İlqar Məmmədov İlham Əliyevə əfv üçün müraciət edib?
14-08-2015, 20:15
2 saylı cəzaçəkmə müəssisəsində (CM) cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədov ictimaiyyətə müraciət edib.
İ.Məmmədov həmin müraciətində 2 saylı CM rəhbərliyini ona mənəvi təzyiq göstərməkdə ittiham edib. Onun bu bəyanatı REAL hərəkatının saytında yerləşdirilib.
İ.Məmmədov CM rəisinin müavinini ittiham edərək bildirib ki, müavin ona dəfələrlə xəbərdarlıq edib. Deyib ki, əgər Məmmədov prezidentə əfv üçün müraciət etməsə, ona divan tutulacaq.
İ.Məmmədovun sözlərinə görə, o, bu gün flüoroqrafiya müayinəsindən (döş qəfəsinin rentgen müayinəsi) keçməkdən imtina edib. Bu müayinə məcburidir. Ədliyyə Nazirliyinin göstərişinə görə, bütün məhkumlar bu müayinədən keçməlidir. İ.Məmmədov isə həyatına ola biləcək təhlükələrdən çəkinərək bu müayinədən imtina edib.
Bundan sonra CM rəisinin müavini Emin Həsənov İ.Məmmədovu yanına çağırıb və onu divan tutmaqla, işgəncə ilə hədələyib. İ.Məmmədov onu da əlavə edib ki, CM rəhbərliyi onun telefondan istifadə hüquqlarını məhdudlaşdırıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov İ.Məmmədovun bu bəyanatını virtualaz.org saytına şərh edərkən bildirib ki, məhkum Məmmədovun bugünkü bəyanatı təxribatdır və onun özündən qəhrəman düzəltmək, ictimaiyyətin diqqət mərkəzində qalmaq üçün göstərdiyi yeni cəhddir: “Rəsmən bəyan edirik ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət edib. Bu sənəd onun şəxsi işində də var. Əgər İlqar Məmmədov əfv üçün artıq müraciət edibsə, onu dövlət başçısına ikinci dəfə əfv ərizəsi yazmağa məcbur etmək nəyə lazımdır? Əslində burada məsələ tamam başqa cürdür. Məhkum İlqar Məmmədov cəzaçəkmə müəssisəsində özü üçün güzəşt və üstünlüklər tələb edir. Bu isə milli qanunvericiliyə, habelə CM-in daxili qaydalarına və daxili rejiminə ziddir və qanunla yolverilməzdir. Müəssisədə özünə xüsusi status tələb edən Məmmədov daxili rejim qaydalarını tez-tez pozur”.
Rentgen müayinəsi zamanı Məmmədovun səhhətinə təhlükə olması barədəki sualı cavablandıran Y.İsakov bildirdi ki, bu iddia sadəcə olaraq gülməlidir: “Vərəmlə mübarizə üzrə təlimata uyğun olaraq avqustun 11-dən etibarən bütün CM-lərdə flüoroqrafiya müayinələri həyata keçirilir və bütün məhkumlar müayinə olunur. Bu müayinələri Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi həyata keçirir. Həmin təlimat 2013-cü il, avqustun 1-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.
Məsələ burasındadır ki, İlqar Məmmədov bu gün - avqustun 14-də saat 15:00-da özü könüllü şəkildə bu müayinədən keçib. Onun bütün spekulyasiya və demaqoji ritorikası isə gülüş doğurur. Bunun əvəzinə başqa şey düşünsə, daha yaxşı olar. Belə variantlar artıq yeni və maraqlı deyil. Bir şeyi də anlamaq lazımdır ki, İlqar Məmmədov özündən başqa artıq heç kəsə gərək deyil”.
Y.İsakov sonda bunu xüsusi qeyd etdi ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.