"“Qoyub gəldilər, qaçıb gəldilər” deyən ağzıgöyçəklər, o kitabı oxusanız görərsiniz ki..."

31-08-2018, 10:19           
"“Qoyub gəldilər, qaçıb gəldilər” deyən ağzıgöyçəklər, o kitabı oxusanız görərsiniz ki..."
Nobel mükafatçısı Orxan Pamukun “Yeni həyat” kitabı bu sözlərlə başlayır: ”Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi”. Mən də bu yaxınlarda yenicə çapdan çıxmış və müəllifi tərəfindən hədiyyə edilmiş bir kitab oxudum, həyatım dəyişməsə də, hələ də kitabın təsiri altındayam. Vaqif Əlisoyun “Kaş gözlərim kor olaydı” kiatbından danışıram. Yox, Vaqif Əlisoyun kitabında üslub, süjet xətti, klassizm, naturalizm, post-modernizm aramayın. Yoxdur. Amma, bu kitabda neçə-neçə romanın obrazları, hadisələri, detalları var. Rejissor olsaydım, bu kitabdan hətta bir neçə film çəkərdim. Bu tarixi kitabda obrazlar qalereyası var. Qəhrəman, qəhrəmanlar, ana, ailə, məmur, yaltaq insan, zülmkar, qəddar rejim, dostluq, xalqlar dostluğu, düşmən.., bir sözlə uydurulmayan həqiqi tarixi adamlar. Bəli, bu tarixdir. Bir insanın taleyi simasında bir millətin tarixi. Vətəndaş xalqının tarixi ilə formalaşır. Xalq da ayrı-ayrı fərdlərin qəhrəmanlıq tarixini öyrənməklə. Bu kitabdan öyrəniləsi, götürüləsi çox şeylər var. Vətənə məhəbbət, doğma yurda , onun insanlarına sevgi, millətin yaşatdığı dəyərlər-mərdlik, kişilk, elin dar günündə sinəni qabağa vermək var.
O müəllim idi. Adi müəllim. Əksər müəllimlər kimi o da şagirdlərinə tarixdəki və ədəbiyyatdakı qəhrəmanlardan, namuslu olmaqdan, vətəni sevməkdən, yaxşıdan, pisdən danşmışdı, öyrətmişdi... Zaman gəldi, danışdıqlarını əyani şəkildə göstərdi və bu dəfə şagirdlərinə yox, hamıya-elinə, obasına, millətinə.
Qarabağın Cəbrayıl bölgəsində 1988-ci ildən-Qarabağ hadisələri başlayan gündən nələrin baş verdiyi, qanlı qadalı günlər, aylar çox bölgələrimizdə bir-birinə bənzəsə də, hər birinin özünəməxsusluğu var. Bu özünəməxsusluğun birini də Cəbrayılda Vaqif Əlisoy yaradıb. Qanlı 20 Yanvardan sonra sovet rejiminin fəal insanlara qarşı apardığı repressiyanı hərə bir cür yaşayıb. Qəhrəmanlıq yalnız vuruşmaq, atəş açmaq, düşməni məhv etmək, ölmək, öldürmək deyil. Sən sükutunla da qəhrəman ola bilərsən, sən bir kəlmə sözünlə, bir hərəkətinlə də qəhrəmanlıq zirvəsinə yüksələ bilərsən. Sən generalın hədəsi qarşısında qorxmadan: “xalqımız azad olacaq”deyib, həyatını yenidən tükdən asılı vəziyyətə də sala bilərsən, amma çəkinməzsən. Məhz, Vaqif Əlisoyun kitabında bu məziyyətlərin hamısı var, müəllif bunları yaşayıb və ən əsası da odur ki, bu bizim tariximizdir.
Kitabdan epizod: 20 Yanvardan sonra rayonun birinci katibindən partiya bileti alınır. Bir neçə gündən sonra katib partbiletini geri istəyir. Vaqif Əlisoy partbileti katibə özü aparır və şərt qoyur: “Rayondan çıx get”. Rusların repressiyasından qüvvət alan birinci katib rayona qayıdır. Vaqiv Əlisoy isə artıq axtarışdadır. Katibin yas yerində olduğunu bilib ora gedir. Pilləkənləri qalxır, içəri girir, hamının içində katib qorxusundan ayağa qalxır, fikirləşir ki, onu vuracaq. Əlisoy sözünü deyib gedir. Katibin repressiyaya istiqamət verən, günahsız insanların həbs olunmasında rol oynadığı məclisdə hamıya bəlli olur.
