Köçəryanın komandası Kremlə dosye yollayıb - ilginc

7-09-2018, 10:08           
Köçəryanın komandası Kremlə dosye yollayıb - ilginc
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri ərəfəsində əleyhdarları aktiv hərəkətə keçib; politoloq: “Əgər Paşinyan öhdəliklərinə əməl edərsə, o zaman onu hakimiyyətə gətirənlər...”

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 8-də reallaşacaq Rusiya səfəri Moskva və İrəvanda müzakirə olunan əsas məsələdir. İşğalçı ölkənin öz “ağa”sının üzünə ağ olması nəticəsində ortaya çıxmış problemlərin Paşinyana baha başa gələcəyinə artıq az adam şübhə edir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Uşakov deyib: “Həm bizim tərəfimizdən, həm də ermənilər tərəfdən bir çox suallar yığılıb qalıb”. Onun sözlərinə görə, Rusiya bütün məsələlər üzrə “açıq” söhbət gözləyir. Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənsitan arasında müttəfiq münasibətlərinin əsas məsələlərini müzakirə etmək niyyətindədirlər. Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin və Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.

“Yuri Uşakovun açıqlaması da sübuta yetirir ki, Nikol Paşinyanın qütblər arasında manipulyasiya etmək imkanları tamamilə tükənib və artıq Rusiya Ermənistanın taleyi ilə bağlı mövqeyini müəyyənləşdirmək üçün bu ölkənin baş naziri ilə konkret istiqamətlər üzrə açıq və sərt müzakirələr aparmaq niyyətindədir”.

Bu fikirləri politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi. Ekspertimizin sözlərinə görə, Moskva Paşinyana inanmır: “Bunun üçün çoxsaylı əsaslar var. Bu əsasların Nikol Paşinyanla bağlı olan hissəsi isə onun üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etməməsi, əksinə, hər addımda bu öhdəliklərin şərtlərini kobud şəkildə pozmasıdır. Bu sıraya Robet Köçəryanın ölkə sərhədlərini tərk etməsinə qoyulan qadağa ilə bağlı faktı da əlavə etsək mənzərə tamamilə aydın olar. Ola bilsin ki, bu görüş Nikol Paşinyanın Rusiya prezidenti ilə sonuncu görüşü olsun. Hər şey aparılan müzakirələrin nəticəsindən, Paşinyanın görüşdən sonra olduqca qısa bir zaman kəsiyində sərgiləyəcəyi davranışlardan asılı olacaq. Əgər Paşinyan Rusiya qarşısında daha öncə götürdüyü və ola bilsin ki, prezident Putinlə görüş zamanı götürəcəyi yeni öhdəliklərə əməl etməzsə, o zaman Ermənistanı olduqca acınacaqlı bir durum və daha ağır şərtlər altında, forpost statusundan daha aşağı avanpost statusunda yola davam etmək gözləyəcək. Yox, əgər Paşinyan öhdəliklərinə əməl edərsə, o zaman onu hakimiyyətə gətirənlər, o cümlədən baş nazirin güvəndiyi kütlə bu ”küçə qəhrəmanı"nı tez bir zamanda gəldiyi yerə qaytaracaq. Doğrusu, Paşinyanın populist bir siyasətçi olduğunu nəzərə alaraq, onun kütlə psixologiyasından çıxış edəcəyini gözləyirəm. Bu isə regionda daşların yerinə oturulmasına, ədalətin bərqərar olmasına, regional əməkdaşlığın bi fitnəkar xalqın və onun oyuncaq dövlətinin prinsipial iştirakı olmadan genişlənəcəyinə gətirib çıxaracaq. Ermənilərin hiylə, fitnə, yaltaqlıq, yalan, riyakarlıq üzərində qurulmuş siyasi-ideoloji kursları öz məntiqi sonuna yaxınlaşmaqdadır".

Rusiya XİN rəhbəri Sergey Lavrovun səfəröncəsi İrəvana davamlı xəbərdarlıqlar etməsi maraqlı müzakirələrə və yozumlara səbəb olub. Ermənistan mediasının yaydığı məlumata görə, N.Paşinyanın Rusiya səfəri ərəfəsində hakimiyyət əleyhinə olan qüvvələr Kremlə dosyelər hazırlayıblar. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistanın “Qrapark” qəzeti material tirajlayıb. Məlumata görə hazırlanan dosyedə antirust mövqeli Paşinyan komandasının üzvlərindən bəhs olunub. “Paket Robert Köçəryan komandası tərəfdindən hazırlanıb, hansı ki, onlar eks-prezidentin həbsindən sonra hakimiyyət uğrunda açıq mübarizəyə başlayıblar”-yazıda bildirilir.

