Tablo 90 ildən sonra sahibinə qaytarıldı - Foto

6-09-2018, 08:13           
Tablo 90 ildən sonra sahibinə qaytarıldı - Foto
İsveçdə ötən əsrin 30-cu illərində nasistlərin zorla aldığı tablo sahibinə qaytarılıb.

İsveç KİV-lərinin məlumatına görə, Stokholmda yerləşən Müasir İncəsənət Muzeyi avstriyalı rəssam Oskar Kokoşkanın “Markiz Jozef de Monteski-Fezenak” rəsm əsərinin Alfred Flextxaymın qalereyasının sahibinin varislərinə qaytarılması barədə məlumat yayıb.

Tablo ötən əsrin 30-cu illərində nasist hakimiyyəti tərəfindən kolleksiyaçıdan zorla alınıbmış. Uzun illər İsveç Milli Muzeyində nümayiş etdirilən rəsm əsəri sonralar Müasir İncəsənət Muzeyinə verilib.

Müasir İncəsənət Muzeyinin rəhbəri Daniel Birnbaum yerli KİV-lərə müsahibəsində bildirib ki, sözügedən qərar narahatlığa son qoyub. O, əlavə edib ki, tablonun sahiblərini müəyyənləşdirmək asan olmayıb, çünki ötən əsrin 30-cu illərində müharibənin yaratdığı xaos zamanı sənədləşmə aparılmayıb. Tablonun Flextxaym qalereyasında nümayiş etdirilməsi isə onun sahibi haqqında sübut sayılmırdı. “Tablonun bir neçə potensial sahibi var idi, lakin biz onların arasından əsl sahibi müəyyən edə bildik. İsveç hökuməti, habelə bizim muzey üçün bu cür problemli mənşəyə malik əsərlərin olmaması çox mühümdür. Çox şadıq ki, Kokoşkanın rəsm əsəri həqiqi sahibinə qaytarılır”, - deyə Daniel Birnbaum sözlərinə yekun vurub.

Qeyd edək ki, Alfred Flextxaymın qohumları uzun müddət bu əsər üzərində hüquqlarını sübut etməyə çalışıblar. İndi qəbul edilən qərardan sonra tablo tezliklə onlara qaytarılacaq.

/Azərtac/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.