Paşinyan Rusiyaya “son söhbət”ə çağırıldı - pərdəarxası məqamlar...
5-09-2018, 09:22
Moskvada erməni baş nazirdən “sələflərini təqib etməmək” barədə vədinə xilaf çıxmasının hesabı istəniləcək; Qarabağ məsələsi ilə bağlı ciddi söhbətlər ediləcəyi də gözlənilir
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi tarix məlum olub. Putin Ermənistanın baş nazirini sentyabrın 8-də Moskvada qəbul edəcək. Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.
Ancaq əvvəlki növbətçi görüşlərlə müqayisədə, budəfəki görüş tam fərqlidir, Ermənistan və Rusiya arasında müşahidə olunan münasibətlər bunu demək üçün ciddi əsaslar yaradır. Rəsmi İrəvan bununla bağlı hər hansı açıqlama verməyib. N.Paşinyan özü isə yalnız bunu deməklə kifayətlənib ki, Putinlə görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri gözdən keçiriləcək. Bundan əvvəlki açıqlamasında da o, “Biz çoxlu məsələləri müzakirə edəcəyik. Mən demirəm ki, bütün məsələlər həllini tapıb. Ancaq əməkdaşlığımız davam edir və mən əminəm ki, təbii axarı ilə davam edəcək” -deyə, bildirmişdi. Ancaq Rusiya XİN başçısı Sergey Lavrovun görüşlə bağlı bəyanatı ilkin qənaətə gəlməyə əsas verir. Sitat: “Düşünürəm ki, bizim üçün vacib məsələ Ermənistanın yeni liderindən öz ölkəsindəki situasiyanın inkişaf perspektivlərini necə dəyərləndirməsini eşitmək olacaq. Bu situasiyada Ermənistanın KTMT qarşısındakı öhdəliklərini necə icra edəcəyinə laqeyd qala bilmərik”. Faktiki olaraq Rusiya baş diplomatı Paşinyanı Moskvada “çətin imtahan” gözlədiyinin anonsunu verib.
Təsadüfi deyil ki, bu günlərdə Ermənistanın gündəmində bir saylı mövzu Paşinyanın Rusiya səfəridir. Səfərəqədərki situasiyaya ötəri nəzər salanda erməni ictimaiyyətinin marağının, üstəlik, narahatlığının əbəs olmadığı qənaətinə gəlmək mümkündür.
İnqilab yolu ilə Serj Sərkiyan hakimiyyətini devirən N.Paşinyan hakimiyyətə Qərb dünyagörüşünə malik kadrları cəlb etməklə ilk gündən Rusiyanı ciddi şəkildə qıcıqlandırmağa nail oldu. Həmçinin onun özünü Avropa və ABŞ-a sırımaq cəhdləri də Moskvada ciddi şəkildə izlənilirdi. Ermənistandakı Rusiya hərbi bazasının əsgərlərinin qəfildən “təlim” adı ilə küçələrə çıxıb ətrafa atəş açması Paşinyan hakimiyyətini daha uzaqgedən bəyanatlar verməyə vadar etdisə də, Rusiyanın da aqressiyasını artırdı. Bunun ardınca İrəvanın avqustun ilk həftələrində Gürcüstanda keçirilən NATO hərbi təlimlərində iştirak barədə “müstəqil” qərar verməsi Kremlin səbrini daşırdı və iş o yerə çatdı ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəzi ölkələrin Gürcüstandakı hərbi təlimlərdə iştirakından təəssüfləndiyini bəyan etdi. Sözsüz ki, burada söhbət Rusiya qarşısında hər hansı öhdəliyi olmayan Azərbaycan və ya Gürcüstandan getmirdi. Rusiyalı diplomat açıq şəkildə demişdi ki, “Gürcüstandakı NATO təlimləri Rusiyaya təzyiq etmək məqsədi daşıyır”. Və bu təlimlərdə məhz Rusiyanın forpostu yer aldı.
Maraqlı bir hadisə isə bu yaxınlarda baş verdi. Məlum oldu ki, Ermənistanın “qərbyönümlü hakimiyyəti” sentyabrın ilk yarısında Gürcüstanda keçirilən daha bir NATO tədbirində - “Agile Spirit 2018" hərbi təlimlərində iştirakla bağlı, ümumiyyətlə, ərizə verməyib. Diqqətçəkən budur ki, keçən il də İrəvan Tiflisin ev sahibliyi ilə keçirilən NATO tədbirində iştirakdan son anda imtina etmişdi - Serj Sərkisyan Putinin hüzuruna çağırıldığı ərəfədə. O zaman Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Georgi Kaçaravaya bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək ”Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi. Keçən il erməni ekspertləri də etiraf edirdilər ki, NATO təlimlərində iştirakdan imtina Moskvanın diktəsinin nəticəsidir. Deməli, başının üstündən “Domokl qılıncı” asılan Ermənistan üçün tarix təkrar olunur və hakimiyyətdə Sərkisyan, yaxud Paşinyanın olması heç də İrəvanın iradəsinə həlledici təsir etmir, bu ölkə Kremlin asılılığından qurtulmaq şansına hələlik malik deyil.
