Yeni göz xəstəliyi: hər şeyi iki görürlər...
16-12-2017, 09:38
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində kompüter, planşet və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə müasir dövr üçün nə qədər zəruri olsa da, onların sağlamlığımıza vurduğu ziyan da danılmazdır.
Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin - "kompüter görmə sindromu"nun və ya "yorğun gözlər sindromu"nun əmələ gəlməsinə də səbəb olub.
Tibb üzrə fəlsəfə doktoru, həkim mütəxəssis Yazgül Abdiyeva Trend-ə bildirib ki, ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir:
"Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir".
Y.Abdiyeva qeyd edib ki, bu problem nəticəsində insanda görmə itiliyi zəifləyir, akkomodasiya pozulur, onda əşyaları ikili görmə, yazı oxuyarkən tez yorulma, gözlərdə yandırma hissi, gözə "qum düşmə" hissi, göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar, gözlərin qızarması kimi hallar ortaya çıxır.
Kompüter, televizor və planşetdən istifadəyə uşaqların daha çox meylli olduğunu vurğulayan həkim-mütəxəssisin sözlərinə görə, uşaqların saatlarla televizor, computer və planşetdən istifadə etməsi onları cihazlardan asılı vəziyyətə salmaqla sosial mühitlə əlaqələrini də zəiflədir. Texnologiyalara olan bu aludəçilk keçid dövrünü keçirən yetkinlik yaşlı uşaqlarda özünə qapanmaya, məktəb yoldaşlarına, ətrafındakı digər insanlara qarşı aqressiv davranışların nümayiş edilməsinə və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüter və planşetdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır.
Mütəxəssis tövsiyə edir ki, uşaqların texnologiyalardan istifadə etmə, kompüter qarşısında oturma müddətinə diqqət yetirmək lazımdır.