Nümayəndəlik institunun ləğvinin hüquqi təhlili...
20-12-2017, 08:56
“Qış aylarında soyuqdan donmaq təhlükəsi olan bir şəxsin dağınıq şəkildə olan yeganə evini sökərək onun yerində əla vəziyyətdə olan bir ev tikmək istəyi və sökdükdən sonra qışın soyuğunda yeni evinin tikintisinin reallaşmasına qədər donaraq ölməsi nə qədər acınacaqlıdır...!”
Azərbaycan Respublikasının qanunverici orqanı Milli Məclis cari ilin oktyabr ayının 31-də keçirilən plenar iclasında nümayəndəlik institunun ləğv edilməsi ilə bağlı bir sıra qanunlara edilən dəyişiklikləri qəbul etmişdir. Bu dəyişikliyə əsasən hüquqi yardım almaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bundan sonra yalnız və yalnız vəkil xidmətindən istifadə etməli olacaqlar. Başqa sözlə desək, məhkəmə qarşısında hər bir vətəndaşı bundan sonra istənilən hər hansı bir şəxs deyil, hüquq təhsili almış və müvafiq orqanın keçirdiyi imtahandan uğurla keçmiş vəkil statusuna malik şəxslər təmsil edə biləcəklər. İlk baxışdan normal qarşılanmalı olan bu dəyişiklik mövcud vəziyyətdə ölkəmizdə bir sıra insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır ki, bu məqalə ilə həmin yarana biləcək və ya artıq yaranmış hüquq pozuntularına qeyri-dərin hüquqi nəzər yetiriləcək və sonda bəzi təkliflər irəli sürüləcəkdir.
1. Dövlətin hüquqi yardım almaq təminatı vəzifəsi
Hər bir hüquqi dövlət vətəndaşlarının hüquqi yardım almaq hüququna təminat verməlidir. Bu hüquqi dövlətçilik prinsipindən irəli gəlir. Məşhur ingiltərəli filosof, hüquqşünas və riyaziyyatçı Tomas Hobbes (Thomas Hobbes) İngiltərədə baş verən vətəndaş müharibəsindən təsirlənərək yazdığı “Leviathan” adlı əsərində dövlətçiliyin əsasını təşkil edən hüquqi təhlükəsizliklə bağlı aşağıdakıları dilə gətirir:
“İnsanların bir-birinə qarşı apardığı təbii müharibənin sonlandırılması məqsədilə vətəndaşlar öz silahlarını yerə qoymağa və “Leviathan” (yəhudi-xristian mifologiyasında nəhəng bir dəniz varlığının adıdır) adlı dövlətə boyun əyməyə öz razılıqlarını bildirirlər və bu qüvvə digər güclərlə müqayisədə ən güclüsüdür və həmin güclərə qalib gəlmək üçün öz qorxuducu vasitəsindən istifadə etmək iqtidarındadır”. Yəni vətəndaş müharibəsi vətəndaş olmaqla sona çatır: Güc tətbiq etməkdən imtina etmək və qanunlara tabe olmaq vətəndaşı xarakterizə edir və digər tərəfdən də dövlətin güc monopoliyası vətəndaşlar arasında sülhü təmin edir.
Alman hüquq mütəfəkkiri Rudolf fon Yerinq (Rudolf von Jhering) Nyu-Yorkun leqender İcra Hakimiyyət Başçısı Rudolf Ciuliani (Rudolph Giuliani) və onun polis idarəsinin rəisi Viliam Braton-un (William Bratton) “sıfır-tolerantlıq” konseptinin də əsasını təşkil edən “Qanun naminə mübarizə” adlı 1874-cü ildə dördüncü dəfə işıq üzü görən əsərində bildirirdi: “Əgər özbaşınalıq və qanunsuzluq alçaqcasına və amansızcasına öz başını qaldırmağa başlayıbsa, bu ona bir işarədir ki, qanunun müdafiəsi üçün seçilmiş şəxslər öz vəzifələrini icra etməyiblər”.
