Stalinin Türk düşmənçiliyinə qurban gedən xalq - ARAŞDIRMA

19-08-2015, 11:01           
Stalinin Türk düşmənçiliyinə qurban gedən xalq - ARAŞDIRMA
Ahıska adlanan ərazi Qafqazın cənub-qərbində, Gürcüstanın qərbində, Ermənistanın şimalında, Gürcüstanin Türkiyə cümhuriyyəti ilə həmsərhəd hissəsində yerləşir. Ahıska, Adıgün, Aspinza, Ahalkələk, Bagdanovka və s. kimi hissələrdən ibarət olan,ümumiyyətlə Ahıska bolgəsi kimi məşhur olan bu qədim türk yurdu Qara dənizin şərqində yerləşib, olduqca önəmli strateji əhəmiyyətə malikdir. Bu bölgənin əhalisi türk olub,yaşadıqları yerin adı ilə də məhz Ahıska Türkləri adlanırdılar.

II Dünya müharibəsinin sonlarına dogru SSRİ-də yaşayan bir çox türk toplumları kimi Ahıskalılar da sürgün edilmiş, öz doğma yurd-yuvalarından çıxarılmışdılar. Bu sürgün Ahıskalılar üçün çox ağır nəticələrə səbəb oldu. Belə ki, 1944-cü ildə sürgün edilən bu xalq elə yoldaca xeyli itkilər vermiş, sürgün yerlərinə çatdıqdan sonra da agır şəraitdə yaşamaga məcbur edilib və 12 il sərt nəzarət altında tutulub.

1957-ci ildən digər xalqlara öz vətənlərinə dönməyə icazə verilsə də, Ahıska türklərinə geri dönmək imkanı verilmədi. Halbuki, digər toplumlar sürgün edilərkən bəzi bəhanələr irəli sürülmüş, onların Almanlarla əlaqə saxladığı bildirilmişdi, amma Ahıska Türkləri günahsız olaraq sürgün edilmişdi. Digər xalqlar öz yurdlarına qayıtdığı halda, Ahıska Türkləri hələ də sürgün həyatı yaşayırlar.

Geri dönüş mübarizəsinin sonrakı mərhələlərində də bəzi önəmli qərarlar qəbul edilsədə bu Ahıskalılara şamil edilməmişdi. 1968-ci ildən etibarən qərb dünyası da 24 il gizli saxlanılan bu sürgündən xəbər tutmuş, SSRİ-nin özündə də bu sürgunlər ifşa edilir. Bütün bunlara rəğmən Ahıskalılara vətənlərinə dönməyə icazə verilmirdi. 1989-cu il Fərqanə adı ilə tarixə düşən hadisələrdən sonra Ahıska türkləri sürgündən sonrakı ən çox məskunlaşmış olduqları Özbəkistandan da sürgün edildilər. SSRİ-nin dağılmasından sonra Axıska türklərinin öz doğma yurd-yuvalarına qayıtmaq uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyur.

Gürcüstan Avropa Şurası qarşısında türklərin geri köçürülməsi ilə bağlı öhdəliklər götürsədə, bu öhdəlikləri tam olaraq yerinə yetirmir. Bəzi qanunlar qəbul edilsədə bu hələlik yetərli deyil və sayı təxminən 600.000-ə catan Ahıska türkləri hələ də dünyanın 15 – dən artıq ölkəsinə səpələnmiş və sürgün həyatı yaşayırlar.

1944-cü il sürgünü, sürgünün məqsədi və nəticələri....

16 mart 1921-ci il Moskva müqaviləsi ilə Ahıskanın (qədim türk dilində Ak-sıka - yeni qala mənasını verir) SSRİ sərhədləri daxilinə qatılması təsdiqləndi. Bu tarixdən etibarən yerli əhalinin həyatı dəyişməyə başladı.130 minə yaxın əhali(o vaxtkı Gürcüstan əhalisinin 5.2% i) digər müsəlman və türk xalqları kimi ağır rejimdə yaşamağa və əziyyətlərə məhkum edildilər.1930-cu illərdə Ahıska türklərinə edilən təzyiqlər daha da artırıldı. I sovet ensiklopediyasında özləri türk, dilləri isə Anadolu türkcəsi kimi göstərilən bu xalqın dili sonradan dəyişdirilməyə, soy adları Gürcü adları ilə əvəz olunmağa məcbur edilir. Öz dillərində təhsil almağa icazə verilməmiş,milli kimliyi unutdurulmağa çalışılmışdı.