Mən bu epizodu ssenari kimi yazdım, kino kadrını özünüz təsəvvür edin. Vaqifi tapa bilməyən ruslar qadınları, uşaqları, günahsız insanları həbs edir ki, Vaqifin yerini deyin.Vaqif özü gəlir.
- Sizə Vaqif Əlisoy lazımdır?
Rus polkovnik:
-Hə, hanı o?
-Mənəm, gəlmişəm, amma adamları buraxın. Sizə mən lazımam.
Kitabın təqdimatında bu səhnəni “Nəsimi” filmində Nəiminin Şirvan şahı İbrahimə təslim olmasına bənzətdim.
Qəhrəmanlıq budur. Sənə görə heç kəsin incidilməsini, tutulmasını istəmirsən və bilirsən ki, səni ölüm də gözləyir, amma şüurlu şəkildə təslim olursan, başqalarının həyatını xilas edirsən.
Burda daha bir qəhrəman var. Tutulanları vertalyot meydançasına aparmaq üçün RAF maşınına otuzdururlar. Maşının sürücüsü Arifi çağırırlar ki, gəl, sür. Arif sürməyəcəyini deyir. Polkovnik Yelovski tapançanı çıxarıb Arifə tuşlayıb maşını sürməyi əmr edir. Arif sinəsini açır:-Məni öldürməklə hədələyirsən, vur, öldür, amma bu maşını sürməyəcəm, alın açarı özünüz sürün. Səhnəni təsəvvür edin, ölümün gözünə dik baxan Arif adlı Qarabağ qəhrəmanı var və təsadüfi də deyil ki, Arif sonralar Quşçular kəndi uğrunda döyüşdə həlak olur. Biz hər gün bu epizodları məktəblərimizdə şagirdlərə öyrətməli, danışmalıyıq. Gec-gündüz şou göstərən televiziyalar, səfeh seriallara pul ayıranlar, niyə belə oğullarımızdan danışmırsız, niyə onlardan kino çəkmirsiniz? Elə buna görə 25 ildi Qarabağ işğal altındadı, elə bu yaramazlıqlara görə Qarabağı azad edən yoxdu. Vaqif Əlisoyun kitabında tək Arif deyil, kəşfiyyata gedib erməni tutan, əsir düşən, evin yeganə oğlunu düşməndən alan oğullar təsvir olunub. Mən kinonu çox sevirəm və onlardan sitat gərməyi də az qala adət etmişəm. “Sıravi Rayanı xilas etməli” filmini yəqin əksəriyyətiniz görüb. Evin yeganə sağ qalan oğlunu xilas etmək üçün bir bölük həyatını risqə qoyur, həlak olurlar, amma onu xilas edirlər. Cəbrayılda da iki kəşfiyyat dəstəsi həyatlarını risqə qoyub düşmən tərəfə keçir və erməni tutub gətirirlər ki, Göyçaydan olan evin tək oğlu Mayılı əsrlikdən azad etsinlər. Əsil film mövzusudur və bu hadisə yaşanıb, Qarabağda yaşanıb, əməliyyata Vaqif Əlisoy rəhbərlik edib. Çəkin bu filmi, göstərin gənc nəslə, millətə.
Bu hadisələrdə özünü yaxşı göstərən, köməklərini əsirgəməyən polis və başqa orqan işçiləri, məmurlarımız təsvir olunub. Onları xalqa, gənc nəslə tanıtmaq lazımdır ki, indi camaatı incidən məmurlar onlardan ibrət götürsünlər.
Vaqifi həbs edib vertalyotla aparanda arxasınca gələn anasının haray səhnəsi var. Vertalyot qalxır, pərlərin yartdığı külək yerdəkiləri göz açmağa qoymur, ana əllərini vertalyotun arxasınca uzadıb qaçır, sanki ona çatacaq kimi... Ana oğlunu xilas etmək üçün əllərini göyə qaldırıb yüyürür, sanki Allahdan qanad istəyir, oğluna çatmaq üçün, onu xilas etmək üçün. Çox təsirli səhnədir. Vaqif həmin an söz verir: Sizdən intiqam alacağam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.