Tomas Hobbesin dövlət üçün tanıdığı sərhədsiz imkanların sonradan, ingilis filosofu Con Loke-nin (John Locke) nəzəriyyəsinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının dövlət tərəfindən təminatı ilə məhdudlaşdırılması hüquqi dövlətin özəyini təşkil edən amillərdən biridir. Yəni silahlarını yerə qoyan və dövlətin qanunlarına tabe olmağa söz verən vətəndaşlar bunun qarşılığında onların hüquq və azadlıqlarının dövlət tərəfindən təminatını və həmin hüquq və azadlıqların həm dövlət tərəfindən həm də digər vətəndaşlar tərəfindən tapdalanmamasını tələb edə bilərlər. Bununla dövlət tərəfindən qorunma ilə yanaşı dövlətin özündən də qorunmanın əsası qoyulmuş olur.
Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 26-cı maddəsinin 2-ci bəndində dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi öz əksini tapmışdır. Bununla Azərbaycan Respublikası konstitusiyamızın 7-ci maddəsinin 1-ci bəndində şərtləndirilən hüquqi dövlət olmasını təsdiq edir və insanların sülh içərisində yaşaması üçün zəruri olan insan hüquq və azadlıqlarının təminatına ali qanun olan konstitusiyamızda zəmanət verir.
2. Nümayəndəlik institutu və mənası
Azərbaycan Respublikasında nümayəndəlik institutu dedikdə vətəndaşların məhkəmə orqanları qarşısında istənilən yetkinlik yaşına çatmış şəxs tərəfindən təmsil olunması nəzərdə tutulur. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən cinayət, Ali və Konstitusiya məhkəmələrində aparılan işlərdə yalnız vəkil tərəfindən təmsil olunmağa icazə verilir (bax: AR Vəkillər və Vəkillik fəaliyyəti haqqında qanunun (VVFQ) 4-cü maddəsinin 2-ci bəndi). Digər hallarda, yəni mülki və inzibati işlərdə apellyasiya məhkəmələrinədək aparılan işlərdə vətəndaşlar hazırki qanunvericiliyə əsasən məhkəmələrdə istənilən şəxs tərəfindən təmsil oluna bilərlər. Təmsilçinin hər hansı bir təhsilinin olub-olmaması, iş və əmək fəaliyyətinin forması və ya müddəti bu zaman heç bir rol oynamır. Məsələn Əli hazırda qonşusu, orta məktəbi qurtarmağa həvəsi çatmamış Vəlidən (qeyd: adlar şərtidir!) onu məhkəmədə müdafiə etməsini xahiş və Vəli onu məhkəmədə təmsil edə bilərsə, bu 2018-ci ilin yanvar ayının 1-dən (bu tarixdə qanunlara edilən dəyişikliklər qanuni qüvvəyə minəcəkdir) qeyri-mümkün olacaqdır. Artıq məhkəmələrin instansiyasından və işlərin növlərindən asılı olmayaraq məhkəmələrdə vətəndaşları bəzi məqalələrdə yazıldığı kimi savadsız ordu yox, savadlı vəkil-ordusu təmsil edəcəkdir. Artıq Vəlinin qonşusu Əlini təmsil edə bilməsi üçün, hüquq təhsili almış, 3 illik iş təcrübəsinə malik və lazımı vəkillik imtahanından uğurla keçmiş olmalıdır (bax: VVFQ-un 8-ci maddəsinin 1-ci bəndi).
