Ucuz Çin pulu Azərbaycan bazarında ucuzluq yaradacaqmı?!

17-08-2015, 20:18           
Ucuz Çin pulu Azərbaycan bazarında ucuzluq yaradacaqmı?!
Çinin milli valyutası yuanın ucuzlaşması bu ölkə ilə ticarət sahəsində əlaqələr quran Azərbaycandan da yan keçməyəcək.

İqtisadçıların isə bu məsələdə mövqeləri fərqlidir. Bir qrup düşünür ki, yuanın devalvasiyası Azərbaycan bazarında bahalaşma ilə, digər qrup isə düşünür ki, əksinə, ucuzlaşma ilə müşayiət olunacaq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, yuanın devalvasiyasının faizindən asılı olaraq Azərbaycan bazarında Çindən idxal olunmuş mallarda 7 faiz ucuzlaşma ola bilər.

“Çindən idxalın həcmi çox olduğuna görə yuanın dəyər itirməsi oradan gələn məhsulların dəyərini azaldacaq. 2014-cü ildə Azərbaycanla Çin arasında 760 milyon dollardan çox ticarət dövriyyəsi olub. Bunun 697 milyon dolları, yəni 95 faizi isə idxalın payına düşür.

Çindən gətirilən malların ucuzlaşması isə yuanın devalvasiya faizindən asılı olacaq. Həmin faizə uyğun olaraq Azərbaycan bazarında Çin malları 7 faiz ucuzlaşa bilər. Bu isə əsasən geyim və digər istehlak malları olacaq. Hələlik avadanlıq və məişət texnikasında kəskin qiymət azalmaları müşahidə olunmayacaq” - deyə V.Bayramov cari vəziyyəti virtualaz.org saytına şərh edərkən bildirib.

İlham Şaban isə bu fikirdədir ki, Azərbaycan istehlakçısı yuanın devalvasiyasını hiss etməyəcək, yəni bazarda heç bir ucuzlaşma olmayacaq: “Mənə elə gəlir ki, Azərbaycan bazarı reallıqlarını nəzərə alsaq, yuanın bizə heç bir təsirini gözləmək olmaz. Söhbət istehlakçılardan gedir. Ötən il analoji vəziyyət Türkiyə maliyyə bazarında oldu. Türk lirəsi 20 faiz ucuzlaşdı, amma Azərbaycan bazarında bu ucuzlaşma hiss və müşahidə olunmadı. Ona görə hesab edirəm ki, Çində də yuanın ucuzlaşmasını Azərbaycan istehlakçısı bunu hər hansı bir formada hiss etməyəcək. İdxal monopol formada həyata keçirildiyindən ticarətin azərbaycansayağı üsulları var, ona görə də yuan iki dəfə ucuzlaşsa belə bu, Azərbaycan bazarında özünü biruzə verməyəcək”.

Bahalaşma ehtimalına gəlincə isə İ.Şaban deyir ki, bu, alıcılıq qabiliyyətindən asılıdır: “Ticarətdə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları bazarında ötən illə müqayisədə canlanma yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.