Əsl Qüds əzəldən əsl İsrail elindədir

11-12-2017, 01:41           

Bu günlərdə Amerika, Qüds şəhərini (Yerusəlim) – İsrailin paytaxtı kimi tanıdı. İlk baxışda burada qeyri-adi bir şey görünməsə də, sirləri bilən sufilər üçün bu həqiqətən çox gülməlidir. Təsəvvür edin, qədim yazıların əsas - batini mənasını anlamayan bir dəstə pullu adam, özünü yəhudi hesab etdiyi üçün, qədim İsrail dövlətini bərpa etmək istəyir və pulun gücünə, qədim yazıların zahiri mənasına uyğun yer tapıb, orada İsrail dövləti yaradır. Oradakı Yerusəlim adlı şəhəri də indi onun paytaxtı elan edilir. Bütün bunlar da Tövrat kitabında yazılanlara uyğun hesab olunur. Ortaya belə bir sual çıxır: Əcəba siz, yalnız samitlərlə yazılmış Tövrat kitabında yazılanların əsl mənalarını anlayırsınızmı? Təbii ki yox! Çünki bu sizin kitabınız deyil. Bu sizin kitabınız olsaydı, Avropa alimləri bir müddət əvvəl bütün dünyaya – “Əhdi-Ətiqdə yazılanlar heç vaxt olmayıb” deyə car çəkməzdilər. Bu kitab, dünyanın ən qədim və müqəddəs xalqı olan Azəri Türk bəglərinin kitabıdır və orada yazılan rəmzləri də məhz onlar dərk edə bilər.
Bəs əslində Tövrat qəhrəmanları harada yaşayıb, əsl Yerusəlim harada məvcud olub? Bu suala cavab vermək üçün, yazıların batini mənalarını araşdırmaq lazım gələcək.
Əsl Qüds əzəldən əsl İsrail elindədir
Mənbələrə görə, Tovrat (Tora/Torah) kitabı - aramey dilində, Aşuri şrifti ilə yazılıb. "Aşuri şrifti" rəmzi "Ktuv Aşuri" kimi oxunur və "Assur məktubu" kimi də tərcümə olunur. Lakin əslində, buradakı "ktuv" rəmzi "kitab", Tövrat (Türk törəsi) isə - "Azəri kitabı" mənasındadır. Aramey (aram) dili sufizmdə "irəm" rəmzi ilə eyni olub, Qurana görə göydəki "sütunlar şəhəri" mənasında, mar, amoreylərin "göyə qaldırdıqları" torpaq - cənnət deməkdir. Marlar, yəni midiyalılar isə bizə mirilər, yəni Azəri seyid-bəgləri kimi tanışdır. Başqa sözlə Tövrat - Azəri Türk seyid-bəglərinin rəmzlər dilində yazılmış Azəri kitabıdır.
Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqalədə göstərmişəm ki, mənbələrdəki İsrail/İzrail rəmzi – “Asar/Azər Eli” mənasında Azəri/Xəzər Türk bəglərinin eli deməkdir. Tövratdakı bütün rəmzlər də məhz qədim Azəri elindəki rəmzlərə, toponimlərə uyğundur.

Qüds rəmzi ən qədim mənbələrdə Kadeş kimi keçir və qədim Suriya, yəni Assuriya şəhəri kimi məlumdur. Tarixçi Turayev, Kadeş şəhərini – Aziru şahlığı adlandırır ki, bu da elə Assur ölkəsi mənasındadır. Əhdi-Ətiqdə Kadeş rəmzi, Kades-Varni adlandırılır və cənnət mənasında göstərilir. Kadeş həm də yəhudilərdə “müqəddəs” mənasını verir ki, islamda da eyni mənalı kuddus, müqəddəs rəmzi - kadeş/kadus rəmzindən yaranmışdır.
Lakin Kadeş həm də Levanta şəhəri hesab olunur və buradakı Levanta/Livan rəmzi Tövratın Lbnun rəmzidir və bu da əslində Alban ölkəsi deməkdir. Alban adının Aqvan (QVN) variantı Əhdi-Ətiqdə Qavaon (QVN) kimi keçir və xanaan şəhəri hesab olunur. Xanaan rəmzi özü qədim dilçilikdə xunn/hunn rəmzləri ilə eynidir və Albaniya, Ermənistanla və s. bağlı mətnlərdə Xunan, Xunanakert, Bit-Xunaniyə və s. şəhərindən danışılır. Zaxariya Ritorun salnaməsinə görə, məhz hunnların, yəni xanaanlıların torpağına gələn Alban yepiskopu Kardostun başçılığı ilə yeddi xristian missioneri, orada yeddi ilə hunn (xunn/xanaan) dilində müqəddəs - Əhdi-Ətiqi buraxdılar. Başqa sözlə əsl Qüds/Kadeş şəhəri məhz Albaniyada mövcud olmuşdur və müqəddəs Əhdi-Ətiq də burada yazılmışdır.