3. Nümayəndəlik institunun ləğvinin üstünlükləri
Nümayəndəlik institutun ləğvinin mənfi tərəflərinə keçməmişdən öncə müsbət tərəflərini vurğulamaq daha düzgün olardı. Belə ki, hər bir hüquqi dövlət silahını tam yerə qoyub dövlətin qanunlarına tabe olan bütün vətəndaşlarının keyfiyyətli hüquqi yardım almasını təmin etməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndi də bunu deyir: Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Keyfiyyətli hüquqi yardım dedikdə əsasən hüquq sahəsində minimum bakalavr təhsili almış, müəyyən müddət zəruri təcrübi biliklərə yiyələnmiş, peşə yararlılığı olan şəxslərin onlara hüquqi yardım üçün müraciət edən şəxslərə həmin problemin həll olunması üçün minimal prosessual hərəkətləri peşəkarca yerinə yetirmələri nəzərdə tutulur. Belə keyfiyyətli hüquqi yardımın orta təhsil almayan qonşu Vəli tərəfindən göstərilməsi, mübaliğəsiz heç bir təlim keçməyən bir şəxsin sərnişinlərlə dolu bir təyyarəni idarə etməsi qədər qorxulu və təhlükəlidir.
Digər tərəfdən hakimiyyətin üç qolundan biri olan məhkəmə sisteminin işinin faydalı və səmərəli təşkil edilməsi üçün burada iştirak edən şəxslərin dairəsi dar formada müəyyən edilməlidir.Əgər bir xəstənin əməliyyat olunması zamanı onun yanına peşəkarlardan (həkim kollektivindən) başqa heç kəs buraxılmırsa, nə üçün dövlətin özəyini təşkil edən ədalət mühakiməsinin həyata keçirilməsində, yəni məhkəmə prosesslərində qeyri-peşəkarlar iştirak etməlidir? Bu sadəcə və sadəcə məhkəmə sisteminin nüfuzuna xələl gətirir, məhkəmələrin iş yükünü artırır, hakimləri qanun və müqaviləni bir-birindən ayırd edə bilməyən bir kütlə ilə qarşı-qarşıya qoyur və ələxsus hər bir dövlətdə böyük nüfuza sahib olan vəkil və hüquqşünas peşəsinin dəyərdən düşməsinə gətirib çıxarır.Bu səbəbdən də, qanunu və ya hüququ qorumaq qanunun və hüququnun nə olduğunu anlayan peşəkar insanlara həvalə olunmalı, vətəndaşlarının hüquqularının məhkəmələr qarşısında mümkün dərəcədə mükəmməl qorunması üçün zəmin hazırlanmalıdır ki, nümayəndəlik institunun ləğvi bu məqsədə xidmət etməyə yönəlmişdir və bu mənada təqdirəlayiq sayılmalıdır.
4. Nümayəndəlik institunun ləğvinin mənfi tərəfləri
Sadalanan müsbət cəhətlərə baxmayaraq nümayəndəlik institunun hazırki vəziyyətdə tamamilə ləğv olunması böyük sual doğurur. Belə ki, hazırda Azərbaycanda Vəkillər Kollegiyasının üzvü olan şəxslərin dairəsi çox dardır və təxminən 930 nəfər təşkil edir. Əhalinin sayına münasibətdə hər 9670 vətəndaşa bir vəkil düşür. Müqayisə üçün bildirmək lazımdır ki, Almaniyada 2017-ci ildə 163 mindən çox insan vəkil statusuna malikdir və 80 milyon Almaniya əhalisinə münasibətdə hər 490 nəfərə bir vəkil düşür. Aradakı fərqi anlamaq çətin olmasa gərək. Bundan əlavə Azərbaycanın bəzi regionlarında, rayon, kənd və qəsəbələrində ya vəkil tapmaq qeyri-mümkündür, ya da iddiaçı və cavabdehin müraciət edəcəyi yalnız bir vəkil mövcuddur. Bu halların 2018-ci ilin yanvar ayının 1-dən başlayaraq hansı nəticələrə səbəb olacağını düşünmək həddindən artıq qorxuludur.
