“DƏRİN DÖVLƏT” TRAMPIN CİLOVUNU YIĞMALIDIR – "Radio France"ın Yaxın Şərq müxbirindən tövsiyə

18-12-2017, 21:52           

Kristian Çesno

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

Bir neçə həftə əvvəl mən eyni köşə yazımda yazmışdım: "əvvəl-axır Fələstin məsələsi yenidən müzakirəyə çıxacaq". Bu, Balfur Bəyannaməsinin 100 illik yubileyi münasibətilə deyilmişdi.

Açığı, İsrail-Fələstin münaqişəsinin belə tez gündəmə dönəcəyini və dünya müzakirələrində mühüm yer tutacağını düşünməmişdim.

ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinin elan edilməsində ən azı bir böyük fayda var. Birləşmiş Ştatların əsl simasını göstərmək baxımından.

Uzun müddət ABŞ "dürüst broker" rolunda şübhə doğururdu, lakin bu dəfə onun mövqeyi ən azı aydındır, rəsmi mənada. Vaşinqton, açıq bir şəkildə Fələstin torpağını uzun müddət müstəmləkələşdirən və inhisarlaşdıran İsrail tərəfini seçdi.

Bu israilpərəst duruş çox çətinliklər yaradır. Birincisi, beynəlxalq birlik səviyyəsində. Öz qərarı ilə Birləşmiş Ştatlar BMT qətnamələrini qınamış olur, amma bu, tarixdə ilk dəfə baş vermir.

2003-cü ildə İraqa müharibə elan edərkən, Amerika rəhbərliyi beynəlxalq hüquqa çox az və ya heç bir hörmət göstərmədi və BMT-ni saymadı. Çin, Rusiya, Avropa İttifaqı və inkişaf etməkdə olan ölkələrlə yanaşı, digər böyük diplomatik aktyorların da Donald Trampın təcavüzkar kampaniyasını dayandırması vaxtı çatıb.

Aydındır ki, bu, sadə bir məsələ deyil, amma başqa bir alternativ varmı?

Yenidən qiymətləndirmə məqamı

Fələstinlilər, xüsusilə də Mahmud Abbasın rəhbərlik etdiyi administrasiya üçün yenidən qiymətləndirmənin vaxtdır. Bütün siyasi strategiyanı yenidən nəzərdən keçirmək məqamı yetişib: müqavimətin yeni formaları nədir? Fələstin rəhbərliyi ləğv edilməlidirmi? Yeni lider nəsli necə ortaya çıxa bilər?

Qüdsün taleyi barədə qərar verərək, Donald Tramp Oslo Sazişini son bir zərbə ilə pozdu. Beləliklə, əgər varsa, gələcək perspektivlər nədir?

İsrail üçün Tramp bir fincan zəhərli çay təklif etdi. Qüds problemi qısa və ya uzun müddətli şiddət dövrü olacaq. İsraillilər heç bir şeyin baş verməyəcəyini və fələstinlilər üçüncü "intifada" yaratmaq niyyətində olduqlarını iddia edirlər, lakin ehtimal ki, öz mühakimələrində böyük bir səhvə yol verirlər.

Amerika prezidenti yalnız Fələstin məsələsini rasionallaşdırdı. Qüds elanı ani bir üsyan doğurmadı, lakin bu, çox ciddi nəticələrə səbəb olacaq şok dalğa yaradıb.

Birləşmiş Ştatları bütün dünyada müsəlmanların və xristianların ehtiraslarını çılpaqlaşdıran və buxovlarını açan partlayıcının fitilini yandırdı.

Pisliyə sürüklənmə

Beləliklə, Qüds məsələsinə baş vuraraq, Donald Tramp daha da irəliləyir, amma nə üçün? Amerika yalnız beynəlxalq səhnədə tamamilə məhdudlaşmır, həm də təhlükəli və etibarsız bir fiqur halına düşür.

Bütün paradoks da bundadır. İran və “Hizbullah” Donald Trampa çox böyük təşəkkür söyləyə bilər! İsrail-Fələstin sülhü indi yəhudi dövləti ilə danışıqlar aparmaq istəyənlər üçün müəyyən tarixi keçmişdə qalıb… Həqiqətən, Trampın qərarı ilə İordaniya kralı Abdullah və Mahmud Abbas kimi moderatorlar təhqir edilib və alçaldılıb.

Oğul-Corc Buşun dövründə Amerika özünü Əfqanıstan və İraqa hücum etmək üçün yeganə dünya gücü elan edərək, təkəbbür göstərdi. Hamımız bilirik ki, bu səylərin nəticəsi öz növbəsində, amerikalıların ağılını bulandıran 11 sentyabr 2001-ci il hücumuna layiqli cavab ola bilmədi.

Bu gün Donald Tramp üçün, şübhəsiz ki, sabiq dövlət katibi Kondoliza Raysın “konstruktiv xaos” ideyası çox əzizdir, o bu anlayışından ilhamlanıb… lakin məlum söz birləşməsindəki sözlərdən ayrı-ayrılıqda.

İndi əsas məsələ budur: Amerika "dərin dövləti" və ya bu ölkəni idarə edən qurumun bu tamamilə gözlənilməz prezidenti məhdudlaşdıra və ya cilovunu yığa bilərmi? Bu çərçivədə, Qüdsün statusunun sual altına alınması xəbərdarlıq siqnalı kimi səslənməlidir.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.