II dünya müharibəsinəcən orduya çağırılmayan Ahıskalılardan müharibə başlayan kimi əli silah tutan hər kəsi, təxminən, 40 min nəfəri orduya aldılar. Geridə qalan yaşlı, qadın və uşaqlar isə Ahıska-Borjom dəmiryolunun inşasına cəlb edildilər.Əhali xəbəri də olmadan gələcəkdə sürgün ediləcəkləri dəmiryolunu özləri tikməyə başladılar. Müharibənin sonlarına yaxın qələbənin sevinci ilə yaşayan Stalin Almanlarla əlaqə yarada biləcək türk və Türkiyə meylli xalqları cəzalandırmaq qərarına gəldi. Yüz minlərlə əhali öz yurdlarından sürgün edildi.

Sürgün edilənlərin içərisində ahıskalılar da var idi, halbuki onlara atılacaq böhtan belə tapılmamış, guya ki, onların müdafiəsi üçün köçməli olduqları bildirilmişdi. Stalinin özünün imzaladığı, Dövlət Müdafiə Komitəsinin 31 iyul1944-cü il 6279 saylı qərarı ilə Ahıskalıların sürgün əmri verilmişdi. Qərar belə əsaslandırılır: Gürcüstan SSR dövlət sərhəddini qorumaq məqsədilə lazım olan şərtləri təmin etmək üşün Dövlət Müdafiə Komitəsi, aşağıdakı qərarları alır:

- Gürcüstan SSR-nin sərhəd bölgəsi olan Ahıska, Adıgen, Aspiniza, Ahalkələk və Bagdanovaka rayonlarıyla Acarıstan muxtarıyatından Türk, Kürt və s. olmaqla 86.000 nəfərlik əhalinin 40.000 - i Qazaxıstan SSR-ə, 30.000 - i Özbəkistan SSR-ə, 16.000 - i də Qırğızıstan SSR-ə köçürülsün. Köçürülmə SSRİ Xalq Daxili İşlər Komisarlıgına tapşırılsın, köçürmə prosesinə 1944-cü ilin noyabrında başlansın;

- Bu ərazilərə gələnlərə hər cür yardim göstərilsin, köçürülüb göndərilmiş əhalidən qalma ərazi və ev heyvanlarının əsası yeni gələnlərə verilsin, yeni gələnlər 1945 –ci ildə vergilərdən azad olunsun.

Sənəd elə tərtib olunmuşdur ki sanki Ahıskalıların köçürülməsi üçün hər bir tədbir görülüb və onların huquqları qorunacaq. Amma belə olmadı. Ahıska türkləri 1944-cu ilin soyuq qış ayında(noyabr) bir neçə saat içində yığışıb köçə məcbur edildilər. Bu köç Ahıskalıların tarixində gətirdiyi nəticələrə görə ən agır hadisələrdən biri idi. Belə ki 2 saat içində qapalı heyvan vaqonlarına yığılan və göndəriləcəyi yerə çatana qədər enməyə icazə verilməyən Ahıskalılarin təxminən 30-40 mini yoldaca aclıq, susuzluq, xəstəlik və başqa səbəblərdən öldü.

Çatdıqları yerlərdə də xoş qarşılanmayan və “günahsız olsaydınız sürgün edilməzdiniz” düşüncəsi ilə nəinki nəzarətçilərin hətta yerli əhalinin təzyiqlərinə məruz qalan Ahıskalılar ilk 6 aydan sonra 12 il müddətində ağır nəzarət altında yaşamağa məcbur edildilər. Onlara həmçinin öz dillərində təhsil almaq, bir yerdən başqa yere getmək, qohumları ilə əlaqə saxlamaq da qadağan edilmişdi. Orduya getmiş 40 min nəfərdən 25 mini döyüşlərdə həlak oldu, geri qayıdan qazilərə, hətta müharibə qəhrəmanlarına da güzəşt edilmədi və onlar da sürgün edildi. Muharibədən təzə qayıdan və öz ailəsini yerində tapmayan insanlar bu dəfə də mərkəzi Asiyada öz ailəsini tapmaq ücün xeyli əziyyətlər çəkdilər.Bəzilərinin ailələri isə elə yoldaca ölmüşdülər.

