İranın qorxduğu ciddi qüvvə: Dərviş Hərəkatı – Foto/Video

30-06-2018, 09:30           

Dərviş hərəkatı İranda yeni başlamayıb. Bu hərəkatın geniş vüsət alması islam dininin yayılması ilə eyni vaxta təsadüf edir.

Bunu Teleqraf.com-a açıqlamasında İran üzrə mütəxəssis, politoloq Sədrəddin Soltan deyib.

O qeyd edib ki, Təbriz şəhəri və Güney Azərbaycanın digər bölgələrində həmişə dərvişlərin toplaşdıqları məkanlar olub:

“Güney Azərbaycanda sufiliklə yanaşı, Dərviş hərəkatı da olub. Vaxtilə İran şahları sufilik və dərvişliyə meyilli olublar, bunları qəbul ediblər. Lakin cəfəri təriqətinin üzvləri zaman-zaman dərvişlərə qarşı çıxıblar. Hesab edilib ki, bu hərəkat islam dininin nüfuzuna zərbə vurmağa xidmət edir. Daha çox Güney Azərbaycanda məskən salmış dərvişlər, yaxud, əhli-həqçilər (Əlallahı, Əli Həqçiləri) həmişə qapalı olublar. Lakin həmişə İran hakimiyyəti səviyyəsində cəmiyyətin bu təbəqəsi heç vaxt qəbul edilməyib. Çünki dərvişlər zaman-zaman sosial məsələlərlə bağlı öz etirazlarını bildiriblər. Yaxın zamanlarda İranda baş qaldırmış dərviş qiyamının zorakılıqla yatırılması və bir dərvişin edam edilməsi teokratik rejimin onlara qarşı aqressiv münasibətini göstərir”.

İranda indi də Dərviş hərəkatının davam etdiyini deyən Sədrəddin Soltan bildirib ki, dərvişlər öz məkanlarına yığışıb dini ayinlərini icra edirlər:

“Dərvişlər azad ruhludurlar. Buna görə də İran hakimiyyəti onları qəbul etmir. Çünki Dərviş hərəkatı İran hakimiyyətinin dini-ideoloji xəttinə qarşıdır. Hərəkat mövcud sosial problemləri qabardıb İran hakimiyyətinə qarşı mübarizə də aparır. 10 il əvvəl Güney Azərbaycanda sosial zəmində dəvişlər etiraz aksiyaları həyata keçirirdilər. Buna görə də İran hakimiyyəti dərvişlər və onların cəmiyyətlərinə qarşı davamlı mübarizə aparır. Etiraz edənləri kütləvi şəkildə həbs edirlər”.

Qeyd edək ki, bir neçə il əvvəl İranda baş qaldırmış Dərviş qiyamı zamanı kütləvi həbslər baş vermişdi. 2005-ci ildə Yunis Ağayan və Mehdi Qasımzadə Allaha qarşı düşmənçilikdə günahlandırılaraq edam cəzasına məhkum ediliblər. Dərvişlər barədə hökm 2005-ci ilin aprelində İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də asılıb. Digər üç azərbaycanlı məhbus – Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadullah Qasımzadə edam cəzasına məhkum edilsələr də, onların ölüm hökmləri 2007-ci ilin sentyabrında İranın Ali Məhkəməsi tərəfindən ləğv edilib. Hər üç məhbus 2009-cu ildə İranın mərkəzindəki Yəzd vilayətinin mərkəzi həbsxanasına sürgünə göndərilməklə 13 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Əhli-həqq təriqəti İraq və İranın qərbində XIV əsrdə yaradılıb. Təriqətin əsas üzvləri azərbaycanlılar da daxil olmaqla digər etnik azlıqların nümayəndələridir. Əhli-həqq təriqəti İranda tanınmır və onun mərasimləri qadağandır. İran Konstitusiyasının 13-cü maddəsinə əsasən, yalnız üç dini azlıqlara - zərdüştilər, yəhudilər və xristianlara etiqad azadlığı tanınır.

İranın qorxduğu ciddi qüvvə: Dərviş Hərəkatı – Foto/Video
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.