Xitozan – ölmüş arı ekstraktı müxtəlif təsir mexanizmlərinə malikdir

6-09-2018, 08:26           
Xitozan – ölmüş arı ekstraktı müxtəlif təsir mexanizmlərinə malikdir
Xalq təbabətində ölmüş arıdan su, spirt və yağda ekstrakt hazırlayaraq bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Elmi araşdırmalar nəticəsində aşkar edilib ki, arıların bədənini örtən xitin təbəqəsinin əsasını xitozan maddəsi təşkil edir. Xitozanın güclü farmakoloji maddə olduğu və bir çox xəstəliklərin müalicəsində müsbət təsir göstərdiyi sübuta yetirilib.

Teref.az bildirir ki, bu barədə AZƏRTAC-a biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov məlumat verib. O, deyib:” Arı xitozanı xırda molekullu maddə olub arının cismindəki örtük qatdan ifraz olunur və onun əsas mənbəyi olan xitin, təbii halda dəniz krabları, yengəclər, xırda xərçənglər, həşəratlar və göbələklərdə olur. Xitozanlardan müxtəlif sahələrdə-kosmetologiya, kənd təsərrüfatı və heyvandarlıqda geniş istifadə olunur.

Ölmüş arı ekstraktı Rusiyada lap qədimdən müalicə vasitəsi kimi tətbiq edilir. Həmin ekstrakt suda, bitki yağında, 40 və ya 70 faizli spirtdə hazırlanır. Əsasən 10 və 20 faizli ekstraktlardan istifadə olunur. Yağlı ekstrakt əsasən oynaq və əzələ xəstəliklərində çəkilir və ondan hazırlanmış islatma qoyulur. Sulu və yağlı ekstraktlar su hamamında 80 dərəcə S-yə qədər temperaturda hazırlanır. Sulu ekstraktlar çay və desert qaşığı ilə daxilə qəbul edilir. Spirtli ekstraktlar isə xəstəlikdən asılı olaraq damcı sayına görə qəbul olunur.

Xitozanın bakteriya, göbələk və virus əleyhinə təsiri onun qiymətli məhsul olduğunu təsdiqləyir. Onun təsir mexanizmləri müxtəlifdir. Xitozan artıq yağları və xolesterini orqanizmdən təmizləyir, qaraciyərin yükünü azaldır, mədə yarasına sağaldıcı təsir göstərir və turşuluğu tənzimləyir, bağırsaq mikroflorasını bərpa edir, toksik birləşmələri neytrallaşdıraraq orqanizmdən xaric edir, immun sistemi stimullaşdırır, orqanizmin infeksiyaya qarşı davamlılığını artırır, bir çox mikroorqanizmlərin fəaliyyətini zəiflədir, orqanizmi bir çox virus infeksiyalarından qoruyur, yara, xora və yanıqların sağalmasını sürətləndirir”.

Bioloq-alimin dediyinə görə, xitozanın iltihab əleyhinə təsiri və qoruyucu təbəqə əmələgətirmə xüsusiyyəti müalicədə onun səmərəsini artırır. Xitozan və onun birləşmələri zərərli maddələri özündə cəmləşdirir, yəni adsorbent xüsusiyyətə malikdir. Daxilə qəbul ediləndə müdafiə xüsusiyyəti daşıyaraq bir çox patoloji mikrobların orqanizmə daxil olmasının qarşısını alır.

Arı xitozanının molekulu müsbət, dəri lipidlərinin mənfi qütblü olduğundan xaricə istifadə ediləndə dərinin üst təbəqəsini bürüyür və nazik, gözəgörünməz pərdə yaradaraq bu nahiyənin nəmliyini qoruyur. Arı xitozanı tamamilə toksiki olmadığından dərinin üst təbəqələrində yığılaraq orqanizmə zərərli təsir göstərmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.