200.000 nəfərlik bir Türk əhalisi yurdlarından tamamilə sürgün edilir və bu hadisədən 1968-ci iləcən Qərb Dünyasının xəbəri olmur. Sanki İslandiya və yaxud İsveçrə, yaxud Küveyt və ya Alyaskanın bütün əhalisi yoxa çıxırlar. Böyük bir xalq yaşadıqları sərhəd ərazisindən sürgün edilib minlərcə mil uzaqlarda sərt bir polis rejimi altında yaşamağa məhkum edilirlər. Çox böyük itkilərə səbəb olan bir əməliyat. Həm də bu əməliyat 24 il ərzində gəlib keçən Sovet liderləri tərəfindən də çox dəqiqliklə gizli saxlanılırdı.

Bəs bu xalqın günahı nə idi?

Bu sual beyinləri ən çox məşğul edən sual idi. Sürgün başlayanda yerli xalqa “Almaniyanın Türkiyə ərazisindən hücüm etmə təhlükəsi var” deyilmiş və başlayacaq müharibədən onları qorumaq üçün mərkəzlərə doğru köç etmələri tapşırılmışdı. Lakin II Dünya müharibəsinin son dövründə Almaniya artıq süqut edirdi və o yerlərə qədər gəlib SSRİ-yə hücum etməyə gücü yox idi. O vaxt üçün bitərəf sayılan Türkiyənin də Avropada Almanlara qarşı ikinci cəbhə açılmış bir vaxtda SSRİ-yə hücum etməsi mümkün deyildi. Həm də Müdafiə Komitəsinin qərarının 11 ci maddəsi ilə bu yerlərə Gürcüstanın digər yerlərindən əhali köçürülməsi tapşırılmışdı.

Əgər müharibə təhlükəsi var idisə niyə bu yerlərə yeni əhali köçürülürdü?

Bu onu göstərir ki, Ahıskalıları sürgün etmək üçün böhtan belə tapılmamış və onları yalnız yalançı müharibə bəhanəsi ilə köçürmüşdülər. Bu sualın cavabını əsl səbəbi isə L.Beriyanın Stalinə 24 noyabr 1944-cü il məktubundan tapmaq olar:

“Dövlət Müdafə Komitəsinin qərarı ilə SSRİ Xalq Daxili İşlər Komissarlığı Gürcüstanın sərhəd bölgəsindən Türk , Kürt və s. toplumların köçürülməsini tamamlamlayıb. Türkiyənin sərhədə yaxın qismindəki əhali ilə qohumluq bağları olan sözügedən xalqın önəmli bir çoxluğu qaçaqçılıq etməkdə olub Türkiyə kəşfiyyatı üçün iştirakçı və şəbəkə qrupları hazırlamaq üçün qaynaq təşkil etməkdə idi. Adıkeçən rayonlara Gürcüstanın digər yerlərindən kəndlilər köçürüləcəkdir”.

Göründüyü kimi Stalinin əsl niyyəti Türkiyə ilə sərhəd əraziləri türklərdən təmizləyib ora etnik dayaq məqsədilə gürcüləri köçürmək,sonra isə Türkiyəyə ərazi iddiaları etdiyi rayonları ələ keçirmək üçün ediləbiləcək hücuma əlverişli şərait yaratmaq idi. Qərbli müşahidəçilər də bu qənaətdə idilər:

“Onların(Ahıskalıların) sürgününün məqsədi Stalinin düşündüyü Türkiyə üzərinə hucum üçün strateji əhəmiyyətə sahib bu ərazini Türk ünsürlərdən təmizləmək idi”.

Əslən gürcü olan Stalinin hazırladığı zəmin əsasında, 1945-ci ildə iki gürcü professor “Türkiyəyə olan haqlı iddialarımız” başlıqlı yazılarında Türkiyənin şimal şərq ərazilərinə ərazi iddiaları irəli sürdülər. Lakin sonrakı dövrlərdə bu yaradılmış gərginlik aradan qaldırıldı.

Stalin Ahıskalıları Mərkəzi Asiya müsəlman Türklərinin ərazilərinə sürgün etməklə onların Mərkəzi Asiya Türkləri içində assimilyasiyaya uğrayacağını və onlara qaynayıb-qarışıb, bir daha geri dönməyəcəklərini düşünmüşdü. Bu sürgün Cənub Şərqi Anadoluya göz tikən gürcülərin Ahıskanı Türklərdən təmizləmə planı idi.

