DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR- Müdafiə xərclərində rekord yüksəliş; döyüş hazırlığını kimlər daha çox artıracaq?

20-12-2017, 08:51           

Dünya ölkələri 2018-ci il üçün müdafiə xərclərini nəzərəçarpacaq qədər artırıblar. Bu, son 10 ildəki ən yüksək artımdır və "soyuq müharibə"dən sonra rekordun yenilənməsidir.

Bunu "Jane’s Defence Budgets"in illik hesabatında ortaya qoyulan rəqəmlər də təsdiqləyir. Britaniyanın analitik IHS Markit mərkəzi tərəfindən hazırlanan hesabatda 105 ölkənin müdafiə xərcləri təhlil edilib. Bu dövlətlərin yarıdan çoxu BMT üzvləridir.

IHS-in təhlili göstərir ki, 2018-ci ildə bütün dünya üzrə müdafiə xərcləri 1,67 trilyon dollar olacaq. Bu da 2017-ci illə müqayisədə 3,3 faiz daha çoxdur.

Bundan əvvəlki rekord 2010-cu ildə yenilənmişdi. Həmin vaxt dünya üzrə müdafiə xərcləri 1,63 trilyon dollar təşkil etmişdi. Sonrakı illərdə xərclər azaldılmış, 2014-cü ildən isə artan xətt üzrə davam etmişdi.

Hesabat müəllifləri deyir ki, 2008-də olduğu kimi indi də müdafiə xərclərindəki artım ABŞ-ın siyasətindən qaynaqlanır.

Tramp administrasiyası ilk ilində Pentaqonun maliyyəsini artıracağını açıqladı. Artım əsasən hərbçilərin savaş hazırlığını təmin etməklə bağlıdır. Dekabrın 12-də Tramp 2018-ci il üçün hərbi büdcəylə bağlı sərəncam verdi. Məlum oldu ki, 692 milyard dollarlıq büdcənin 626 milyardı əsas xərclərə, qalan 66 milyardı isə xaricdəki fövqəladə əməliyyatlar üzrə fonda ayrılacaq. ABŞ xaricində xidmət aparan amerikalı hərbçilər də bu fonddan maliyyələşir. Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın hərbi büdcəsi 643 milyard dollar olub.

ABŞ-ın NATO-dakı müttəfiqləri də hərbi büdcələrini artırıblar. Şərqi Avropa ölkələrində bu artım daha çox gözə dəyir ki, bunun əsas səbəblərindən biri də Rusiyadan gələn təhdiddir.

IHS-in hesabatında bildirilir ki, 2017-ci ilin əvvəlində alyansın 28 ölkəsindən beşi bu normativi yerinə yetirib – ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa. Hesabat müəllifləri gələn il bu sıraya Latviya, Litva, Rumıniya və Türkiyənin də qoşulacağını deyirlər.

Yaxın Şərq və Şimali Afrika ölkələri də regiondakı mürəkkəb vəziyyətlə bağlı müdafiə xərclərini artırıblar. "İlk beşliyə" Səudiyyə Ərəbistanı düşüb. Krallıq 2017-ci ildə hərbi büdcəsini 0,9 milyard dollar artıraraq 50,9 milyarda yüksəldib.

İran da 2016-cı illə müqayisədə müdafiə xərclərini artıraraq siyahıda 18-ci yerdən 15-ə yüksəlib.

Rusiyaya gəlincə, ölkənin hərbi büdcəsi iki il ard-arda "qayçılandı". Bu da ölkədə iqtisadi durumun pisləşməsi ilə izah olunur. 2017-ci ildə Rusiya müdafiə xərcləri yüksək olan ölkələrin "beşliyindən" çıxdı. Dördüncü sırada olan Rusiya hazırda 6-cı yerdə qərarlaşıb. Britaniya və Səudiyyə Ərəbistanı isə 51,2 və 50,9 milyard dollarlıq hərbi büdcələri ilə Rusiyanı geridə qoyub.

Rusiyanın hərbi büdcəsi 2017-ci ildə 47 milyard dollar idi. Halbuki əvvəllər bu rəqəm 52,3 milyard dollar olub.

Hesabat müəlliflərindən Keffri bildirir ki, 2015-ci illə müqayisədə Rusiyanın hərbi büdcəsi 10 faiz azalıb. Ekspert bu rəqəmin 2018-ci ildə daha 5 faiz azalacağını proqnozlaşdırır: "Rusiya bundan sonra da ordusunu modernləşdirəcək. Lakin büdcənin azalması bu prosesin tempinə təsirini göstərəcək".

Ekspertlərin fikrincə, Rusiyanın hərbi büdcəsinin azalması ölkənin Suriya və Ukrayna münaqişələrində iştirakı ilə bağlıdır. Məhz bu amilə görə Rusiya iqtisadiyyatında vəziyyət pisləşib. Üstəlik beynəlxalq sanksiyaların da təsiri olub.

Bir neçə gün əvvəl keçirdiyi illik mətbuat konfransında prezident Vladimir Putin bildirdi ki, 2018-ci ildə Rusiya müdafiə xərclərinə 2,8 trilyon rubl (təqribən 47,7 milyard dollar) ayıracaq.

Hələ bu ilin iyununda kinorejissor Oliver Stouna müsahibəsində Putin yaxın 3 ildə müdafiə xərclərini azaldacaqlarını bəyan etmişdi.

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.