Məşhur tarixçi Moisey Xorenatsi yazır ki, Yerusəlim şəhəri tikilib qurtarandan sonra Gel adlanmağa başlandı. Deməli, Yerusəlim, yəni Qüds şəhərinin son adı Gel olmuşdur və bu şəhər də Albaniyada yerləşir. Tövrata görə, İzrail oğullarının bütün qırxillik səyahəti Sin (Sinay) və Kadis (Qüds) səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında keçmişdir. Buradakı Sin səhrası “VII əsr Ermənistan coğrafiyası”nda Süni kimi qeyd olunur və Sünik şəhərini bildirir. Sünik isə Alban Müqəddəs Atalarının “Səhra” tikdikləri yerdir və buranın digər adı da məhz Gel elidir. Mənbələrdə Kadeş (Qüds) şəhərinin digər adı Kinza (KNZ) kimi keçir ki, bu da sufizmdə və qədim dilçilikdə Sünik (SNK) rəmzi ilə eynidir. Bu isə o deməkdir ki, əsl Sinay dağı elə Albaniyanın Sünik/Sisakan dağıdır.
Sisakan (Sünik/Kinza) rəmzi Tövratda Skiniya kimi keçir və bu da Musa peyğəmbərin göydən gətirdiyi İlahi od və ondan yaratdığı Vəhy çadırını bildirir. Bu çadır isə göydə yaradılmış ruhlar dünyası – cənnət anlamındadır və Kitabi Dədə Qorqudda bu İlahi çadırdan çox danışılır. Tövrata görə, bu cadırı Musa peyğəmbər yaratmışdır. Musa rəmzi, qədim dilçilikdə Sim/Səma rəmzi ilə eynidir və yazılarda “Sim” rəmzi həm də çadıra (Sim çadırı) aid edilir. Ziqmund Freyd, “Bu insan Musadır” adlı kitabında Musa peyğəmbəri “Kadeş kahinlərinin əcdadı” hesab edir. Məhşur alim Devid Rol isə “Qenezis sivilizasii” kitabında, Musa peyğəmbərin tayfası olan madiamlıları – midiyalı adlandırır. Başqa sözlə, Tövratı yazmış Musa peyğəmbər məhz Midiyadakı Kadus, yəni Kadeş şəhərinin kahinidir. Qüds isə göylərlə və göydə yaradılmış çadırla bağlıdır.

Qədim Misir yazılarının birində qeyd olunur ki, e. ə. 1300-cü ildə, 5-ci ilin payızında II Ramses böyük ordu ilə sərhəd qapısı olan Çil qapısını keçdi. O, dənizkənarı Sidr vadisini ötüb ölkənin dərinliyindəki Kadeşin (Kadus/Qüds) cənubuna gəldi”. Burada, Kadeşin (Qüds) girişindəki “Çil qapısı”, Misir tarixinin müxtəlif dövrlərində “Şərq qapıları”, “Şimalın iki qapısı”, “Aralıq dənizinin qapıları”, “Caru qalası” və s. adlandırılır. Buradakı Çil qapısı VII əsr Ermənistan coğrafiyasında Çola kimi qeyd olunur və bu rəmz “Çoqa” kimi də yazılır ki, Alban dilində bu rəmzlər eynidir. Bu isə o deməkdir ki, qədim Kadeş/Qüds şəhəri məhz Albaniya və Midiya şəhəridir. Lakin Kadeş/Qüds rəmzi ilə eyni mənalı Qades rəmzi yunanlarda ölüm şahlığı hesab olunur. Deməli, Çil qapısı dedikdə, Qüdsdə yerləşən və iki dünyanı ayıran qapı nəzərdə tutulmalıdır.
Misirdə, Naq Hammadidə tapılmış “Həqiqətin şahidliyi” adlı mətnlərdə yazılır ki, Süleymanın tikdiyi Allah evi – Yerusəlimdir. SüleymanYerusəlimi cinlərin köməyi ilə tikmişdir. Tikib qurtarandan sonra isə cinləri orada bağlamışdır. Bu haqda Quranda da yazılır. Başqa sözlə, Qüds – iki dünyanın sərhəd qapısıdır və bu da elə Babil (Allahın qapısı) qülləsi deməkdir.