Belə ki, yuxarıda da qeyd olunduğu kimi Konstitusiyamız 12-ci maddənin 1-ci bəndində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və 26-cı maddənin 2-ci bəndində dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsinivurğulayır. AR Konstitusiyasının 60-cı maddəsi isə bu təminatın hansı dövlət orqanları tərəfindən icra olunmasını özündə ehtiva edir. Həmin maddənin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibatiqaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnzibati qaydada müdafiə dedikdə dövlət orqanlarının verdikləri qərarlardan (əsasən inzibati akt formasında) onların özlərinə şikayət vermə nəzərdə tutulur ki, burada adi bir vətəndaş nəyi necə etməli olduğunu bilmədikdən yenə də hüquqi yardım verə biləcək şəxsin köməyinə ehtiyac duyacaqdır. Məhkəmə qaydasında müdafiə dedikdə inzibati dövlət orqanlarının qərarlarından və ya mülki və ya cinayət qaydasında digər vətəndaşlara qarşı aparılan mübahisələrə məhkəmə qaydasında baxılıb bütün icra orqanları tərəfindən icrası məcbur olan məhkəmə qərarlarının (qərar, qətnamə, qərardad) çıxarılması nəzərdə tutulur. Məhz məhkəmə qaydasında aparılan müdafiənin rolu böyük önəm kəsb edir. Belə ki, inzibati idarələrin çıxardıqları qərarlar məhkəmələr tərəfindən tam yoxlanıla və tam rədd edilə bilərlər ki, bu da məhkəmələrin icraedici dövlət orqanlarının qanunauyğun işləmələrinə nəzarət funksiyasını özündə ehtiva edir (bax: Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi). Məhkəmə qaydasında hüquqların müdafiəsi həm də digər vətəndaşlar tərəfindən hüquqları pozulan şəxslərin dövlətdən onların pozulan hüquqlarının qorunması üçün lazımı tədbirləri görməsini nəzərdə tutur ki, burada ən keyfiyyətli hüquqi qorunmanı son olaraq məhkəmələr həyata keçirir (bax: Konstitusiyanın 71-ci maddəsinin 7-ci bəndi). Belə olan halda hər kəsin səsi ilk öncə müvafiq dövlət orqanlarına, onlardan yetərli cavab alınmadığı təqdirdə, həmçinin məhkəmələrə çatdırılmalıdır. Məhz bu səbəbdən də konstitusiyamız digər önəmli bir vətəndaş hüququnu tənzimləyir ki, bu da dinlənilmək hüququdur: Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, 60-cı maddənin 3-cü bəndi.
Lakin bu hüququn təminatı yetərli vəkil sayının olması ilə birbaşa bağlıdır. 9670 nəfərin bir vəkildən hüquqi yardım ala bilməsi imkanı qeyri-mümkündür. Digər tərəfdən yaşadığı ərazidə vəkil fəaliyyət göstərməyən insanlar ilk öncə hər hansı bir vəkilin mövcudluğunu müəyyən etməyə, daha sonra isə onunla görüşə bilmək üçün yüzlərlə kilometr qət etməyə məcbur ediləcəklər. Xüsusilə vurğulanmalı olan problemlərdən biri də inzibati şikayətin verilmə və ya məhkəmədə iddia müddətinin qaçırılmasıdır. Həm inzibati qaydada həm də məhkəmə qaydasında şikayət verildiyi (iddia qaldırıldığı) zaman qanunla müəyyən edilən müddətlər önəmli rol oynayır. Belə ki, şikayət vermək və ya iddia qaldırmaq istəyən şəxs qanunla göstərilən bu qısa zaman ərzində (əsasən maksimum 1 ay, bax: İnzibati İcraat Haqqında Qanunun (İİQ) 73-cü maddəsinin 1-ci bəndi) şikayət vermədiyi və ya iddia qaldırmadığı halda çıxarılan inzibati və ya məhkəmə qərarı qanuni qüvvəyə minmiş sayılır və həmin andan etibarənhəmin akt və ya qərarın mübahisələndirilməsi bəzi istisnalar olmaqla qeyri-mümkün olacaqdır ki (müddətin bərpası üçün bax: İİQ-un 73-cü maddəsinin 3-cü bəndi), bununla vətəndaşlar qanunla müəyyən edilən öz hüquq və azadlıqlarından imtina etməyə məcbur ediləcəkdir. Məsələn, əgər Ağsunun Qaraqoyunlu kəndində yaşayan bir şəxsin icra hakimiyyətinin onun haqqında çıxardığı (məsələn, tikdiyi evinin sökülməsi ilə bağlı) inzibati aktdan bir ay ərzində şikayət verə bilmədiyi halda, icra hakimiyyətinin çıxartdığı inzibati akt qanuni qüvvəyə minəcəkdir və bununla da icra hakimiyyəti həmin şəxsin evini asanlıqla sökdürə biləcəkdir. Bununla da həmin şəxsin konstitusiya ilə qorunmasına təminat verilən mülkiyyət hüququ (Konstitusiyanın 29-cu maddəsinin 1-ci və 4-cü bəndinə bax)kobud surətdə pozulacaqdır.
