Prorektorun yarım milyonunu oğurlayan şəxs özünü oğurlayanların üzünə durmadı, işi ağırlaşdı

21-12-2017, 14:10           
Prorektorun yarım milyonunu oğurlayan şəxs özünü oğurlayanların üzünə durmadı, işi ağırlaşdı
Bakıda prorektorun pulunu oğurlayanı oğurlayıb, onu şantaj edərək pul tələb etməkdə ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Onlar Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevdir.

Musavat.com xəbər verir ki, adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutub.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. İttihama görə, təqsirləndirilən şəxslərlə birlikdə qohumu Pərviz Quliyevi oğurlayıblar.

Belə ki, onlar Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər.

Onlar oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməməkləri qarşılığında onlara da pul verilməsini istəyiblər.

Pərviz Quliyev onların bu tələbini rədd edəndə, 2016-cı il martın 13-də kafedən çıxarkən onlar Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə, Altay Əliyevin idarə etdiyi avtomobilə mindiriblər.

Onlar Pərvizi başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Pərviz Quliyev pulunun olmadığını, 40 min manata ev aldığını deyib. Adam oğruları Pərviz Quliyevdən evi satmalarını tələb ediblər.

P.Quliyev evi sataraq onlara 15 min manat verib. Daha sonra da razılığa əsasən əlavə 3 min manat veriblər.

Təqsirləndirilən şəxslər ittihamla özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə zərərçəkmiş kimi hazırda həbsdə olan Pərviz Quliyev dindirilib.

P.Quliyev deyib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıb, pul tələb etməyiblər: "İndi ittiham aktını oxudular. Sanki başqa adamın cinayət işini oxuyurlar".

Məhkəmədə elan edilib ki, Pərviz Quliyev ibtidai istintaqda fərqli ifadə verib. P.Quliyev isə bunu belə izah edib ki, ifadəsini oxumadan imzalayıb.

P.Quliyevin ibtidai istintaqa verdiyi ifadəsi elan edilərkən məlum olub ki, o, yuxarıda ittiham aktında yazılanlarla eyni məzmunlu danışıb.

O, dəstə üzvləri tərəfindən saxlanılan zaman işgəncələrə məruz qaldığını, döyüldüyünü həmin ifadəsində göstərib.

P.Quliyev söyləyib ki, istintaqda müstəntiq onu aldadıb: "Müstənriq nə yazıbsa, onu oxudunuz. Bu o demək deyil ki, belədir. Düzüb-qoşub yazıb. Mən də oxumadan imzalamışam. Qız-zadam ki, kimsə məni zorlasın? Mən zərərçəkmiş deyiləm".

P.Quliyev hakimlərin və dövlət ittihamçısının suallarını cavablamdırarkən aqressiv cavab verib. Bəzi suallara isə ümumiyyətlə cavab vermək istəməyib. Məhkəmə P.Quliyev təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməməyə çalışıb.

Məhkəmə ona xatırladıb ki, əgər suallara cavab verməsə, o, 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.

P.Quliyev bundan sonra hadisə barədə daha təmkinli danışmağa çalışıb. O, söyləyib ki, təqsirləndirilən şəxslərdən Turab Nağıyevə pul borclu olub.

Məhkəmədə bildirilib ki, Pərviz Quliyev zərərçəkmiş kimi ifadə verməkdən imtina etdiyinə və yalan ifadə verməyə görə barəsində Cinayət Məcəlləsinin 296 və 197-ci maddələri ilə qərar qəbul edilərək Baş Prokurorluğa göndəriləcək.

Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.

Xatırladaq ki, "Odlar Yurdu" universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlanmışdı.

Oğurluqda ittiham edilən şəxslər- Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.