Talmud yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi evin ərazisində, yəni Moria torpağında, İbrahim peyğəmbər, İsağın qollarını bağlamış və bu yerdə Nuh gəmidən düşüb qurban kəsmişdir. Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o, məhz bu torpaqdan yaranmışdır. Buradakı Moria torpağı – marlar, amoreylər torpağı mənasında Midiya ölkəsidir ki, bu da Azərbaycanın indiki Yardımlı rayonunun ərazisində mövcud olmuşdur.
Yardımlı rəmzi qədim dilçilikdə - “Yaru çöllərindəki Adəm (Atum) Eli” mənasını verir. Lakin Adəm rəmzi ilə eyni mənalı Edem (cənnət), mənbələrdə həm də Eden (Din) kimi qeyd olunur ki, bu halda Yardım rəmzi Yardan, yəni İordana çevrilir. Albaniyanın bir adının da Ardan olması o deməkdir ki, Homerin Yardan adlandırdığı müqəddəs İordan çayı - müqəddəs kadusların (kuddus/kodeş) Midiya torpağından axır. Məhz bu çayı, yəni dirilik suyunu nəzərdə tutan qədim tarixçilər, Xəzər dənizini Okeanın – kosmosu əhatə edən göy Okeanının (ilkin sular) yanında yerləşdirirlər. Alban tarixçiləri Okean rəmzini həm də Sisakean (İssi-Okean) kimi yazırlar ki, bu da Sisakan və Skiniya mənasında, göydə yaradılmış Vəhy çadırının məhz buradakı Sünik/Gel torpağında olmasına işarədir.
Yardımlının əvvəlki adı Vərgədüz (Əvrə-Kadus) olmuşdur ki, bu rəmz Tövratda Kades-Varni kimi qeyd olunur və cənnət ərazisi hesab olunur. İbrahim peyğəmbərin şəhəri olan Ur və Xarran, burada Aur və Urağaran kimi qalmışdır. Azərbaycanın digər adı olan Arran adı, qədim dilçilikdə və sufi-batinilərdə Xarran rəmzi ilə eyni mənalıdır. Bu ərazilərdəki toponimlərdə Ğaran/Xaran/Kəran rəmzlərinin çoxluğu da qədim Azərbaycanın, yəni Arranın (Xarran) məhz bu ərazilərdə mövcud olması deməkdir. Qüdsün digər adı olan İevus burada Avaş, Faran/Paran çölləri burada Piran, Xevron - Gavran və s. kimi qalmışdır. Başqa sözlə, peyğəmbərlər şəhəri olan Xaldeya, məhz burada mövcud olmuş Azərbaycan Atabəglərinin Xilat (Qalaat/Gelat) elidir.
Seyid-peyğəmbərlər yurdu sayılan Yardımlı torpağı – Adəmin və cənnətin yaradıldığı torpaqdır. Musa peyğəmbər məhz burada göydən İlahi od gətirib, ondan vəhy çadırı qurmuşdur. İsidor Xarakskiyə görə bu əbədi od – “Arsakın ilk dəfə şah elan olunduğu” Asaak şəhərində saxlanılır. Əl Kufinin “Kitab əl Fütuh” əsərində, bu Arşak (Arsak) yerinin, Ərdəbil şəhərindən təxminən 45 km. yol məsafəsində olduğu bildirilir. Lakin bu torpağı daha müqəddəs edən, burada yəhudilərin, müqəddəslər müqəddəsi saydığı Əhd sandığının və Allahın digər yaraqlarının da qorunmasıdır. Belə ki, Xəzər şahı İosifin - elmi cəmiyyətin rəhbəri olan Ezra oğlu Xasdaya məşhur məktubuna görə “Allahın mövcudluğu olan çadır”- Ərdəbil yaxınlığında yaradılmışdır və müqəddəs əşyalar olan sandıq, şamdan, masa, qurbangah və qablar məhz orada indiyədək qalmaqdadır.
Bütün bunlar, əsl Qüdsün məhz Azərbaycan ərazisində mövcud olmasının sübutudur. Əsl Qüds, əsl İsrail oğullarının elində əzəldən qorunur. Daha geniş məlumatlar və təkzibolunmaz faktlar Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.