Vüqar Bayramovun 8 ay əvvəl yerli qəzetə müsahibəsi dəyişdirilərək necə saxtalaşdırılıb? - FOTOFAKT

29-08-2015, 20:39           
Vüqar Bayramovun 8 ay əvvəl yerli qəzetə müsahibəsi dəyişdirilərək necə saxtalaşdırılıb? - FOTOFAKT
2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib’) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində çap olunmuşdur. Həmin məqalədə iqtisadçı alim Vüqar Bayramovun onlara müsahibə verdiyi bildirilirdi.

Vüqar Bayramov deyib ki, biz bu gün OCCRP-dən təhdidedici email aldıq. Emaildə İSİM və İSİM rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələrinin araşdırılacağı və bunun ictimailəşdirəcəyi qeyd olunurdu. Həmçinin emaildə qeyd olunur ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. OCCRP redaktoru bildirdi ki, müsahibəmin səs yazısı (`Üç nöqtə` qəzetinə verilən) artıq `Meydan TV`-dədir. Əslində, biz bu müsahibənin yayılmasında maraqlıyıq (baxmayaraq ki, bu başqa qəzet üçün verilib). Çünki OCCRP-nin təqdim etdiyi yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana qarşı kəskin fikirlərin məhz qara piarda maraqlı olan layihə əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını bir daha göstərir. Müsahibənin səs yazısında olmayan, amma Azərbaycan üçün qara piar məqsədi daşıyan cümlələrin yazıda uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil və əsas məqsədi necə gəldi Azərbaycana qara yaxmaqdır.

İqtisadçı alim əlavə edib ki, öncədən qeyd etdiyimiz kimi, bu layihə adından heç kimsə mənimlə əlaqə saxlamayıb, müsahibə götürməyib. Məlum yazıda istifadə olunan fikirlər bu ilin yanvar ayında (!) mənim "Üç nöqtə" qəzetinə (qəzetin adı jurnalistin razılığı əsasında qeyd olunur) verilmiş müsahibəmdən tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zamanı yazını "Üç Nöqtə" qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr edilərək verilib.

Onun sözlərinə görə, sonradan "Üç Nöqtə" qəzetinin əməkdaşı ilə söhbət zamanı o bildirdi ki, bəs, sizin demədiyiniz cümlələri mətnə OCCRP rəhbərliyi əlavə edib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunur ki, guya mən demişəm ki, "Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarının açıqlamamasının səbəbini də bunda görür". Belə bir fikir olmayıb. Həmçinin müsahibəyə qulaq asaraq müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycanda tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP araşdırma aparan zaman istədikləri və arzuladıqları son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin belə təhrifləri ilə məşğul olublar. Bu bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etməkdir.

Vüqar Bayramovun sözlərin görə, məqalədə kontekstdən çıxarılan bir sıra digər faktları da demək olar. Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı, eyni zamanda fikirlər kontekstdən çıxarılaraq təqdim olunur. Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrinin veb-səhifələrində yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyim halda, bu kontekstdən çıxardılaraq, prosesin effektivliyi deyil, "prosesin şəffaflığından danışmağa imkan verməməsi" haqqında ifadə kimi təqdim olunub. Və ya `100 min dollar qalib gəlmiş şirkət` haqqında olan cümləyə gəlincə, mənim tərəfimdən heç bir rəqəm səsləndirilməyib.

“3 Nöqtə” qəzetinə verilən müsahibə ilə burada tanış ola bilərsiniz:

https://soundcloud.com/user-893433812/uch-noqte-musahibe-occrp

***

Məqalə dərc olunandan sonra Vüqar Bayramov musavat.com -la əlaqə saxlayıb. Deyib ki , onun adından yazılan stitatlar meydan.tv-dəki məqalədən çıxarılır.

"Mənim 8 ay öncə yerli mətbuata verdiyim müsahibəsini konteksdən çıxararaq və özlərindən cümlələr əlavə edən Meydan TV və The Organized Crime and Corruption Reporting Project (OCCRP) layihəsi tələm-tələsik məqaləyə dəyişikliklər edib. Belə ki, mənim adımdan guya tenderlərin formal olduğu bildirilən cümlələr məqalədən çıxarılb. Meydan TV onların guya azərbaycanlı iqtisadçı tərəfindən dediyini bildirsə də, o cümlələrin heç biri 8 ay öncə verilən müsahibədə yoxdur".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.