Ancaq artıq “ox yaydan çıxıb” və Paşinyan NATO təlimləri ilə bağlı geri addım atsa da, avqustdakı qərarının izahatını verməlidir. Ancaq əminliklə demək olar ki, erməni baş nazirin “Moskva imtahanı”nda düşəcək suallar təkcə onun Qərbə can atması ilə bağlı olmayacaq. Elə erməni mətbuatının çoxsaylı materiallarında yazılanlar da bu ehtimalı təsdiqləyir. “Ermənistanda bir sıra siyasətçilər hesab edirlər ki, ölkənin yeni hökuməti Rusiya ilə münasibətlərdə səhvlərə yol verib. İndi onlar vəziyyətdən çıxış yolu - barışıq nöqtələri tapmaq məcburiyyətindədir”-erməni mediası yazır. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan deyib. O bildirib ki, indiyə qədər ölkədə dəqiq xarici siyasət doktrinası olmayıb: “Biz özümüzü Rusiyanın strateji müttəfiqi kimi göstəririk, amma Avropaya tərəf gedirik. Yeni hökumətin təcrübəsizliyi isə vəziyyəti bir az da ağırlaşdırdı”. Erməni siyasətçinin bu fikirləri Moskva görüşünün konturlarını cızmağa imkan verir. Əslində hətta Ermənistana yaxınlığı şübhə doğurmayan S.Lavrovun son açıqlamaları, İrəvana davamlı xəbərdarlıqları Paşinyan hökumətinin durumunun heç də yaxşı olmadığı qənaətini yaradır.
N.Paşinyan “Rus NATO”sunun, KTMT-nin baş katibi Yuri Xaçaturovu həbsdən məhz Kremlin xəbərdarlığı nəticəsində buraxdı. Ardınca eks-prezident Robert Köçəryan da Moskvadan gələn sərt bəyanat və telefon zənginin ardınca həbsdən çıxdı. Putin onun dostunu həbs edən Paşinyanla heç də yumşaq danışmayacaq, bu, şübhəsizdir. Yeri gəlmişkən, R.Köçəryan məhz Moskvanın reaksiyasından sonra 2019-cu ilin yazında keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqladı. Deməli, bəzi ekspertlərin “Köçəryan Rusiyanın dəstəyi ilə hakimiyyətə qayıtmağa hazırlaşır” məzmunlu açıqlamaları boşuna deyilmiş. Bu yerdə S.Lavrovun İrəvandakı həbslərə reaksiyasını da xatırlatmağa dəyər. Sitat: “Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir”. Bu, son illərdə Moskvadan Ermənistan hakimiyyətinə ünvanlanmış ən sərt mesajdır. Ermənistan istintaq komitəsi 1 mart 2008-ci il hadisələri ilə bağlı yeni cinayət işi qaldırıb. Bu isə dolayısı ilə Rusiyanın “xeyir-duası” ilə formalaşdırılmış Ermənistanın sabiq hakimiyyətinə qarşı təqiblərin davam etdirilməsi deməkdir. Deməli, Moskvada Paşinyandan “sələflərini təqib etməmək” barədə vədinə xilaf çıxmasının hesabı istəniləcək. Qeyd edək ki, buna qədər Paşinyan Lavrovun erməni hakimiyyəti ilə bağlı açıqlamalarına heç bir münasibət bildirməyib.
Daha bir məqama diqqət çəkək. V.Putin sentyabrın 7-də Tehranda Türkiyə, İran liderləri ilə birgə Suriya məsələsini müzakirə edəcək. Bu günlərdə Ermənistan parlamentinin sədri Ara Babloyan Suriyanın bu ölkədəki səfirini qəbul edərkən deyib ki, ölkəsi Suriyada münaqişədən sonrakı quruculuq işlərində iştirak edəcək. Hətta erməni istehkamçıları və həkimlərinin münaqişə bölgəsinə gedə biləcəyi iddiası var. Ancaq politoloq Ruben Meqrabyan deyib ki, Ermənistan qəti şəkildə Suriya münaqişəsində Rusiyanın tərəfində dayanmamalıdır. Hesab olunur ki, bu, “Rusiya-erməni humanitar layihə” ola bilər. Ermənistanda əksəriyyət belə düşünür ki, ABŞ-ı qıcıqlandıra biləcək belə bir addıma getmək risklidir. Amma Putin üçlük formatındakı müzakirələrdən sonra Paşinyana nə etməklə bağlı tapşırığını verəcək...
Göründüyü kimi, Putin-Paşinyan görüşündə müzakirə üçün xeyli mövzular var. Ekspertlər bunu Paşinyanla “son söhbət” kimi də qiymətləndirirlər. Bu sırada Dağlıq Qarabağ məsələsinin də yer alacağı şübhəsizdir. 8 sentyabrı gözləyək...