Tüfəng mənzili, yaxud gülləyə atılanların yazısı...

27-08-2018, 08:07           
Tüfəng mənzili, yaxud gülləyə atılanların yazısı...
1988-1993-cü illər Azərbaycanın həyatında bir mərhələdir. Ölkəmizə müstəqillik, xalqımıza azadlıq bəxş edən bu mərhələni igid oğul və qızlarımız öz qanları ilə yazdılar. Nə yazıqlar ki, indi həmin dövrdən ya danışmırlar, ya da xaos, aclıq, qorxu damğası vuraraq bəhs edirlər.

Təxminən on-on beş il əvvəl Azərbaycanda ilk respublika quran, ölkəmizi müstəqil dövlətə çevirən M.Ə.Rəsulzadə və onun silahdaşlarına da eyni cür münasibət vardı. Baxdılar ki, onda elə özləri də daxil, bütün azərbaycanlılara bic kimi baxacaqlar. Məcbur olub valı dəyişdilər.

İnanıram ki, Azərbaycanaycana ikinci dəfə müstəqillik gətirən böyük Elçibəyə, onun silahdaşlarına da manasibət dəyişəcək... Tarix özü yetişdirəcək bunu...
***

1988-ci ildə erməni seperatçılarına və onların rus havadarlarına qarşı yaranan Xalq Cəbhəsi millətin yeganə ümid yeri idi. Bir çox ziyalıların təmsil olunmaqdan çəkindiyi bu təşkilat, tezliklə özünümüdafiə dəstələri də yaratdı ki, onlar milli ordunun özəyi oldular. Könüllülərdən ibarət bu dəstələr ermənistanla sərhəddə bütün cəbhə boyu mərdliklə döyüşürdülər. Mən o zaman bu hərəkatın içində olduğumdan həmin qorxmaz gənclərin nələrə qadir olduğunu öz gözlərimlə görürdüm.

Rayonlar içərisində ən öncül özünümüdüfiə dəstəsi Cəbrayılda yaranmışdı. Burada əsas təşkilatçı Xalq Cəbhəsinin rayon şöbəsinin sədri Vaqif Əlisoy idi... O vaxtlar Vaqiflə tək bircə dəfə görüşmək imkanımız olmuşdu. O da qatarda yol gedərkən...
***

-Qardaş, mən bir kitab yazmışam... İmkanın varsa, gəl bir görüşək...

Vaqif idi, lap bu günlərdə zəng vurdu. Biz onunla 1972-76-cı illərdə ali məktəbdə birlikdə oxumuşuq. Onun qorxmaz bir döyüşçü olduğunu bilirdim. Amma kitab?.. 65 yaşında şeirmi yazır, ya nədir?..

-Ürəyimdən əməliyyat olundum. Stend qoydular... dedim başıma bir iş gələr, bu sirləri özümlə o dünyaya aparmayım. O illərdə yaşadığımız acıları, qanlı-qadalı illərin əzablarını və sevinclərini oturub yazdım ki, qoy gələcək nəsillər xəbərdar olsunlar... İstəyirəm sən bir yazıçı kimi, həm də bu hadisələrin canlı şahidi kimi bu kitabı oxuyasan, təqdimatda çıxış edəsən... Sonra bəlkə bir şey də yazasan.
***

Cəbrayıl mənimçün ikiqat əzizdir. Bir doğulduğum Zəngilan rayonuyla qonşu olduğuna görə, bir də böyük yazıçı, ədəbi müəllimim Sabir Əhmədlini yetirdiyi üçün! Vaqiflə o illərə döndükcə oğlunu bu torpağın azadlığı uğrunda şəhid verən Sabir müəllimin obrazı gözüm önündən çəkilmir. Bu kişinin qardaşı da alman faşizminə qarşı vuruşmuş, qəhrəmanlıqla şəhid olaraq Sovet İttifaqı Qəhrəmanı adını almışdı.

Nə yazıqlar ki, indi səsi bərk gələn bəzi xalq yazıçıları müstəqil dövlətimizin qurulduğu ilk vaxtlarda Azərbaycanı tərk etmişdilər.

