TRAMP RUSİYANI ZORLA SÜLHƏ MƏCBUR EDƏ BİLƏCƏKMİ? –ABŞ-ın yeni milli təhülkəsizlik strategiyasında Moskva və Pekin hədəf seçilib

19-12-2017, 17:33           

İqor Subbotin

“Nezavisimaya qazeta”, Rusiya, 19 dekabr 2017-ci il



Donald Trampın təqdim etdiyi milli təhlükəsizlik strategiyasında Rusiya Federasiyası ABŞ-a yönəlik birbaşa təhdidlərdən biri adlandırılıb. Ötən həftə ABŞ lideri tərəfindən imzalanan 70 səhifəlik sənəd yalnız Ronald Reyqanın “güc vasitəsilə sülh”ün zəruriliyi haqqındakı tezisini təsbit edir. Moskva yeni ittihamlara təəccüblənmir: onun Vaşinqtonla təmasları, o cümlədən antiterror istiqamətində davam edir.

ABŞ-a yönəlik qlobal təhdidlər siyahısında Rusiya ilə bərabər, Çinin də adı keçir. Sənəddə hər iki dövlət hərəkətlərilə beynəlxalq nizamı və sabitliyi dağıdan, həmçinin öz qonşularının suveren hüquqlarını və qanunun aliliyi prinsipini rədd edən dövlətlər adlandırılır. Bu halda, Çin ABŞ-ın strateji rəqibi elan edilib.

Yeni milli təhlükəsizlik strategiyasında aksent, hər şeydən öncə, Amerika dövlətinin müdafiəsinə, onun çiçəklənməsinin gələcəkdə təmin edilməsinə və Reyqan konsepsiyasının reallaşdırılmasına edilir. Yeni strategiya haqqında Trampın çıxışının anonsunu verən, sənədin hazırlanması ilə məşğul olan müşaviri Herbert Makmaster qeyd edib ki, son zamanlar ABŞ “təftişçi dövlətlərə imkan verərək, həddindən artıq rəqabətli məkan yaradıb”.

Rusiya tərəfi strategiyanı onun elan olunmasınadək şərh etməyə imkan tapıb. “İnterfaks”la söhbətində RF XİN başçısının müavini Sergey Ryabkov bəyan edib: “Bizim üçün belə qərar yenilik deyil. Əlbəttə, ABŞ rəsmi şəxslərinin və bu cür əsas fundamental sənəd müəlliflərinin bizdə olmayan və olması mümkün olmayan niyyətləri təkidli formada bizim adımıza yazma cəhdlərini həyəcanla qəbul edirik. Şübhəsiz, bu, mahiyyətcə, öncəki administrasiyaya çox xas olan düşüncənin və Rusiyanı qavramanın residivləridi. Təəssüf edirik ki, Amerika siyasi meynstrimində (ing. mainstream — “əsas cərəyan”) dominantlıq edən əhval-ruhiyyə üzündən, belə əssasız ittihamlar və mövcud olmayan niyyətlərin bizim adımıza yazılması cəhdləri indi də saxlanılır və tirajlanmağa davam edir”.

Rusiyanın diplomatiya başçısının müavini xatırladıb ki, Rusiya ABŞ-la beynəlxalq gündəliyin və strateji sabitliyin ən geniş məsələləri üzrə bərabərhüquqlu və qarşılıqlı hörmətə dayanan əlaqəyə tərəfdardır. Ryabkov qeyd edib: "Bu, bizim konyukturasız ardıcıl kursumuzdur, ancaq biz bu kursu davam etdirməyə o ölçüdə hazırıq ki, ABŞ məhz belə normal qarşılıqlı əlaqəyə, etiket asmadan və bizim siyasəti qaralamağa cəhd etmədən, köklənmiş olsun”.

Moskvada və Vaşinqtonda “normal qarşılıqlı əlaqə” potensialı həqiqətən də vardır, bunu RF prezidenti Vladimir Putinin amerikalı həmkarı ilə sonuncu telefon danışığı da göstərir. Danışıq zamanı Rusiya lideri Ağ evin başçısına MKİ-nin verdiyi, onun sözlərinə görə, Sankt-Peterburqda hazırlanan terror aktının qarşısını almağa yardımçı olan informasiya üçün təşəkkür edib.

Danışıqların yekununu şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz nəvbəsində, terrorçular haqqında məlumat mübadiləsini Moskva və Vaşinqton arasında nümunəvi qarşlıqlı əlaqə nümunəsi adlandırıb. Kreml nümayəndəsi bəyan edib ki, “İki ölkənin xüsusi xidmətləri arasında müəyyən təmaslar tez-tez həyata keçirilir, lakin bu halda çox sayda həyatı xilas etməyə yardım edən, tamamilə nəticə verən informasiya olub. Bu, razılıq, minnətdarlıq hissi yaratmaya bilməz və özü-özlüyündə terrorizmlə mübarizə sahəsində nümunəvi ikitərəfli əməkdaşlıq nümunəsi sayılmaya bilməz. Biz məhz belə standartlara cəhd etməliyik ki, bizə sonrakı kursu da onlar versin”.

Moskva və Vaşinqton arasındakı qarşılıqlı əlaqəni Tramp administrasiyasında da dəyərləndiriblər. SİTA-nın Ağ evdəki mənbəyinin bəyan etdiyinə görə, “Bu, ümumi maraqların olması halında, əla əməkdaşlıq nümunəsi idi”.

