Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda

30-08-2018, 13:13           
Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda
Bundan öncə xəbər verdiyimiz kimi, Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sərəncamı ilə sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda, yaxud buğda və çovdar ununun idxalı və bu məhsulların ölkədən ixracı qadağan ediləcək. Səbəb isə Rusiya-Gürcüstan sərhəddində, xüsusən də Lars keçid məntəqəsindəki uzun avtomobil tıxaclarıdır.
Tbilisinin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Çünki dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistan yalnız Gürcüstan, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə Rusiyadan taxıl və başqa məhsullar idxal edir. Və artıq buna qadağa qoyulub.

AzVision.az xəbər verir ki, “Aqrar-kəndli Birliyi”nin sədri Qraç Berberyan 15 sentyabrdan etibarən Ermənistanda çörək və un məhsullarının qiymətinin qalxacağını bəyan edib. Onun sözlərinə görə, bu qadağa nəticəsində nəqliyyat qiymətləri 50-60 dollar artacaq ki, bu da Ermənistanda çörək məhsullarının 10-15% bahalaşmasına gətirib çıxaracaq. Lakin qiymətlərin daha da bahalaşması riski var.

“Ermənistan həmişə taxıl və qarğıdalı idxalçısı olub və ölkəmiz taxıla olan tələbatının böyük bir hissəsini demək olar ki, yalnız Rusiyadan idxal edir. Lakin Rusiyada son 6 həftə ərzində buğdanın qiyməti qalxıb – 1 ton buğda 231,5 dollar olub. Həmçinin, quraqlıq və kənd-təsərrüfatında suvarma sisteminin yararsız halda olması səbəbindən bu il Ermənistanda buğda əkinindən əldə olunan məhsulun həcmi 25 faizədək azalıb. Nəticədə taxıla olan tələbat yüksəlib. Məhsuldarlığın az olmasına son 7 ildə Kənd Təsərrüfatı Nazirliyinin Rusiyadan yalnız məhz aşağı keyfiyyətli buğda toxumu alması da səbəb olub. Bütün bunları nəzərə alaraq, hökumət təcili tədbirlər görməlidir”, – deyə Berberyan vurğulayıb.

Erməni ekspert onu da bildirib ki, buğda idxalında məhdudiyyətlərin yaranması nəticəsində Ermənistanda bu sahədə inhisarçılıq formalaşa bilər ki, bu da bazar qiymətlərinə təsir edə bilər. Odur ki, baş nazir Nikol Paşinyan hökuməti monopoliyanın qarşısını almalı, o cümlədən, çörək istehsal edən şirkətlərin qiymət siyasətinə də nəzarət etməlidir.

Strateji məhsul olan buğda idxalı ilə bağlı böhrandan çıxış yolu tapmağa çalışan Berberyan hətta, işğalçı siyasətinə görə regionda təcrid olunan Ermənistanın növbəti dəfə acınacaqlı vəziyyətlə üzləşməsində qonşu Gürcüstanı ittiham etməyə çalışıb. Onun sözlərinə görə, Gürcüstan həmişə Ermənistan və digər qonşu dövlətlərin hesabına varlanıb. İndi də demək olar ki, istifadəsiz qalan Poti limanının iqtisadi vəziyyətini inkişaf etdirmək və nəqliyyat şirkətlərini işlə təmin etmək üçün Tbilisi bəhanələr gətirərək müvafiq qərar qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.