiyi ilə maraqlandım.
Cavab belə oldu: “Nə qədər çarpışsa da, ona imtiyazlı şərait yaradılmadı. 100 nəfərlik barakda qalır, qara paltar geyinir və hər gün mənimlə iki dəfə ”razvoda" çıxırdı, hamı ilə birlikdə tualet növbəsinə dururdu". Bəzən adama taladığı milyardlar da kömək etmir".
Hüquq müdafiəçisi Oqtay Gülalıyev də öz facebook səhifəsində paylaşdığı statusunda Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı status yazıb. Onun iddiasına görə, sabiq bankiri Beynəlxalq Bankda milyardlarla dolların yoxa çıxmasının sirrini ört-basdır etmək üçün sıradan çıxartmaq istəyirlər. O.Gülalıyev yazıb ki, bunu C.Hacıyevin səhhətində qəsdən problem yaradılır.
O.Gülalıyev sabiq bankirin son zamanlar səhhətinə uyğun olmayan həbsxana şəraitində saxlanılmasını da bu niyyətlə əlaqələndirir.
Gülalıyev iddia edir ki, C.Hacıyev Beynəlxalq Bankda yoxa çıxan pullarla bağlı hökumət üzvləri əleyhinə açıqlamalar verdiyindən onu 3 aydır ki, xarici aləmdən təcrid ediblər: “Ehtiyat edirlər ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan mənimsənilən milyardların taleyinə aydınlıq gətirə bilər...”
O yazır ki, sabiq bankir Haşimoto sindromundan və ciddi ürək çatışmazlığından əziyyət çəkir: “... Yaxın günlərin birində onun ”intihar" və ya “uzun sürən xəstəlikdən sonra vəfat etməsi” xəbərini eşitsəniz şaşırmayın"...
“Yeni Müsavat” isə xatırladır ki, 13 saylı cəzaçəkmə müəssisəsi hər zaman “cəza batalyonu” kimi yadda qalıb. 13 saylı Cəzaçəkmə Müəssisəsində daha çox siyasi məhbuslar qalıblar. İllər öncə orada seçki məhbusları - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və daha 4 siyasi dustaq cəza çəkib. Həmin vaxtlar orada 2 ədəd 300 nəfərlik "baraklar", eləcə də 10 nəfərlik ayrı otaq və müəssisənin bayır-bucağında 2-3 nəfərlik otaqlar olub. Sonuncular zəngin məhbuslar üçün nəzərdə tutulmuşdu.
Son illərdə isə orada cəza çəkənlər arasında Tofiq Yaqublu, Əli İnsanov, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov, Pərviz Həşimli olub. Bu siyahıdakıların bir neçəsi - T.Yaqublu, Anar Məmmədli və Pərviz Həşimli artıq azadlıqdadır.
T.Yaqublu məhbəs dönəmində ailəsi vasitəsilə dəfələrlə 13 saylı cəzaçəkmə müəssisəsindən narazılıq etmişdi. Qızı Nigar Yaqublu bildirmişdi ki, şaxtalı fəsillərdə 13 saylı cəzaçəkmə müəssisəsində nə işıq, nə də normal qaz var: “Adam bu soyuqda bir dəqiqə qala bilmədiyi halda, məhbuslar çöldə, soyuq otaqlarda saxlanılır. Onlar yenə xəstələnsə, cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox. Artıq məhbuslara yemək verə bilmirlər. Onsuz da keyfiyyətsiz olan yeməklərin yaxantıdan fərqi yoxdur. Məhbuslar neçə gündür acdır. Adi çay belə vermək imkanları yoxdur. Həm bu soyuq havada çöldə saxlanırlar, həm də yağsız, duzsuz yemək verirlər”.
Eyni şikayətlərlə həmin cəzaçəkmə müəssisəsində saxlanan digər məhbuslar da zaman-zaman çıxış edib. Bu isə 13 saylı türmənin gerçəkdən “cəza batalyonu” olduğunu sübut edir. Cahangir Hacıyevin də ora yerləşdirilməsi ona iqtidar düşərgəsində “xəyanətkar” kimi sərt mövqe olmasının göstəricisi olduğu iddia edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.