Buna baxmayaraq, bu, Makmasterin rəhbərliyilə hazırlanan sənədin düşməncə olan yönverməsini ortadan qaldırmır. Öncə, Ağ evin mətbuat katibi Sara Sanders yeni milli təhlükəsizlik strategiyasını şərh edərək, bəyan edib ki, Tramp yeni strategiya ilə razıdır. Jurnalistlərin sualına cavab verərkən, o izah edib: "Makmaster, şübhəsiz, prezidentin əhval-ruhiyyəsini və bizim xarici tərəfdaşlarımızla olan münasibətlərimizi bilən və anlayan biridir”.

SİTA-nın Ağ evdəki mənbəyi göstərir ki, Moskva və Vaşinqtonun müsbət əməkdaşlıq nümunəsinə baxmayaraq, ciddi ziddiyyətlər qalır. Agentliyin müsahibi “İnsanların əksəriyyəti hesab edir ki, Rusiya Ukraynaya və Gürcüstana müdaxilə edərək, Avropada “status-kvo”nu dəyişib”- deyərək, misal gətirir. Məhz bu istiqamətlərdəki siyasətilə əlaqədar olaraq, Rusiya yeni strategiya çərçivəsində “təftişçi dövlət” kimi qeyd edilib.

Qlobal istiləşmə Ağ evdə təhlükə oyadacaq təhdidlər sırasına daxil edilməyib. Və bu, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın ictimaiyyətə təqdim etdiyi strategiyadan olan prinsipial fərqlərdən biridir. Sənədin özü siyasətçi kimi iş təcrübəsi olmayan Amerika liderinin əvvəllər söylədiklərini kağız üzərində təsbit etməlidi. Bu sənədin maddələri Trampın çıxışından xeyli öncə, qınağa səbəb olmuşdu. Prezidentin tənqidçiləri diqqəti ona cəlb edirlər ki, o, ABŞ-ın diplomatiya idarəsinin işini, öz komandası ilə birlikdə onun xərclərinin optimallaşdırılması haqqında qərar qəbul edərkən, əhəmiyyətli dərəcədə pozub. ABŞ Konqresinin Nümayəndələr palatasının üzvü Set Moulton hesab edir ki, “o, Dövlət Departamentini ixtisar etməklə, yalnız durumu pisləşdirib. O, ABŞ-ı ön plana qoymur, o, öz xaotik tvitləri və nüvə müharibəsi təhdidlərilə milli təhlükəsizliyi zəiflədir”.

“Təftişçi dövlətlər”lə birlikdə, KXDR və İran kimi “quldur dövlətlər” də təhdidlər sırasına daxil edilib.

Suriya və İraqın problemlərinin bir hissəsi yox olduqca, Vaşinqtonun qarşısına Tehranın siyasətinin problemləri çıxır. “Wall Street Journal”ın bu yaxınlardakı materiallarından birində deyilir: “Amerikanın İŞİD-ə qarşı apardığı əməliyyatların başa çatmağa yaxınlaşdığı bir şəraitdə, Tramp administrasiyası diqqəti daha əhəmiyyətli hesab etdiyi təhdidə – İrana cəlb edir. Amerika məmurları, İranın regiondakı hərbi varlığının əhəmiyyətli dərəcədə genişləndirilməsi kimi qiymətləndirdikləri, Vaşinqtonda, Təl-Əvivdə və Ər-Riyadda getdikcə daha böyük narahatlıq yaradan təhdidə harada və necə cavab vermək haqqında düşünürlər”.

Qəzetin qeyd etdiyinə görə, istisna edilmir ki, gələn ilin əvvəlində Makmaster Suriyadakı vəziyyət haqqında çıxış edəcək və ABŞ-ın bu istiqamətdə olan yeni strategiyasının da anonsunu verəcək.

Bu arada, ekspert mühitində qeyd edirlər ki, Trampın elan etdiyi ABŞ-ın milli təhlükəsizlik strategiyası məcburi xarakter daşımır.

M.V.Lomonosov adına MDU yanındakı Ruzvelt adına ABŞ-ı öyrənmə mərkəzinin direktoru Yuriy Roqulev “NQ”-yə bildirib:“Bu, dövri olaraq, yenidən baxılan sənəddir. “Strategiya” termininin istifadə edilməsinin mənası odur ki, administrasiya nə isə bir strateji fəaliyyət planı işləyib hazırlayır. Belə ki, orada hər bir müəyyən zaman dövrü üçün əsas istiqamətlər, təhdidlər, tədbirlər və əks-tədbirlər müəyyən edilir. Bu, əlbəttə, fəaliyyət üçün rəhbərlik deyil, daha çox, cari vəziyyəti təsəvvür etməyi və anlamanı nümayiş etdirən bir sənəddir. Aydındır ki, real siyasətdə sadəcə plan üzrə hərəkət etmək çətindir və həyat hər hansı bir strategiyadan və nəzəriyyədən daha mürəkkəbdir. Bununla belə, bu, vəziyyətə administrasiya əməkdaşlarının baxışını əks etdirir. Bu, əhəmiyyətli dərəcədə, anın dərki haqqında bəyannamədir”.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.