“Literaturuli Sakartvelo” qəzetində bir məqalə yazan M.Beridze sürgünun səbəbi kimi “Ahiska və bölgə əhalisi Türkiyə tərəfilə münasibətlərini davam etdirib, Türkiyə meyilli idilər” deyə yazmiş və bu sürgünün onlardaki milli şüuru da gücləndirdiyini bildirmişdi.

Sürgündə Erməni faktorunu da unutmaq olmaz.Belə ki Türk-Rus muharibələrində Türkə xəyanət etdikdən sonra artıq bu bölgələrdə qala bilməyəcəyini düşünən ermənilər rus ordusunun arxasınca bu yerlərə gəlmiş, bu gün də bu bölgələrlə bağlı hesabları var və qərbli müşahidəçilər də erməni faktorunu istisna etmirlər.

Geri dönüş mübarizəsi....

1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-dəki sərt rejim nisbətən yumşalmağa başladı. Kommunist partiyasının XX qurultayından sonra Stalinin sürgün etdiyi qaraçay, balkar, çeçen, inquş və kalmık kimi Qafqaz xalqları düşmənlə əlaqəyə girib dövlətə xəyanətdən iddiasından bəraət aldılar və öz ana yurdlarına dönə bildilər. Amma Krım Türkləri və Ahıska Türklərinə dönmə icazəsi verilmədi və onlara öz vətənlərini ziyarət etmək belə qadağan edildi. 1956-cı ilin 31 oktyabrında Ali Sovet onları gizli polis təşkilatının sərt nəzarətindən qurtardısa da, geri dönməyə icazə verilmədi, öz mülkiyyətləri geri verilmədi.

SSRİ Ali Sovetinin 28 aprel 1956 və 31 oktyabr 1957 ci il tarixli qanunun 2-ci maddəsinə görə çıxarılan bəyannamə özündə bunları ehtiva edirdi:

“Əvvəllər Sovet Gürcüstanı, Acarıstan, Ahıska, Ahalkələk, Adıgen, Aspinza və Baqdanovka bolgələrində yaşayan Türklər işləmək istədiyi yerə getmək azadlığı, bütün Sovet Respublikalarında yaşama hüquqları baxımından digər Sovet vətəndaşları ilə eyni hüquqlara sahibdirlər. Siyasi vəzifə tuta,partiyaya üzv ola bilər, uğurları ölçüsündə mükafatlandırıla bilərlər”

Bəyannaməyə görə ahıskalılar bu hüquqlarından faydalana bilərdilər, ancaq köçkün olduqları üçün istifadə edə bilmədilər.

“Siz azərisiniz. O halda Azərbaycana qayıda bilərsiniz”

Ahıska Türklərinin təmsilçiləri ilk dəfə olaraq Moskvada geri dönmək üçün müraciət etdilər, lakin onlara “Siz azərisiniz. O halda Azərbaycana qayıda bilərsiniz” deyilmişdi. Bəzi ahıskalılılar bunu qəbul edərək öz vətənlərinə yaxın bildikləri və ordan Ahıskaya kecməyin asan olduğunu düşündükləri Azərbaycana 1958 – ci ildən gəlməyə başladılar. Belə ki, bu ailələrdən təxminən 245 ailə 1960-cı ilin fevralında Ahıska bölgəsinə kecməyə təşəbbus etdilər. Amma o vaxtki Gürcüstan SSR KP birinci katibi Vasili Mzhavanadze tərəfindən geri göndərildilər.
Wimbush və Wixman 1975-ci ildə bu barədə geniş bir araşdırma yazısı yayımladılar:

“1956-57 ci illərdə digər sürgün xalqları düşmənlə işbirliyi etməkdən bəraət edərkən, ahıskalıların adı da çəkilmirdi. Onsuzda əvvəlcədən də elə təqsirləndirilməmişlərdi. Xain elan edilən xalqlara vətənə dönməyə icazə verilirkən, belə bir təqsirləri olmadan sürgün edilən insanlar hec nəzərə alınmırdılar.Əgər belə isə Ahıskalılar qorxunc bir faciənin qurbanı olmuşdular”