Əsasən vəkilin köməyinə daha çox və təcili ehtiyacı olan cinayət törətməkdə təqsirli bilinən şəxslər vəkilsizlikdən ən önəmli insan hüququ olan öz azadlıqlarından (bax: Konstitusiyanın 28-ci maddəsi) - qısa müddətli də olsa - məhrum ediləcəklər.
Digər tərəfdən vəkillərin onlara olan böyük tələbatdan dolayı öz vəzifələrindən sui-istifadə etmək, onlardan tamamilə asılı olan insanlarla istədikləri kimi rəftar etmək, kiçik narazıçılıq edən müvəkillərindən asanlıqla yaxa qurtararaq digər “müştərilərə” üz tutmaları üçün münasib zəmin yaranacaqdır. Sonradan onların Vəkillər Kollegiyasından uzaqlaşdırılması düşünülərsə, bu zaman onsuzda Azərbaycanda səhrada su kimi çətin tapılan vəkillərin qeyri qənaətbəxş olan saylarını daha da azaldacaqdır.
Bütün sadalanan bu və bu kimi problemlərin yaranacağına baxmayaraq bir nəfəsdən nümayəndəlik institunun tamamilə ləğvini tərfiləyən insanları anlamaq çox çətindir. Əsasən də bu şəxslər tərəfindən Konstitusiyanın 61-ci maddəsinin 1-ci bəndi əsas gətirilir: Hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Lakin başa düşmək lazımdır ki, yüksək keyfiyyətli hüquqi yardımı təmin etmək üçün hüquqi yardım təminatını məhv etmək olmaz və bu formada keyfiyyətli hüquqi yardım təminatı mümkün olmayacaqdır. Nümayəndəlik institunun tamamilə ləğvinin tərəfdarları61-ci maddədən bir öncəki maddəni və yuxarıda qeyd edilən 12 və 26-cı maddələrini görməməzlikdən gələ bilməzlər. Başlanğıcda verilən misaldakı kimi, birinci yeni evi tikib və ya müvəqqəti qalınacaq yeri təmin edib ondan sonra mövcud evin sökülməsi məqsədəuyğun və məntiqli olduğu kimi, ilk öncə münbit şərait yaradılmalı, vəkillərin sayı kifayət qədər artırıldıqdan sonra əslində düzgün qarşılanmalı olan nümayəndəlik institunun tam ləğvi reallaşdırılmalı idi. Hüquqi yardım təminatını aradan qaldırdıqdan sonra keyfiyyətli hüquqi yardımdan danışmaq məntiqsiz və konstitusiyaya birbaşa ziddir.
