Mingəçevirdəki qəza... Gəncədəki qəsd... - Heç nə təsadüfi deyil...

7-07-2018, 16:58           
Mingəçevirdəki qəza... Gəncədəki qəsd... - Heç nə təsadüfi deyil...
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov adlı Rusiya vətəndaşı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, dünən rəsmi qurumlar onunla bağlı konkret faktlar açıqladı və bu durum terror aktı kimi qiymətləndirildi.

3 qurumun birgə yaydığı məlumatda onun 8 ay İranın Qum şəhərində yaşadığı, daha sonra Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir. Qeyd olunur ki, o, Azərbaycanda dövlət çevrilişi etmək və şəriət dövləti qurmaq istəyib.

Lakin Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyevin Yunis Səfərovla bağlı verdiyi açıqlama bəzi suallara səbəb olub. X. Vəliyevin sözlərinə görə, Yunis Səfərovun anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.

Verilən rəsmi açıqlama ilə X. Vəliyevin açıqlaması arasında böyük bir uçurum var. Bir açıqlamaya görə, terror hadisəsi radikal dinçilərlə bağlıdır, digər açıqlama isə bunu təkzib edir və hadisənin başqa tərəfdən planlaşdırıldığını düşünməyə şərait yaradır.

Yaranmış vəziyyəti BakuPost-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, istintaq orqanları hər an yeni bir məlumat əldə edə bilərlər və bu məlumat terror aktı ilə bağlı daha öncə yaranmış mənzərəni tamamilə dəyişə bilər. Bundan başqa, politoloq anası erməni olan Rusiya vətəndaşının bu hadisə üçün məqsədyönlü şəkildə seçildiyini ehtimal edir:

"Yunis Səfərovun 8 ay Qumda yaşaması və Suriyada təlim keçməsi, yaxud döyüşməsi təsdiqini tapmış məlumatlardır. Onun anasının erməni olması, özünün Rusiya pasportu daşıması bu reallıqları dəyişmir. Sirr deyil ki, hazırda Suriyada hərbi əməliyyatlarda iştirak edən terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin tərkibində alman, ingilis, fransız, gürcü, erməni və hətta rus millətindən olan insanlar da var. Bu şəxslər müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olan radikal dini qruplar tərəfindən ələ alınıblar, onlara ciddi ideoloji, psixoloji və hərbi təlimlər keçirilib. Nəzərinizə çatdırım ki, belə təlimlərdən sonra hətta əsl kimliklərini, keçmişlərini unudan insanlar da olur.

Yunis Səfərov ola bilsin ki, məqsədyönlü şəkildə ermənilərlə qohum olduğu üçün seçilib və ona Rusiya pasportu da izi azdırmaq məqsədi ilə verilib. Yaxud məqsəd diqqəti Rusiyanın üzərinə yönəltmək, son dövrlərdə inkişaf edən Bakı-Moskva münasibətlərinin üzərinə kölgə salmaqdan ibarət olub. Yunis Səfərov isə iki tərəfin – İran və Ermənistan xüsusi xidmət orqanlarının birgə layihəsi də ola bilər. İran, yaxud bu ölkədə olan hansısa dairələr Rusiya-Azərbaycan münasibətlərinin inkişafını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Tehranın regiondakı əsas müttəfiqi Ermənistanın küncə sıxışdırılmasını özləri üçün təhlükə görür. İran Rusiya-ABŞ və NATO hərbi komandanlığının Bakıda keçirilən görüşlərindən, iyulun 16-da baş tutacaq Putin-Tramp görüşündən də ciddi narahatlıq keçirir. Bu narahatlıq Ermənistanın yeni rəhbərliyində də var. Çünki Rusiya ilə ABŞ arasında münasibətlərin normal məcraya yönəlməsi onların manevr imkanlarını da minimuma endirir”.

E. Mirzəbəyli Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktının ölkənin zülmətə bürünməsi ilə nəticələnən Mingəçevir qəzası ilə eyni gündə baş verməsini də təsadüf hesab etmədiyini dilə gətirib: "Qəzanın növbəti gün yenidən təkrarlanması da təsadüfə oxşamır. Bu hadisələrin arasında əlaqələrin olub-olmadığını isə şübhəsiz ki, istintaq müəyyənləşdirəcək.

Hadisələr arasında zəncirvari əlaqələr axtarsaq, bir neçə məqama da diqqət yetirilməsinə ehtiyac duyulur. Bu il Azərbaycanda ilk cümhuriyyətimizin 100-cü ildönümü, silahlı qüvvələrimizin, polisimizin 100 illiyi qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində dünyəvi inkişaf yolunu seçən ilk respublikadır. Bəzi ölkələrin, xüsusilə də İranın müəyyən dairələri Azərbaycan Xalq Cümhuriyyətini və onun varisi olan Azərbaycan Respublikasını müsəlman şərqində dünyəvi, müasirliyin və inkişafın modeli olaraq özlərinə təhlükə görürlər. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub, Silahlı Qüvvələrin, polisin və digər dövlət orqanlarının yaradılması ilə bağlı ilk qərarlar Gəncədə verilib. Gəncə Azərbaycanın milli ideoloji mərkəzlərindən biri və bəlkə də birincisidir. Bu baxımdan Gəncə təsadüfən seçilməyə bilər.

Başqa bir zəncirvari əlaqə ehtimalı sui-qəsdin polisin 100 illiyinin qeyd olunduğu gündən 1 gün sonra, polis əməkdaşlarının gözü qarşısında və polis əməkdaşına da sui-qəsd etməklə həyata keçirilməsi ilə bağlıdır.

Başqa bir məqam bir müddət öncə Nardaranda baş verən hadisələrin Gəncəyə köçürülməsi cəhdi və bu prosesin qarşısının qətiyyətlə alınması ilə əlaqədar ola bilər.

İndiki halda bir məqamla bağlı dəqiq mülahizə yürütmək olar: Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktı və daha öncə sadaladığım digər hadisələr Azərbaycan dövlətçiliyinə qarşı gerçəkləşdirilən aksiyalardır. Bütün bunlar bizim üçün ciddi mesajlardır və düşünürəm ki, Azərbaycan xalqı və dövləti istənilən təhlükənin qarşısını almaq və dövlətçiliyimizi qorumaq əzmində və gücündədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.