Vaqifin kitabı “Kaş gözlərim kor olaydı” adlanır. Neçə ki, kitabı oxumamışdım, bu qəribə ada ürəyimdə etiraz edirdim. “Döyüşçü duyğusal olmaz. Bu nə addır?!” – deyə Vaqifi qınayırdım. Amma kitabı oxuyandan sonra...

...Ən ağır səhifələr 20 Yanvarla bağlı olanlardır. Rus hərbçiləri Cəbrayıla soxularaq fəal cəbhəçiləri, o cümlədən Vaqif Əlisoyu axtarırlar. Rayonda yerli əhalinin ziyan görməməsi üçün Vaqif gizləndiyi yerdən çıxır, ruslara özü təslim olur: sizə mən lazımam, gəlmişəm.

O ağır günlərdə biz qarabağlıların yeganə informasiya qaynağı olan Şuşa teteviziyası, onun cəsur aparıcısı Vidadi bəy haqqında da kitabda xoş sözlər yer alıb.

Vaqiflə bərabər cəbhəçi dostlarının da həbs edilib Rusiyaya aparılması, onların işgəncələrə məruz qalması kitabın ən kədərli səhifələrindəndir.

Şuşada Ramiz Qəmbəri, ağdamda Allahverdini, Qubadlıda Əliyarı vurdular, o rayonlar getdi. Vaqifi vura bilməsələr də, onu ləkələmək üçün nələr etmirlər. Rus əsgərlərinin vəhşicəsinə qandalladığı Vaqifə bu həbs elə təsir etmir – bu əsnada bir rayon “ziyalısı”nınn çıxış edib dediyi sözlər onu daha çox yaralayır: ”...Bu adamlar sərhəddi dağıtdılar. Bakıda camaatı qırğına verdilər. Onlar cəzalarını almalıdır.”

Və bu vətənpərvər oğulları vertolyota mindirib naməlum istiqamətə aparırlar. Kitabdan sətirlər: “...anam yenicə havaya qalxan vertolyotun ardınca qaçırdı. Vertolyotun pərləri onun başındakı yaylığı kənara atdı, külək ağ saçlarını dağıtdı. Bir az qaçıb yıxıldı...”

M.Qorkinin “Ana” romanındakı ana obrazı yadınızdadırmı? Yalnız qorxmaz analar igid oğullar doğa bilər!..

...Səhifə 128. Artıq ölkəmiz müstəqilliyinə qovuşmuş, Elçibəy prezident seçilmiş, torpaqlarımızın azad olunması uğrunda milli ordumuz uğurlu əməliyyatlar keçirir. Vaqif Əlisoyun da əlində silah döyüşdüyü Cəbrayıl könüllüləri qonşu Hadrut rayonunun 15 kəndini təmizləmiş, erməniləri geri oturtmuşdur. Belə bir vaxtda düşmən tərəfdən Vaqifə hava telefonu ilə zəng gəlir. Ona deyirlər ki, durbinlə filan istiqamətə baxsın. Vaqif baxır və ilk dəfə kitabın üstünə çıxardığı sözü dilinə gətirir:”Kaş gözlərim kor olaydı!” – erməni quldurları Xocalıda əsir düşmüş qız-gəlinimizi təhqir edir və həmin məşum səhnələri bu cəsur döyüşçüyə izlədirlər. Onu sındırmaq istəyirlər...

Həmin gün Vaqifin və digər rəhbər döyüşçülərin məşvərəti ilə düşmənin bir neçə adamı girov götürülür ki, ermənilərin girovluğunda olan əsgərimiz və qadınlarımız azad edilsin...

...Səhifə 169. Surət Hüseynovun və digər təxribatçıların əli ilə rayonlarımız bir-bir boşaldılır. Hansı sirli əllərsə Cəbrayıla və qonşu rayonlara maşın karvanları göndərir və adamlara deyilir ki, çıxmasanız Xocalı faciəsi təkrar olunacaq. Beləcə Vaqif Əlisoyun və digər cəbhəçilərin səylərinə baxmayaraq camaat rayonu tərk edir. Əlacsız qalan Vaqif yolun ortasına uzanıb, maşını üstümdən sürün deyir...

