Qarabağ - Kiçik toqquşmalardan böyük müharibəyə

28-09-2015, 10:26           
Qarabağ - Kiçik toqquşmalardan böyük müharibəyə
Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN başçıları - Elmar Məmmədyarov və Edvard Nalbəndyanın görüşü ərəfəsi təmas xəttində növbəti qanlı eskalasiya ilə yadda qaldı. İşğalçı qüvvələrin təxribatına Azərbaycan tərəfinin verdiyi sarsıdıcı cavab nəticəsində düşmən canlı qüvvə sarıdan bu dəfə qat-qat böyük itki verdi, onlarla yaralı qazandı.

Öncə Azərbaycan Müdafiə Nazirliyinin son insidentlə bağlı yaydığı məluma diqqət edək: “Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu, əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Silahlı qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Erməni mediasının yaydığı məlumata görə, ölən hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyandır (1997).

***
Əlamətdardır ki, Azərbaycan ordusunun çox sayda erməni əsgərini məhv etməsi, xeyli sayda erməni hərbçisini isə yaralaması ilə əlaqədar Dağlıq Qarabağdakı separatçı rejim Xankəndində keçirilməsi planlaşdırılan bayram tədbirlərini təxirə salıb. Musavat.com xəbər verib ki, bu haqda qərarı şəhərin qondarma meri Suren Qriqoryan verib. Qeyd edək ki, ölən erməni silahlılarından biri - Norayr Xaçatryan əslən Xankəndindəndir.

Matəm ovqatı və panika Ermənistanda da hökm sürür. İstisna deyil ki, övladları mənasız yerə həlak olan əsgər anaları tezliklə yeni bir etiraza başlayacaqlar. Hər halda ölən və yaralanan hərbçilərin mütləq əksəriyyəti Ermənistan sakinləridir.

Lakin ağır itkilərdən sarsılan düşmən yasa batsa da, hədələrindən də qalmayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edərək bundan sonra təmas xəttində raket və artilleriyadan istifadə edəcəyini bildirib. Bəyanatda deyilir ki, “Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin bölmələrinin dislokasiya yerlərini, ordu hissələrinin, texnikanın və canlı qüvvənin bütün hərəkətini daim nişangahda saxlayacaq”.

Xatırladaq ki, işğalçı ordu onsuz da təmas xəttində müxtəlif çaplı minaatanlardan istifadə etməkdə idi. Lakin düşmən indiyədək bunu etiraf etmək istəmirdi. Azərbaycan müdafiə nazirinin əmrinə əsasən, silahlı qüvvələrimiz düşmənin zərbələrinə bir neçə qat artıq cavab vermək təlimatı alıb.

Üstəlik, dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi işğalçını xəbərdar edib ki, ordumuzun mövqelərinin, sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq qarşı tərəfə bütün silah növlərindən istifadə olunmaqla sarsıdıcı zərbə endiriləcək. Bu baxımdan Ermənistan ordusunun artilleriya və raket zərbələrinə cavab olaraq Azərbaycan ordusunun daha ağır və dağıdıcı atəş sistemlərini işə salması qaçılmaz olacaq.

***
İnsidentə, gözlənildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyan səviyyəsində də dərhal reaksiya gəlib. Kremlin, Putinin dalında gizlənən təcavüzkar ölkənin başçısı ənənəvi tərzdə Azərbaycanın ünvanına hədyanlar söyləyib, eyni zamanda bu dəfə daxili auditoriyanı, erməni əsgər analarını sakitləşdirmək üçün orijinal bir gediş edib, sensasion sayıla biləcək açıqlama verib. Sitat: “Ermənistan, - mən Ermənistan deyəndə onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağı da nəzərdə tuturam, - planetin ən hərbiləşdirilmiş əraziləri sırasındadır”.

Bununla da o, əslində Azərbaycan ərazilərinin işğalını rəsmən etiraf edib, həmçinin, ilk dəfə olaraq erməni hərbçilərinin Azərbaycan torpaqlarında ucuz ölümünə haqq qazandırmış olub. Halbuki, Azərbaycan rəhbərliyi, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycan gülləsindən ölmək istəmirsə, qayıtsınlar öz evlərinə - Ermənistana, onların Ağdamda, Füzulidə, Laçında nə işi var?

Maraqlıdır, görəsən Sərksiyanın son açıqlamasından sonra da beynəlxalq birlik, özəlliklə Avropa və ABŞ bu təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin başını tumarlamaqda davam edəcəkmi? Kimin işğalçı, kimin isə işğala məruz qaldığını təsdiqləyən bundan güclü sübut nə ola bilər ki?

Diqqətçəkicidir ki, Serj Sərkisyanın belə bir həyasız bəyanatı Nyu-Yorkda - BMT Baş Məclisinin sessiyası çərçivəsində sülh prosesinin prezidentlər səviyyəsində bərpası və irəli aparılmasına yönəlik səylərin davam etdiyi dönəmə, Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk Qrupu həmsədrləri arasında görüşün keçirildiyi vaxta təsadüf edib; başqa sözlə desək, bu, vasitəçilərə birbaşa təzyiq və şantaj xarakteri daşıyır.

***
Rəsmi İrəvanın belə bir növbəti pozucu mövqeyi, şübhə yox ki, münaqişənin dinc yolla nizamlanmasına olan-qalan kövrək ümidləri də basdırır, sülh prosesini sıfırlayır, nəinki prezidentlər, eləcə də nazirlər səviyyəsində görüşləri əhəmiyyətsiz edir. Çünki məntiqlə Ermənistan Dağlıq Qarabağı özünün tərkib hissəsi hesab edirsə və yaxud onun müstəqilliyini tanıyırsa, regionun yekun statusunu bəri başdan, birtərəfli qaydada müəyyənləşdirmiş olur və demək, sülh danışıqlarının da anlamı qalmır.

Ən önəmlisi, bu həm də müharibəyə çağırışdı. Nədən ki, Azərbaycana öz ərazi bütövlüyünü bərpa eləmək üçün bircə yol saxlayır - hərb. Görəsən, dünən Nyu-Yorka yollanmış Serj Sərkisyanın belə avantürist və təhlükəli, eyni zamanda sülh prosesini tam fiasko astanasına gətirən bəyanatına həmsədr ölkələr hansı reaksiyanı verəcək?

Ermənistan Azərbaycana qarşı ərazi iddiasını, işğalçılığını açıq və rəsmi şəkildə ortaya qoyub, Rusiya Krımı ilhaq elədiyi kimi, o da Dağlıq Qarabağı ilhaq elədiyini, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə meydan oxuduğunu əyani şəkildə nümayiş etdirib, qalır indi faktı vasitəçilərin təsdiqləməsi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.