Rusiya qalmaqalının gizli üzü: Diplomat böhranından qaz savaşına: Azərbaycan üçün gözlənti

28-03-2018, 20:33           

ABŞ, Kanada, 16 Avropa Birliyi ölkəsi və Ukrayna Rusiyanın 67 diplomatını ölkəsindən çıxarır. Həmin dövlətlər Böyük Britaniyanın Rusiyaya qarşı qəbul etdiyi qərara dəstək olaraq bu addımı atdıqlarını bəyan edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 14-də Birləşmiş Krallığın Solsberi şəhərində sinir iflici maddəsi ilə zəhərlənib. Rəsmi London sui-qəsd hadisəsinin Rusiya kəşfiyyatı tərəfindən törədildiyini əsas gətirir. Ona görə də Rusiyanın 23 diplomatı Britaniyadan çıxarılıb.

Rəsmi Moskva da buna cavab olaraq oxşar qərar qəbul edib. Martın 26-da isə ABŞ başda olmaqla 18 dövlət Rusiya səfirliklərinin və konsulluqlarının 67 əməkdaşını persona non-qrata elan edib. Skipal qalmaqalı 2014-cü ildə Krımın ilhaqından sonra Qərblə Rusiyanın münasibətlərində yaranmış ikinci ən böyük diplomatik böhran hesab olunur. Bu hadisənin əhatə dairəsinə görə böyüyərək yeni geosiyasi qarşıdurma mərhələsinə daxil olacağı istisna edilmir. Rusiya isə martın 29-da Böyük Britaniyaya “böyük sürpriz təqdim edəcəyi”ni bildirib. Yəni, mövcud qarşıdurmanın yaxın günlərdə daha da dərinləşməsi ehtimalı var.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, Sergey və Yuliya Skripalın zəhərlənməsilə bağlı yaranmış beynəlxalq gərginlikdən bu prosesdə iştirak edən tərəflər öz geostrateji maraqları üçün istifadə etməyə çalışır:



“ABŞ-ın çağırışı və təşəbbüsü ilə Rusiyaya münasibətdə nümayiş etdirdikləri demarş məhz əvvəlcədən hesablanmış və düşünülmüş addımdır. Rusiyada prezident seçkilərinə hesablanan bu siyasi plan seçkilərdən əvvəlki və sonrakı dövrü məqsədyönlü şəkildə əhatə edir. Bu siyasətin arxasında ilk baxışda rus kəşfiyyatçı polkovniki Sergey Skripalın zəhərlənməsi dayanır.

Xatırladım ki, 2006-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti Litvinenkonun zəhərlənərək qətlə yetirilməsi də bu konteksdə nəzərdən keçirilmişdi. Skripal qalmaqalının Rusiyada prezident seçkilərindən sonra baş verməsi Putinin yenidən hakimiyyətdə qalması ilə bağlı Birləşmiş Ştatlarda və onun müttəfiqlərində yaranan narazılığın nəticəsi idi. Məqsəd Rusiyanı bir-birinə vurmaq və Putinə yenidən hakimiyyətdə qalacağı təqdirdə onunla güc mövqeyində danışılacağını qabartmaq idi. Əslində, ABŞ-ın burada konyuktur və korporativ maraqları var. ABŞ bu addımı özünün Avropa Birliyindəki ən böyük müttəfiqi olan Böyük Britaniya vasitəsilə atdı. Rəsmi Vaşinqton diplomatik və iqtisadi sanksiyaları gücləndirməklə Rusiyanı Avropanın təbii qaz bazarından sıxışdırıb çıxartmaq istəyir.

Yəni Amerika Avropa ölkələrinə öz qazını satmaq istəyir. Rusiya Ukraynadan yan keçməklə yeni kəmərlər vasitəsilə Avropa Birliyinə “mavi yanacaq” ixrac etmək niyyətindədir. ABŞ isə Rusiyanın bu planın qarşısını alaraq təbii qaz bazarını ələ keçirməyə çalışır. Avropa Birliyinin Rusiyadan enerji asılıllığı 35 faiz təşkil edir. Rusiya da əvvəllər Avropa Birliyini neft-qaz amili ilə dəfələrlə şantaj edib. Avropa Birliyinin də Rusiyadan bu qədər enerji asılılığı ABŞ-ın sözügedən məkana təsir imkanlarını kifayət qədər aşağı salırdı. Bu baxımdan, ABŞ-ın əsas marağı geoiqtisadi faktorla bağlıdır.

