Yeni rüsumlar ölkədə satılan mobil telefonları bahalaşdıracaq? - REPORTAJ, FOTOLAR

5-08-2018, 14:25           
Yeni rüsumlar ölkədə satılan mobil telefonları bahalaşdıracaq? - REPORTAJ, FOTOLAR
Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edildi. Yeni qaydalara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

İndiyə qədər isə bazar qiymətindən asılı olmayaraq bütün mobil cihazların qeydiyyata alınmasına görə fiziki şəxslər tərəfindən 5 manat dövlət rüsumu ödənilirdi.

Yeni rüsumlarla bağlı məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə, cəmiyyətdə belə bir fikir yaranıb ki, ölkədə onsuz da devalvasiyadan sonra baha qiymətə satılan mobil cihazlar, bundan sonra ən azı 50 manat bahalaşacaq.

Musavat.com-un əməkdaşı olaraq telefon mağazalarında mövcud vəziyyətlə maraqlandıq.

Öyrəndik ki, Azərbaycanda ən çox satılan mobil telefonların qiyməti 201 ABŞ dollarından 400 dollara qədərdir. Qaydalara görə, bu qiymətdə olan mobil telefonun qeydiyyat rüsumu 60 manatdır. Mağazalarda olduğumuz zaman satıcılar müxtəlif fikirlər söylədilər. Bəziləri bildirdilər ki, yeni qaydalar onların mağazalarında qiymətlərə təsir etməyəcək. Lakin bunun əksini söyləyənlər də oldu.

Belə ki, öyrəndik ki, telefon satışı ilə məşğul olan iri şirkətlər telefonları gətirərkən rəsmi qaydada gömrükdən keçirir, rüsum ödəyirlər. Həmin mobil telefon satıldıqdan sonra 1 ay ərzində isə şirkət özü müvafiq nazirlikdə cihazı qeydiyyatdan keçirir. Lakin metronun “28 May” stansiyasının yaxınlığında yerləşən bəzi mağazalar isə telefonları fiziki şəxs kimi gətirirlər. Hansı ki, bu kimi mağazalarda satılan telefonlar adətən iri şirkətlərlə müqayisədə ucuz olub. İndiyə qədər bu cür mağazalar telefonu müştəriyə satan zaman bildiriblər ki, cihazı özünüz qeydiyyata salmalısınız. Həmin mağazaların satıcıları söylədilər ki, yeni rüsumlardan sonra onların telefonlarında qiymət fərqi olacaq.

Mağazalarda müşahidə etdik ki, foto, videoçəkiliş və internetə çıxışı olmayan mobil telefonların arasında hətta 30 manata satılan cihazlar da var. Bu isə o deməkdir ki, hələ ki, yeni rüsumlar mobil telefonları fiziki şəxs kimi gətirən mağazaların qiymətlərinə də təsir etməyib.

Ekspertlər bildirirlər ki, yeni qaydalar online saytlardan telefon alanların işlərini çətinə salacaq. Bunun xaricində isə hüquqi şəxs kimi telefonları ölkəyə gətirən mağazalarda heç bir qiymət artımı ola bilməz. Çünki faktiki olaraq yeni rüsumlar onlara aid edilmir.

Məlumatlara görə, son zamanlar Azərbaycana xaricdən xeyli sayda Çin istehsalı olan “Xiaomi” markalı mobil telefonlar gətirilib. Bu telefonları xaricdən gətirmək, alıcıya əvvəlki rüsumlarla mobil cihazın qiymətindən asılı olaraq, təxminən 50-100 manat ucuz başa gəlirdi.

İqtisadçı ekspert Natiq Cəfərli də musavat.com-a bildirib ki, yeni rüsumlar iri mağazalardakı qiymətlərə təsir etməməlidir: “Şirkətlər hüquqi şəxs kimi mobil telefonları gətirdikləri üçün bu qaydaların onlara aidiyyəti yoxdur. Sadəcə olaraq kimsə xaricdən telefon almaq istəyirsə, artıq bu, ona sərf etməyəcək. Çünki ölkədən də alsa, xaricdən də alsa, xərci eyni olacaq. Ancaq bəzi mağazalar var ki, onlar fiziki şəxs kimi malları gətirirdilər. Bu mağazalarda da hələ ki, qiymət artımı gözlənilmir. Çünki əllərində olan mobil telefonu köhnə qaydada gətiriblər. Bir müddət sonra isə həmin mağazalarda qiymət artımı ola bilər”.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.