“Altılıq” ABŞ-a qarşı: Birqütblü dünya arzusuna SON?

12-06-2018, 19:15           

G7 ölkələrinin Kanadada baş tutan görüşü qalmaqallı keçib. Dünyanın iqtisadi cəhətdən ən güclü 7 ölkəsinin liderləri görüşüb. Zirvə toplantısında ABŞ-ın İranla olan nüvə sazişindən imtina etməsi ətraflı müzakirə olunub. Sözügedən məsələ ilə yanaşı Trampın Uzaq Şərqdən sonra Avropadan da ixrac edilən polad və alüminiuma ağır vergilər qoyması Fransa prezidenti Emmanuel Makronu özündən çıxarıb. O, ABŞ-ın qərarlarına sərt reaksiya verərək deyib ki, Avropa ABŞ prezidentinin qərarlarına məhkum olmamalıdır: “Ola bilsin ki, bu gün ABŞ prezidenti beynəlxalq arenada tək qalmağı özünə dərd hesab eləmir. Ancaq bilsin ki, biz də yolumuza G6 olaraq davam etməyi dərd etmirik”.

Maraqlıdır, 6-lıq ABŞ-ı G-7dən uzaqlaşdıra biləcəkmi?

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, böyük 7-lərin Kanadada keçirilən sammiti ərəfəsində Avropa Birliyinə daxil olan dövlətlər arasında ABŞ-a münasibətin kifayət qədər fərqli formalaşması məlum idi:

“Bu mövqeyin formalaşmasının əsas səbəbi Trampın prezident seçkisi ərəfəsində səsləndirdiyi bəyanatlar idi. O, bəyan etmişdi ki, əsas məqsədi ABŞ-ın daxili siyasəti olacaq. Tramp prezident seçildikdən sonra Avropa Birliyinə daxil olan dövlətlərin NATO ilə bağlı müdafiə xərclərini artırmağa çağırdı. Tramp bir məsələdə haqlı idi ki, əslində NATO-ya daxil olan dövlətlərin ABŞ-la müqayisədə maliyyə xərcləri kifayət qədər az idi. Bir faktı xatırlatmaq yerinə düşər ki, NATO-nun maliyyə məsrəflərinin 65 faizi ABŞ-ın üzərinə düşürdü. Buna görə də Tramp NATO-ya daxil olan dövlətləri, xüsusən, Avropada ən güclü iqtisadi gücə malik olan Almaniyanı bu xərcləri artırmağa çağırdı. Hazırda ABŞ-ın Avropa Birliyinə daxil olan dövlətlərlə münasibətlərində ciddi problem əvvəlcə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla fərqli mövqelər oldu. Məlum oldu ki, Ukraynanın ardınca Almaniya və Fransa birmənalı şəkildə ABŞ-ın Rusiya ilə bağlı sanksiyaları dəstəkləmirlər. Eyni zamanda ABŞ-ın İranla mövcud əldə edilmiş razılıqdan geri çəkilməsi də, iki ölkə arasında münasibətdə gərginliyin yüksələn xətlə artmasına səbəb oldu”.

Politoloq hesab edir ki, hazırkı gərginliyin əsasını ABŞ administrasiyasının iyunun 1-dən başlayaraq Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına gömrük rüsumunun artırılması barədə qərarı təşkil edir:

“Polad istehsalının arxasında ABŞ-ın hərbi sənaye kompleksini nəzarət altında saxlamaq istəyi durur. Alüminium istehsalı isə Avropa ölkələrinə daxil olan dövlətlərin maşınqayırma sənayesinin əsasını təşkil edir. Amerika Avropa Birliyinə daxil olan müttəfiqlərinə münasibətdə ticarət müharibəsi elan edib. Məqsəd ABŞ-ın NATO-nun saxlanılmasına olan maliyyə məsrəflərini azaltmaq, eyni zamanda Avropa Birliyinə daxil olan dövlətlərin üzərinə bu yükü qoymaqla onların iqtisadi baxımdan güclənməsinin qarşısını almaqdır.

Yəni Avropa Birliyi geosiyasi anlamda müstəqil bir oyunçuya çevrilir ki, bu da Amerikanın hələ II Dünya Müharibəsi başa çatdıqdan sonrakı planlarına daxil deyil. Məlumdur ki, ABŞ həmin ölkələrin hərbi planını özünün maliyyə asılılığında saxlamaq üçün göstərmişdi. Halbuki ABŞ-ın rəsmi mövqeyinə görə guya bu yardım həmin ölkələrə Sovet İttifaqının təsir imkanlarının azaldılmasına hesablanmışdı. Əslində ABŞ-da istehsal olunan silahı və təyyarələri məhz AB ölkələrinə və eləcə də digər dövlətlərə Vaşinqtonun maraqlarına cavab verən kontekstdə satmaqdır”.

Elşən Manafov onu da qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda digər məqsəd geoiqtisadi amillərlə bağlıdır:

“Rəsmi Vaşinqtonun məqsədi Rusiyanı Avropanın enerji bazarlarından sıxışdırıb çıxarmaq, üstəgəl, Avropaya öz istehsal etdiyi neft və qazını satmaqdır. Hətta ABŞ-ın müttəfiq dövləti Səudiyyə Ərəbistanı belə OPEC-ə daxil olan dövlətlərlə birgə qlobal bazarlarda neftin qiymətini təşkilatın maraqlarına cavab verən səviyyədə saxlamasına cəhd göstərir. Bu isə ABŞ-ın maraqlarına cavab vermir.

Hazırda həmin siyasət yeni ampluada, yeni geosiyasi reallıqlar kontekstindən davam etdirilir. Məqsəd nəyin bahasına olursa-olsun, birqütblü dünyanın formalaşdırılması ilə bağlı mövqeləri əldən verməməkdir. Soyuq müharibə başa çatdıqdan sonra əslində birqütblü dünya formalaşmışdı. Hazırda Rusiyanın, Çinin, İranın, hətta Venesuelanın cidd-cəhdləri sayəsində ABŞ-ın birqütblü dünya planı artıq sona çatmaqdadır. Həmçinin “Bridge” təşkilatına daxil olan dövlətlərin də əsas mövqeyi ABŞ-ın dollar imperiyasının maliyyə əsaslarını laxlatmaqdır. Hazırda İran Avropa Birliyi ilə münasibətlərində öz neftini dollara deyil, avroya satması da bunun bariz göstəricisidir. Bu baxımdan ABŞ-ın atdığı addımlar anlaşılandır. Cidd-cəhdlə əldə edilmiş dünya jandarm rolunu əldə vermək istəmirlər. Hazırda yaşanan bütün kataklizmlərin əsas səbəbi bundan ibarətdir”.

Yeganə Oqtayqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.