5. Belə olan halda nə etməli?
Yuxarıda sadalanan səbəblərdən dolayı hüquqları pozulan şəxslər ilk öncə tapılması bundan sonra müşkil olacaq bir vəkilə müraciət edərək qanunlara edilən dəyişiklikləri nəzərdə tutan qanunun konstitusiya ilə qorunmasına təminat verilən əsas insan hüquq və azadlıqları kobud surətdə pozması əsası ilə AR Konstitusiya Məhkəməsinə konstitusiyanın 130-cu maddəsinin 4-cü və 3-cü bəndinin 1-ci nömrəsinə uyğun olaraq birbaşa şikayət verə bilərlər.Burada şikayət birbaşa qanunun özünə qarşı yönəldiyindən aşağı instansiya məhkəmələrinə müraciət etməyə gərək qalmayacaqdır. Şikayət verilən zaman yuxarıdakı qanunla AR Konstitusiyasının əsasən 12, 26, 60 və 71-ci maddələrinin və bununla da Konstitusiyanın 24 - 71-ci madəllərində müəyyən edilən insan hüquq və azadlıqlarınınkobud surətdə pozulması qeyd olunmalı və yuxarıdakı formada əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsi hər bir hüquqi dövlətdə olduğu kimi əsl ədalət ilahəsi olaraq qanunun konstitusiyaya birbaşa zidd olmasını müəyyən edəcəkdir. Qanunun konstitusiyaya zidd olmasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsindən sonra iş aşağı inzibati instansiya məhkəmələrinə gələcəkdir. Belə ki, sadalanan səbəblərdən dolayı hüquqları pozulan və maddi və mənəvi zərər dəyən şəxslər birbaşa olaraq Azərbaycan Respublikasına qarşı inzibati qaydada iddia qaldıraraq onlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etməlidirlər. Belə ki, Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhz Azərbaycan Respublikasının qanunverici orqanı Milli Məclis hazırki şəraitdə nümayəndəlik institunu tam ləğv etməklə konstitusiyadan irəli gələn öhdəliklərini layiqincə yerinə yetirməyərək 71-ci maddəni kobud surətdə pozmuşdur ki, burada inzibati qaydada məhkəmə iddiası birbaşa dövlətə qarşı qaldırılmalıdır.
6. Təkliflər
Bu problemlərin həlli yolu kimi aşağıdakıları təklif edirəm:
Nümayəndəlik institunun tamamilə ləğvi rədd edilməli və bu ləğv sadəcə hüquq təhsili olmayan insanlara aid edilməlidir. Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb bitirmiş şəxslər maksimum 1 illik iş təcrübəsi tələb olunmaqla nümayəndə kimi ədalət mühakiməsində iştiraka buraxılmalıdırlar. Hazırki ürəkaçmayan vəziyyətdə bu müddət 3 aya qədər azaldıla və ya şəxsin təhsil müddətində keçdiyi təcrübə və ya xüsusi bilik və aktivliyi nəzərə alınaraq tamamilə ləğv edilə bilər.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası rəhbər orqan olmaqla regionlarda - Almaniyada və bir sıra Avropa ölkələrində olduğu kimi - yerli Vəkillər Kollegiyaları qurulmalı və regionlarda vəkillik fəaliyyətinin səmərəliyinin artırılması və vəkillər üzərində yerli nəzarətin güclənməsinə nail olunmalıdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və, əgər qurulacaqsa, yerli Vəkillər Kollegiyaları bir il ərzində ən azı 4-5 dəfə vəkilliyə imtahan təşkil etməli və vəkillərin tez bir zamanda sayının kifayət qədər artırılmasına çalışmalıdırlar (misal üçün, Almaniyada bir ilin iki ayı xaric olmaqla hər ay vəkillik, hakimlik və prokurorluq orqanlarına qəbulla bağlı imtahanlar keçirilir).AR Vəkillər Kollegiyasına bildirilməlidir ki, bununla indiyədək hüquqşünasların kobud surətdə pozulan sərbəst özünə peşə seçmək hüququ (bax: Konstitusiyanın 35-ci maddəsinin 2-ci bəndi)təmin edilmiş olacaqdır. Hər bir hüquqşünas digər təqdirdə AR VəkillərKollegiyasına qarşı məhkəmədə iddia qaldıraraq müntəzəm olaraq vəkilliyə imtahanların keçirilməsi və Konstitusiyanın 35-ci maddəsinin 2-ci bəndində təminat verilən sərbəst surətdə peşə seçmək hüququnun təmin olunmasını tələb edə bilər.
Elvin Cəbrayıl, Almaniyanın Köln şəhəri, hüquqşünas
moderator.az