İş adamı: “Bu şəxsi həbs edin, canımızı bundan qurtaraq”

6-07-2018, 09:44           
İş adamı: “Bu şəxsi həbs edin, canımızı bundan qurtaraq”
İş adamı Mürvət Həsənli ilə Aslan İsmayılovun məhkəməsində gərginlik
Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında iyulun 5-də növbəti məhkəmə prosesi keçirilib. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses aidiyyəti qurumların cavablandırdıqları sorğuların təqdimatı ilə başlayıb.

Daha sonra təqsirləndirilən şəxs qismində çıxış edən A.İsmayılov aidiyyəti orqanların göndərdikləri sorğuların ona verilməsini istəyib. Hakim göndərilən sorğularla tərəfləri tanış etdikdən sonra təqsirləndirilən şəxsə bu sənədlərlə tanış olmaq üçün 15 dəqiqə şərait yarada biləcəyini bildirsə də, A.İsmayılov bununla razılaşmayıb və həmin sənədlərlə tanış olmaq üçün ona bir neçə gün vaxt lazım olduğunu qeyd edib. İttiham tərəfi təqsirləndirilən şəxsin bu cür yollarla prosesi uzatmaq istədiyini bildirib.

Ardınca yenidən çıxış üçün söz alan A.İsmayılov iş adamını yenə də təhqir edərək, onun ünvanına şər-böhtan yağdırıb. Bundan sonra ittiham və müdafiə tərəfi arasında gərginlik yaşanıb.

Çıxış hüququndan istifadə edən M.Həsənli vəkilin təhqirlərinə sərt cavab verib. İş adamı şəxsinin, Azərbaycan mətbuatının, ziyalılarının, dövlət adamlarının A.İsmayılovun şər-böhtanlarından, təhqirlərindən qurtulması üçün onun zalda həbs edilməsini xahiş edib: “Hörmətli məhkəmə, Aslan İsmayılov sənədlərlə tanış olmaq üçün onları almaq istəyir. Bu şəxs ötən ilin dekabrında özünün facebook səhifəsində istintaq idarəsinin məktubunu paylaşıb. Bu onun sənədləri vaxtında aldığının sübutudur. Öz səhifəsini açıb, bir daha o paylaşımı ilə tanış ola bilər. Yalan danışdığı göz önündədir”.

M.Həsənlinin çıxışının bu yerində təqsirləndirilən şəxs onun çıxışına müdaxilə edərək, ona yalançı deməklə şəxsini təhqir etdiyini bildirib. Tərəflər arasında növbəti dəfə qarşıdurma yaşanıb.

Daha sonra M.Həsənli çıxışına davam edib: “28 mart 2017-ci ildə mənə xəbər verdilər ki, türk iş adamı Ömür Oral aeroporta gəlir və səninlə görüşmək istəyir. Həmin gün ora getdim. Ora çatanda gördüm ki, onun yanında başqa bir şəxs var. Həmin şəxs üzünü mənə göstərmədən getdi. Aslan İsmayılov öz facebook səhifəsində yazır ki, guya Ömür Oral buna zəng edib ki, mənim üstümə böyük qüvvə ilə hücum çəkiblər, gəl. Kamera görüntülərindən görünür ki, həmin şəxs aeroportun girişində gözləyib. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində bu görüntülərə baxılıb və Aslan İsmayılovun yalan danışdığı görünüb. Sadəcə, bunlar özlərindən bir şou düzəldiblər. Dediyinə görə, guya Korrupsiyaya Qarşı Mübarizə İdarəsində məni bir sutka, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində üç sutka həbs ediblər. Bir arayış verim ki, iki sutka kimisə həbs edirlərsə, məhkəmə qərarı olmalıdır. Üç sutka harada həbs edildiyimi hələ də bilmirəm. Araşdırma üçün dəvət olunmuşam və izahatımı vermişəm. Cənab hakim, bu gün sizdən artıq dərəcədə xahiş edirəm ki, bu insanın şər-böhtanından şəxsimin, media mənsublarının, ziyalıların, dövlət adamlarının, ümumiyyətlə, hər kəsin qurtulması üçün bu şəxsi həbs edin, canımızı bundan qurtaraq. O qədər şər-böhtana keçib ki, artıq hər kəs onun cəzalandırılmasını istəyir. Aslan İsmayılov uzun illərdir ki, Azərbaycanın dövlətini sevən, onun maraqlarının keşiyində dayanan insanları hədəfə alıb, onlara qarşı mənəvi terror həyata keçirir. Bu adamın fəaliyyəti reketçilik və şantaj üzərində qurulub. Aslan İsmayılov hüquqi müstəvidə qalib gələ bilməyəcəyi insanları sosial şəbəkələrdə müzakirəyə çıxarır, yazdığı statuslarla onların haqqında ən aşağılayıcı ifadələrin işlədilməsinə imkan yaradır. Yalan və böhtan xarakterli məlumatlarla ictimai rəyin hədəf seçdiyi insanın əleyhinə yönləndirilməsinə cəhd göstərir. Hüquqdankənar bütün vasitələrdən istifadə etməklə çalışır ki, özünün və yaxud sufarişçisinin hədəf seçdiyi şəxsin ictimai statusunu ləkələsin, onu zəif duruma salsın. Bu, hüquq müdafiəçiliyi deyil, cinayət yolu ilə külli miqdarda vəsaitə sahiblənmək üçün vasitədir. Aslan İsmayılovun reketçiliyi bu cinayət əməlində mövcud olan vasitələrin ən təhlükəlisidir. Çünki o, hüququ öz reketçiliyi, cinayət əməlləri üçün vasitə seçib. Bu şəxsin əməllərinə son qoyulması Azərbaycanın ləyaqətli insanlarının, ölkənin iqtisadi inkişafı üçün çalışan iş adamlarının, milli-mənəvi dəyərlərimizə sahib çıxan ziyalıların, media nümayəndələrinin, hüququn, qanunvericiliyin, müstəqil məhkəmə sisteminin şantajdan xilas edilməsidir”.

Beş dəqiqəlik fasiləyə çıxan məhkəmə heyəti qayıtdıqdan sonra proses davam edib.

M.Həsənlinin vəkili Sahil Əzizov çıxışında bunları deyib: “Bizim xüsusi ittihamın mahiyyəti 147.2-ci maddə ilə təqsirləndirilən şəxsin təqsirləndirilməsi ilə bağlı verdiyimiz şikayətdir. Bu maddə üzrə ağır cinayətdə bizə böhtan atıb. Aslan İsmayılov böhtanın nə demək olduğunu çox gözəl bilir. Böhtanın olmamasını deyirsə, hökmən sübutlar təqdim etməlidir. Bizim barəmizdə nə qərar çıxarılıb, nə də hökm verilib. Ona görə iddiamızı müdafiə edirik. Aslan İsmayılov öz facebook səhifəsində bildirir ki, məhkəməyə düşmək cəngəllikdir. Şər-böhtanlarını bu şəxs davam etdirir. Bəzi hallarda hətta açıq şantaja da keçir. Bizim xahişimiz ondan ibarətdir ki, məhkəmə uzanmasın, süründürməçiliyə yol verilməsin”.

İttiham tərəfin vəkilinin çıxışından sonra proses saat 16:00-a qədər təxirə salınıb. Təqsirləndirilən şəxs buna etiraz edərək, həmin iclasa gəlməyəcəyini bildirib. Lakin onun etirazları nəticə verməyib.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi facebook səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin “Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə “Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, “Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.

Məhkəmə iyul ayının 31-i davam edəcək.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.