Osmanlı şahının “ana” dediyi azərbaycanlı qadın

17-09-2018, 10:33           
Osmanlı şahının “ana” dediyi azərbaycanlı qadın
O, Azərbaycanın ilk diplomat qadınıdır. Ağqoyunlu dövlətinin görkəmli hökmdarı Uzun Həsənin anası olan bu qadın təkcə öz ölkəsində deyil, dövrün nəhəng imperiyalarında da tanınırdı. Onun dərrakəsi, ani düşünmə qabiliyyəti və siyasi nüfuzu Ağqoyunlu dövlətinin qüdrətlənməsində mühüm rol oynamışdı. Həmin qadın Sara Xatundur.

Kult.az xəbər verir ki, bəzi tarixçilər Sara xanımın türk olması faktını ört-basdır edib, onun Diyarbəkirdə xristian ailəsində doğulması haqda yalan məqalələr yazıblar. Lakin Ağqoyunlu tarixi haqda ən yaxşı əsərin müəllifi sayılan tarixçi Con Vuds onun türk olduğunu sübuta yetirib.

Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərində onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. Qaffari, “Tarixi Cahan Ara” əsərində yazır:

“Uzun Həsənin anası Sara Xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi”.

O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Məhməd kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Osmanlı Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyinin aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Məhmədlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi.

Onu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər. Venesiyadan Azərbaycana göndərilən əksər diplomatik sənədlərdə Sara xatunun adı çəkilir, ondan bəhs olunur.

Bunlardan birində deyilir:

“Hökmdar Uzun Həsənin anası Sara Xatuna da ehtiram göstər, hədiyyələr ver, Azərbaycanda qəbul olunmuş şəkildə ad və sanına layiq tərzdə çıxışlar edib, onu Osmanlı ilə müharibəni davam etdirməyə çağır. Oğlanları, qardaşı və nəvələri üçün bu işin nə qədər vacib olduğunu şəxsiyyətinə uyğun olan ifadələrlə izah et”.

Bir diplomat kimi Sara xatunun fəaliyyətində onun Göylühisarda Sultan II Məhmədlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var.

Uzun Həsənin tapşırığına əsasən, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Məhmədin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədlə nail olduqdan sonra Sara xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi.

Mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Sara Xatun və II Məhməd bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək, Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi və II Məhmədi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı.

Tərəflər arasında Osmanlı qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Məhz Sara xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Osmanlı ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi.

Ağqoyunlu dövrünün salnaməçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlir və Rüstəm Tərxanın düşərgəsində olur. Onun ordusunun təsəvvür etdikləri gücdə olmadığını görüb, Uzun Həsənə bu məzmunda xəbər yollayır: “Dayanma, hücuma keç, qələbə sənin olacaq”.

Rəqib ordusuna ani bir nəzər salmaqla qüvvələr nisbətini düzgün qiymətləndirməsi Sara Xatunun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin qoşunu Rüstəm Tərxanın düşərgəsinə hücum edərək, onu darmadağın edir”.

Sara xatun bütün bunlarla yanaşı, bir müddət Harput şəhərinin hakimi olub. O, hətta Misirə gedərək, onlarla ittifaq bağlamağa da nail olub.

Qeyd edək ki, mənbələrdə dəqiq ölüm tarixi yazılmasa da, Sara Xatunun 1465-ci ildə vəfat etdiyi güman edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.