Kibercinayətkarlığın iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb
19-09-2024, 17:37
Kibercinayətkarlığın qlobal iqtisadiyyata hər il 1 trilyon ABŞ dollarından çox ziyan vurduğu təxmin edilir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusunda keçirilən ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında bildirib.
Onun sözlərinə görə, Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən kiberhücumlar qlobal miqyasda artmaqda davam edir.
"Belə ki, bu ilin I yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 % artıb. Bu artımın əsas səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır. Belə bir mühitdə informasiya təhlükəsizliyi məsələlərinin önəmi daha da artır", - deyə rəis müavini qeyd edib.
A.İsmayılov onu bildirib ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatı kibertəhlükələri bu gün dünyanın üzləşdiyi ən mühüm risklərdən biri hesab edir:
"Kiberhücumların kəskin artdığı, kibercinayətkarlığın qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vurduğu bir dövrdə konfransların, sərgilərin, aktual müzakirələrin təşkilini, keçirilməsini çox əhəmiyyətli hesab edirik. "Yaşıl İqtisadiyyat Naminə Kibertəhlükəsizlik" mövzusu, rəqəmsal dövrdə dayanıqlı inkişaf üçün həyatı əhəmiyyət kəsb edən kibertəhlükəsizlik sahəsindəki son nailiyyətləri və trendləri əhatə edir. Bu mövzu, həm iqtisadi inkişafı, həm də texnoloji tərəqqini nəzərə alaraq, bizə yaşıl iqtisadiyyat hədəflərinə çatmaq üçün zəruri olan kibertəhlükəsizlik yanaşmalarını təqdim edir".