Səhifə 184. Cəbrayıl təxribat nəticəsində boşalıb. Vaqif Əlisoy şəhərdə hönkürə-hönkürə o baş-bu başa gedir. Bu vaxt bir qız ona yanaşır və deyir:”Əlisoy. Qurbanın olum, düzünü de, ermənilər Cəbrayılı tutacaq?” Hamının dəli kimi tanıdığı bu qız öz torpağını qoyub getməmişdi... Onda daha “Kaş gözlərim kor olaydı!” deməkdən başqa söz tapa bilmir Əlisoy...

...Kitabın son cümləsi çox ağırdır, çox: ”Erməniyə güllə atanlar indi xəyanətkar olublar.”
Güllə demişkən...

Biz tüfəng, güllə bilməzdik ki... Biz saz, söz əhliydik. Biz Vaqiflə kolxozçu institutu olan APİ-nin ədəbiyyat fakültəsini bitirmişdik... Bakıda hamı rusca danışanda biz uşaqlarımıza dilimizi, ədəbiyyatımızı öyrədirdik. Biz nə bilirdik tüfəng nədi, top nədi, güllə nədi? Amma zor-xoş bizi silaha çəkdilər...

...O illərin gəncləri romantika ilə ləbələb dolu idilər. Onlar “Qoy məni öldürsünlər bir alagöz qız üstə” əvəzinə, “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim” oxuyurdular. Onlar üçrəngli bayrağa aşiq idilər, azadlığa vurğundular... Bir tüfəng mənzili qədər səngərdə “Marş irəli, Azərbaycan əsgəri” oxuyur, ilan kimi gülləyə atılır, yurd uğrunda ölümü şərəf, şəhidliyi zirvə bilirdilər...

...Vaqif Əlisoy! Bu ad yaşayan əfsanədir. Adsız Milli Qəhrəmandır. Ölsəydi, verəcəkdilər o adı. Fəqət ölmədi. Bu günlərə şəhid qardaşlarının şahidliyini etmək, o şərəfli günlərin tarixini yazmaq üçün ölmədi. Bir şairin dediyi kimi:”Ölmə, qardaş, ölmə, düşmən çoxaldı!” Ölmə, Əlisoy, hələ Qarabağı azad etməmişik! Sənin kimi ağsaqqalların bu yolda bələdçiliyinə ehtiyacımız olacaq.

...Gözü yol çəkən, içinə çəkilən və bir tüfəng mənzilindən bir gülləyə atılmağa amədə olanların və gözləməkdən gözlərinin kökünə sarı gələnləri Nazim Hikmət misraları ilə yandırıb-yaxıram... yanaq ki, bəlkə atəşimizdən Əsli xanımın düymələri kimi bizim də qıfıllı qapılarımız açılsın:

Çox yorğunam, məni gözləmə, kapitan,
Seyir dəftərini başqası yazsın.
Qübbəli, çinarlı mavi bir liman,
Məni o limana çıxarammazsan.*

S.A. (Söz Ardı)

Mən bu kiçik yazıda Azərbaycanın müstəqilliyini can və qan bahasına bərpa edən 90-cı illər gəncliyinin, bu gəncliyin ən öncül üzvləri olan sadə cəbhəçilərin, onların liderlərinin , o cümlədən mərhum Elçibəyin qurduqları milli hakimiyyəti qoruya bilmələri və bu baxımdan buraxdıqları səhvlərdən danışmadım. İndi onları haqq-nahaqq tənqid edənlər yetərincədir. Bu talesiz insanlar nimdaş paltarları, mırıq dişləri, düşkün üzləri və çəkdikləri ucuz siqaret tüstüsü ilə dumana elə bülənd olublar ki, heç oralara girmədik. Zatən yazının məramı bu deyildi.


*Bu şeir Bolqarıstanın Varna liman şəhərində bir kafedə yazılıb. Əks tərəfdə İstanbul vardı ki, şairi ora buraxmırdılar.

Azad Qaradərili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.