Gürcülər Ahıskalılara milliyət dəyişimi təklif etmişdilər. Belə ki, ahıskalıların vətənə dönüş mübarizəsinin liderlərindən olan Ənvər Odabaşev belə bildirir:
“Gürcü liderləri bizə bir təklif etdilər: Əgər siz “biz Meskhlərik, müsəlman gürcülərik” desəniz sizi vətəninizə göndərərik. Biz bu təklifi qəbul etdik amma xalqımız qəbul etmədi”

Vahid Əmrullayev bir qrup Ahıskalı adından SSRİ Baş Müfəttişliyinə müraciət etmiş və bu müraciət Gürcüstan Baş Müfəttişliyinə çatdırılmışdı. Baş hüquq müşaviri Z.Basişvili imzasıyla gələn 30 may 1964-cu il tarixli cavab belədir:

“1944-cü ildə Ahıska, Aspinza, Adıgen bölgələrindəki nüfusun sürgün edilməsinin qanuni olub-olmaması haqqında SSRİ Baş Müfəttişi R.A.Rudenkoya göndərilmiş toplu imzalı məktub Gürcüstan SSR Baş Müfəttişliyinə çatdırılıb. Məsələ ilə əlaqədar olaraq sizin məktubunuzda vurğulanan qanunilik prinsipinin Gürcüstan Baş Müfəttişliyində həll oluna bilinməyəcəyini bildirmək istəyirik. Sözügedən əməliyyat və tədbirlər SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə gercəkləşdirilib və hazırda da köçürqülmüş əhalinin istədiyi yerə getməkdə sərbəstlik hüququ tanınıb”

Təşkilatlanma işi zəif idi, amma buna rəğmən bəzi irəliləyişlər var idi.Belə ki 1964-cu ilin fevralında, Daşkənddə keçirilən Xalq Konqresində “Milli Haqların Qorunması üçün Türk Birliyi” quruldu və Ənvər Odabaşev rəhbərliyə gətirildi.

“Biz türkük”...

Sürgündən 24 il sonra,1968-ci il iyun ayının 30-da keçirilmiş qurultaydan sonra Stalinin əməlləri ifşa olunmuş, pislənmiş, hətta Ahıska Türklərinin də haqsiz yerə sürgün edildiyi elan edilmişdi, Qərb dünyası da artıq bu hadisədən xəbər tutmuşdu,(Hadisə qərb dünyasından elə gizlədilmişdi ki, II Dünya müharibəsindən sonra dunyanın yeni xəritəsində bu yerlər hələ də türk yurdu kimi verilirdi), amma Ahıskalılara yenə də dönmək huququ verilmədi.

1968-ci ilin noyabr ayında Türk nümayəndə heyəti ilə görüşən KP MK - nın spikeri B.P.Lakovlev Ahıskalılara köç üçün kömək edəcəyini söz versə də, sonradan sözünə əməl etmədi. Əvəzində 1969-cu ildə Ənvər Odabaşev Ahıskalıların huquqlarını tələb etdiyi üçün həbs edildi. Ahıskalılar buna və SSRİ - nin sərt davranışlarına etiraz əlaməti olaraq 1970 ci il 6 apreldə SSRİ vətəndaşlığından çıxa biləcəklərini bildirdilər və Turkiyə səfirliyinə müraciət etdilər. 2 may 1970 ci ildə bir bəyannamə açıqladılar. Bəyannamə “Biz Türkük” deyə başlayırdı, ardınca onları sürgün edənlərin cəzalandıırılması, geri qaytarılaraq bir muxtar vilayət yaradılmasını, zərərlərinə təzminat ödənməsini, əgər bunlar olmazsa Türkiyəyə keçməyə icazə verilməsini istədilər.

Bu bəyannaməyə elə də fikir verilməsədə rəsmi sənəd baxımından önəmli hadisə sayıla bilər. Sonralar da Ahıskalıların müracətlərinə müsbət cavab verilməmiş, L.İ.Brejnevə və E.Şvarnadzeyə yazılan məktublar da cavabsız qalır. 80-ci illərdə bəzi Ahıskalılar Gürcüstana qayıtsa da(təxminən 1300 nəfər), sonradan onlar da edilən təzyiqlər nəticəsində bölgəni tərk etməyə məcbur olurlar.

Məhəmmədəli Asifli / Femida.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.