Rusiya hərbi kəşfiyyatının Monteneqrodakı çevriliş cəhdinin DETALLARI AÇIQLANDI

6-07-2018, 00:49           
Rusiya hərbi kəşfiyyatının Monteneqrodakı çevriliş cəhdinin DETALLARI AÇIQLANDI
Ruslar bunun üçün onlarla insanı, o cümlədən, ölkə lideri Milo Cukanoviçi öldürməyə hazır imişlər

Rusiya və NATO arasında kəşfiyyat savaşının ən böyük döyüş meydanlarından biri kiçik Monteneqro Respublikası olub. Burada Qərb xüsusi xidmət orqanları ruslar üzərində parlaq qələbə əldə ediblər.

ABŞ-ın “Newsweek” jurnalının yazarı Kristina Mazanın yazdığına görə, Monteneqroda dövlət çevrilişini araşdıran təhqiqatçılar və ekspertlərin gəldiyi ümumi rəy onun dəqiq Rusiya tərəfindən hazırlanmış olmasıdır.

“Xarici siyasi araşdırmalar institutunun (Foreign Policy Research Institute) yeni məruzə sənədində rusların Monteneqroda 2016-cı il oktyabrın 16-da, parlament seçkiləri öncəsi törətmək istədikləri dövlət çevrilişinin detalları açıqlanıb”, - məqalədə qeyd olunur.

Sənədə əsasən Rusiya kəşfiyyatının iki üzvü, Eduard Şişmakov və Vladimir Petrov hazırda Monteneqro məhkəməsi tərəfindən qiyabi şəkildə mühakimə olunurlar. Onların hər ikisi əvvəlcə Serbiyaya qaçmağa müvəffəq olublar, daha sonra isə Serbiya hökuməti tərəfindən Rusiyaya təhvil veriliblər. Bundan başqa Monteneqronun 12 vətəndaşına qarşı ittiham irəli sürülüb.

“İlk baxışdan hər şey casus romanlarını xatırladır. İşin ehtimal olunan təşkilatçısı Sebiya polisinin keçmiş komandiri, 48 yaşlı Bratislav Dikiç sayılır”, - deyə müəllif davam edir: “Moskva tərəfindən hazırlanan plana əsasən B.Dikiç Monteneqro polisnin uniformasını geyinən 20 nəfərlik dəstəyə rəhbərlik etməli imiş. Onlar ölkə parlamentinin binasını tutduqdan sonra etiraz etmək üçün toplaşacaq vətəndaşlara atəş açmalıydılar. İttiham aktına görə, Şişmakov və Petrov Dikiçə silah və şifrəli telefonları əldə etmək üçün 200 min dollar pul ödəyiblər. Bu cür zorakı hərəkətlərdən sonra ölkədə fövqaladə vəziyyət tətbiq edilməli və Monteneqronun NATO-ya üzvlüyünə qarşı çıxan siyasətçilər hakimiyyəti ələ almalıydılar. Bütün bu xaosdan sonra sui-qəsdçilər Milo Cukanoviçi aradan götürməli idilər”.

Yazıda qeyd olunur ki, iqtisadçı və keçmiş kommunist M.Cukanoviç Monteneqronun müstəqillik əldə etməsindən sonra ölkənin əsas fiquruna çevrilib. Maraqlıdır ki, Cukanoviçin əvvələr ruslarla arası pis omayıb.

Onun Moskvanın keçmiş meri Yuri Lujkovla yaxınlığı bilinməkdədir. Məhz M.Cukanoviçin sayəsində ölkənin əsas aliminium zavodu rusiyalı oliqarx Oleq Deripaskanın xeyrinə özəlləşdirilib. O.Deripaska M.Cukanoviçin siyasi karyerasına kömək məqsədilə Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortu onun yanına məsləhətçi olaraq göndərib.

Oleq Deripaska, Milo Cukanoviç

Lakin hər şey Monteneqronun Qərbə və NATO-ya inteqrasiya addımlarından sonra korlanıb. 2015-ci ilin dekabrında isə M.Cukanoviçin rəhbərliyi altındakı Sosialistlərin demokratik partiyasının qurduğu hökumət rəsmi olaraq NATO tərəfindən üzvlük üçün dəvət olunub.

Buna rəğmən rusların Balkanların bu kiçik ölkəsinə marağı səngiməyib. Ölkəyə hər il 300 mindən çox rus turist gəlir. Bundan başqa rus oliqarxların burada böyük villaları və obyektləri var.

Lakin Rusiyanın Monteneqrodakı marağı yay evləri və məzuniyyət cənnətlərindən də o yana keçir. Belə ki, Moskva neçə illərdir ki, Monteneqro limanlarından öz hərbi gəmilərinin təmiri və yanacaq doldurulması üçün istifadə edirdi. Lakin “qədirbilməz” M.Cukanoviç sonradan onların bu istəyini də geri çevirib. Bunu əvəzində isə Rusiya ölkənin Avroatlantik məkana inteqrasiyasını əngəlləmək və bölgədə möhkəmlənmək üçün özünəməxsus cavab hazırlayıb.

“Hər halda sui-qəsd iflasa uğrayıb”, - deyə Kritina Maza yazır.

Moneteneqro hüquq-mühafizə orqanlarının məlumatına əsasən onlar rus kəşfiyyatına mənsub şəxslər barəsində məlumat alan kimi hərəkətə keçiblər. Seçkilərə 4 gün qalmış keçmiş polis Mirko Velimiroviç sui-qəsddə iştirakını və silahları daşımaqda kömək göstərdiyni boynuna alıb. Rusiyalı kəşfiyyatçılar məsələdən xəbər tutan kimi ölkəni dərhal tərk ediblər.

İttihamlardan biri də Kremlə sıx bağlı sayılan “gecə canavarları” adlı bayker (motosiklet) qrupunun Serbiya bölməsinin rəhbəri, Donbasda Rusiya tərəfdən vuruşmuş Aleksandr Sinceliçə qaşrı irəli sürülüb. Əslində Şişmakov və Petrovu da elə məhz Sinceliç satıb.

“Hazırda Monteneqro NATO üzvüdür və Avropa Birliyinə doğru irəliləyir, lakin ekspertlər hələ də təhlükənin davam etdiyini söyləyirlər”, - deyə müəllif yazır.

“Dövlət çevrilişinə edilən cəhd Rusiyanın bölgədəki hadisələrə hansı dərəcədə müdaxil olduğunu göstərir. Bu, həm də Kremlin bölgənin sabitliyinin pozulması üçün sərt gücün istifadəsindən qaçmadığını da nümayiş etdirir”,- Vaşinqtonda yerləşən “Atlantic Council” araşdırma təşkilatının Rusiya üzrə mütəxəssisi Mark Simakovski məqalədə rəyini bildirib./musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.