Qəribəsi budur ki, N.Paşinyan məhz Moskva səfəri ərəfəsində Lavrovu ələ saldı. Maraqlıdır ki, Lavrovun fikirlərinə ABŞ-ın Ermənistandakı səfiri reaksiya verdi. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin açıq şəkildə Paşinyan hökumətini müdafiə etməsinin ardınca Ermənistanda rus hərbçilərin təlimi başladı.

Qeyd edək ki, jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib. Bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür. “Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır.” - deyə, Mills vurğulayıb. S.Lavrov bundan əvvəl bəyan etmişdi ki, “Ermənistanda 10 il əvvəlki hadisələr araşdırılır və həbslər icra edilir. Bu, Ermənistanın daxili işi olsa da, çox istəyirik ki, bütün bu daxili işlər möhkəm qanuni zəminə söykənsin. Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir.” Onun bu bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyan “bəli, indi havalar çox istidir” cavabını verərək, Lavrovu ələ saldı.

Paşinyanın Moskva imtahanı qarşısında isə ABŞ səfiri onun siyasətinə açıq dəstək verdi. Üstəlik, ATƏT-in baş katibi İrəvanda yeni hökumətə dəstək verməyə hazır olduğunu deməklə Rusiyaya dirəniş nümayiş etdirdi. Ortaya çıxan qənaət budur ki, ABŞ, yaxud Qərb Rusiya ilə Ermənistan uğrunda açıq döyüşə başlayıb. Hər halda, S.Lavrovun N.Paşinyanı 1 mart 2008-ci il hadisələri ilə əlaqədar sələflərini təqib etməmək barədə öhdəliklərinə sadiq olmamaqda qınamasının qarşılığında ABŞ səfirinin istintaqı müdafiə etdiklərinə dair bəyanatına başqa ad vermək mümkün deyil. Lakin İrəvanın ziddiyyətli addımları da suallar doğurur. Bu arada Ermənistanın Rusiya tərəfində Suriyadakı proseslərdə iştirak edəcəyi barədə də məlumatlar var. Belə ki, İrəvanın hətta hərbi qüvvələri ilə, istehkamçılar və hərbi həkimlərlə Suriya əməliyyatında iştirak etmək istəyi faktiki olaraq ABŞ-ın siyasətinə ziddiyyət təşkil edir.

Ola bilsin ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun “Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir” sözləri həm də bütün bu ziddiyyətlərə aydınlıq gətiriləcəyinin anonsudur.

Digər bir maraqlı məqama da diqqət çəkməyi lazım bilirik. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin nümayiş etdirdiyi açıq dəstək, görünür, Paşinyan hökumətinə əlavə stimul və cəsarət verib. Belə ki, 1 mart 2008-ci il hadisələri ilə bağlı yeni həbslərin anonsu verilib. “Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, mart hadisələrinin davam edən istintaqının nəticəsi olaraq Ermənistanın milli təhlükəsizlik xidmətinin bir neçə generalına qarşı cinayət işi qaldırılacaq. Bununla bağlı “Jamanax” (“Zaman”) qəzeti məlumat yayıb. Qeyd edək ki, hakimiyyətin Robert Köçəryandan Serj Sərkisyana ötürülməsi prosesinə etiraz edənlərə qarşı həyata keçirilən tədbirlər nəticəsində 10 nəfər ölüb, xeyli etirazçı yaralanıb.

ABŞ-ın Ermənistanı öz tərəfinə çəkməsi ilə bağlı davam edən proseslərin gedişində diqqət çəkən başqa bir məqam da var. Söhbət ABŞ-dakı erməni lobbisinin və erməni diasporunun xeyli fəallaşmasından gedir. Təsadüfi deyil ki, son zamanlar ABŞ-dakı erməni klounlarının Ermənistanda, oradan da işğal altındakı Dağlıq Qarabağa səfərləri təşkil olunur, qondarma qurumun “müstəqil subyekt” olaraq təqdim olunması istiqamətində cəhdlər göstərilir. Sanki erməni dairələri “fürsətdir” deyib hərəkətə keçiblər. Tarix boyu böyük güclərin əlində “maşa”ya çevrilən erməni dairələri yenə də ənənələrinə sadiq qalmaqdadırlar. Birinci Dünya müharibəsində böyük oyunçuların qarşıdurmasından öz maraqları üçün istifadə ertməyi bacarıb Azərbaycan torpaqlarında dövlət quran ermənilər indi də Rusiya və ABŞ qarşıdurmasında oyun oynayıb Qarabağa sahiblənmək, ikinci erməni dövlətini yaratmaq iddiasındadırlar. Amma Azərbaycan dövlətinin mövqeyi birmənalıdır və bunu Soçi görüşündə rusiyalı həmkarına prezident İlham Əliyev növbəti dəfə bildirdi. Putin üçün Azərbaycanın mövqeyi tam bəllidir, indi o, Paşinyanı dinləmək, nə demək istədiyini aydınlaşdırmaq istəyir. 1 gün qaldı, gözləyək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.