“Ölkədə saxta qəhrəmanlar yetişdirməklə məşğul olan saytlar var” - Hərbi ekspert

5-12-2017, 18:17           

“Bəzi saytların hərbi mövzuda və hərbi hadisələrin gedişatını bilmədən birtərəfli şəkildə eyni insanları tirajlamaları, olmayan hadisələri bir nəfərin adıyla yazıb və ondan süni qəhrəman düzəltmələri təəssüf doğurur”

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın dünyanın hərbiləşdirilmiş ölkələri sırasındakı mövqeyini, həmçinin medianın hərbi sahədə rolunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında Azərbaycan ötən illə (9-cu yer) müqayisədə 2 pillə geriləyərək reytinqdə 11-ci sırada qərarlaşıb. İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir. Qeyd edək ki, Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

Mövzu ilə bağlı və həmçinin medianın hərbi sahədə rolu barədə PİA.AZ-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
“Ölkədə saxta qəhrəmanlar yetişdirməklə məşğul olan saytlar var” - Hərbi ekspert
Ədalət Verdiyev: “Ermənistanda hərbi rəhbərlik siyasətə təsir edə bilir və bu gün Ermənistana rəhbərlik edənlərin böyük hissəsi məhz hərbi cinayət törətmiş insanlardır”.

Azərbaycanın büdcəsinin 17%-nin hərbi xərclərə ayrıldığına diqqət çəkən hərbi ekspert Ədalət Verdiyeva görə, bu, bir çox dövlətlərin hərbi sahəyə ayırdığı normal vəsaitdən daha çoxdur və ölkəmizin reytinqdə geriləməsi heç də hərbiləşmə məsələsində zəif olduğumuzu göstərmir:

“Azərbaycanın qlobal hərbiləşdirmə indeksində iki pillə geriləməsi müdafiə xərclərinin azalması demək deyil. Əslində keçən il büdcədəayrılan 2 milyard 642 milyon manat bu il 2 milyard 740 milyon manata qədər artırılıb. Bu isə ümumi Azərbaycan büdcəsinin 17%-ni təşkil edir. Ermənistan bu siyahıda müdafiə büdcəsinin 513 milyon manat xərci ilə 3-cü yerdə qərarlaşır. Lakin bu o demək deyil ki, Ermənistan bizdən daha çox vəsait xərcləyir. Büdcədən ayrılan vəsaiti müqayisə etsək, bizim hərbi büdcəmiz Ermənistanın hərbi büdcəsindən ən azı 5 dəfə çoxdur. Bu xərclər hesablanarkən əhalinin gəlirləri, əhalinin hərbiyə cəlb olunmuş kontingetinin ümumi sayı nəzərə alınır.

Bu baxımdan Ermənistanda daha çox hərbiləşdirilmiş bir rejim hökm sürür. Hamımıza bəllidir ki, Ermənistanda hərbi rəhbərlik siyasətə təsir edə bilir və bu gün Ermənistana rəhbərlik edənlərin böyük hissəsi məhz hərbi cinayət törətmiş insanlardır. Azərbaycanın ayırdığı 17%-lik büdcə xərcləri normal dövlətlərin ayırdığı vəsaitdən daha çoxdur. Sadəcə olaraq son illərdə neftin qiymətinin oynaması və Azərbaycanın iritutumlu silahlar alması bir çox yeni silahların alınması ilə bağlı müqavilələrə ehtiyac olmadığını nəzərə alsaq, heç bir mənfi təsir olacağını düşünmürəm.

Ədalət Verdiyev: “Hərbiyə aiddiyyatı olmayan bəzi adamların hərbi mövzudan yazması mediamızın zəifliyini göstərir”.

Mediamızın hərbiləşməsinə gəlincə, bir çox yerlərdə hərbi sahə ilə bağlı yazılar dərc olunur. Hərbiyə aidiyyatı olmayan bəzi adamların qeyri-peşəkar formada hərbi mövzudan yazması mediamızın zəifliyini göstərir. Buna görə də hesab edirəm ki, insanların və media işçilərinin maarriflənməsi ilə bağlı müəyyən treninqlərin keçirilməsinə ehtiyac var.

Həmçinin hərbi mövzuda yazan jurnalistlərin əvvəlcə araşdırma aparması və bilmədiklərini soruşmalarında böyük fayda var. Media həyatımızın hər bir sahəsini əhatə etməlidir. Hərbi sahə isə medianın sadəcə bir qolu ola bilər. Hərbi jurnalistikamızda bəzi narahatçılıqlar olsa və bəzən qeyri-peşəkarlıq nümayiş olunsa da, ümumi tendensiya getdikcə müsbətə doğru dəyişməkdədir. Hal-hazırda bir neçə hərbi saytlar yaradılıb. Məsələn, “ordu.az”, “armiya.az” və s. Hətta “AzVision.az” saytı kimi azərbaycan, erməni və rus dillərində fəaliyyət göstərən bir neçə saytlarımız da var. Bu saytların hərbi informasiyaların ictimaiyyətə çatdırılmasında müsbət rolu olduqca böyükdür. Bütün bunları Azərbaycanın hərbi sahədə fəaliyyət göstərən jurnalistikasının uğuru kimi dəyərləndirmək olar.

Bununla yanaşı, bir sıra saytlarda xoşagəlməz hallar da baş verir. Biz ölkədə saxta qəhrəmanlar yetişdirməklə məşğul olan bəzi saytların dövlətçiliyin qorunub, saxlamasında hansı mövqedə dayandığını bilmirik. Bu cür saytların hərbi mövzuda və hərbi hadisələrin gedişatını bilmədən birtərəfli şəkildə eyni insanları tirajlamaları, olmayan hadisələri bir nəfərin adıyla yazıb və ondan süni qəhrəman düzəltmələri təəssüf doğurur. Mediamızda hərbi istiqamətdə baş verən yanlışlıqlardan biri də məhz budur. Əslində isə indiki zaman üçün hamımızın bir olmağımıza ehtiyac var”.

Gülşən ŞƏRİF
pia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.