Britaniyanın bu məsələdə Birləşmiş Ştatlara dəstək verməsinə gəlincə, həmin səbəb Birləşmiş Krallığın baş naziri Tereza Meyin siyasi reytinqinin aşağı düşməsi ilə izah olunmalıdır. Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra tərəflərin münasibətlərində mübahisəli məqamlar yaranmışdı. Britaniyanın Avropa Birliyinə təxminən 560 milyard dollar və ya 400 milyard funt- sterlinq borcu var. Bu vəsait də 2020-ci ilə qədər ödənilməlidir. Qəribədir ki, Avropa Birliyi də Tereza Mey hökumətinin siyasətinin fərqinə varmadan, onun maraqlarının ardınca getdi. 18-ə yaxın dövlət Britaniyanı dəstəklədi. Həmin qərar Avropa Birliyi ölkələrinə aid şirkətlərin fəaliyyətinə bumeranq effekti yaradacaq. Amma İtaliya, Norveç kimi dövlətlər anlayırlar ki, Rusiyaya qarşı sanksiyalar transmilli şirkətlərin maraqlarına cavab vermir. Düşünürəm ki, Krım böhranından sonra olduğu kimi bu sanksiyalar da ciddi nəticə verməyəcək. O zaman daha böyük bir böhran yaranmışdı və rus rublunun sıxışdırılaraq məzənnəsi aşağı salınmışdı. Amma Birləşmiş Ştatların bu məsələdə başqa bir marağı da var. Belə ki, dünya valyuta ehtiyatının 65 faizi dollarladır. Bir sıra ölkələr artıq öz milli ehtiyatlarını avroya keçirəcəkləri barədə qərar veriblər.

Çin bu məsələdə Rusiyanı dəstəkləyərək 500 milyarda qədər vəsaitini avroya keçirəcəyini bəyan edib. Ona görə də ABŞ bu prosesdə uduza bilər. Baş verənlər göstərir ki, ABŞ-ın məqsədi yalnız Rusiyanı deyil, Çin, Hindistan, İran, Türkiyənin daxil olduğu yeni geopolitik məkanı parçalamaq istəyir. Trampın bu məsələdə xüsusi təşəbbüs göstərməsi də anlaşılandır. Çünki onun hakimiyyət başına gəlməsi ilə bağlı Rusiyanın xüsusi xidmət orqanlarında müəyyən fikirlər, rəylər var idi. Ona görə də Tramp öz üzərindəki bu qara ləkəni təmizləmək və impiçment təhlükəsindən xilas olmaq üçün Rusiyaya bağlı olmadığını bu yolla sübut etmək istəyir. Amma Rusiyaya qarşı sərt qərarlar qəbul edən Qərb dövlətləri bu ölkənin nüvə silahına malik olduğunu unudurlar. Bu isə çox təhlükəlidir. Nəzərə almaq lazımdır ki, Putinin Sergey Skripalı öldürməyə ehtiyacı yox idi. Çünki Skripal bildiyi məlumatları çoxdan Britaniyanın Mİ-6 kəşfiyyatına vermişdi. O, artıq informasiya vermək imkanına malik deyildi. Onun öldürülməsi ajiotaj yaradacaqdı. Ona görə də məqsəd Rusiyanı sıxışdırmaq və onunla diplomatik şantaj dili danışmaqdır ”.

Ekspert onu da qeyd etdi ki, əgər ABŞ Rusiyanı Avropa Birliyi məkanından sıxışdırıb çıxara bilsə, bu, Azərbaycanın maraqlarına cavab verəcək. Yəni, Azərbaycan Avropanın enerji bazarında yaranan tələbatı nəzərə alaraq TANAP və TAP layihələri vasitəsilə Qərbə daha çox “mavi yanacaq” satmaq imkanı əldə edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.