TRAMP ÇİNLƏ MÜHARİBƏDƏ QALİB DURUMDADIR! – Sövdələşməyə getməyin tam vaxtıdır
18-09-2018, 07:34
Belə hesab edilirdi ki, Çinin ABŞ-la ticarət müharibəsini udması üçün kifayət qədər siyasi və iqtisadi gücü olacaq. Lakin prezident Donald Trampın irəli sürdüyü ittihamlar gözləniməz şəkildə Çin siyasət və iqtisadiyyatındakı zəif yerlərin üzə çıxmasına kömək etdi.
Çinin iqtisadi yüksəlişi dünya liderlərinin diqqətə almaq istəmədikləri şübhəli aspektlərdən, ilk növbədə başqalarına məxsus intellektual mülkiyyətin oğurlanmasından, biznes üçün ayrılmış dövlət subsidiyalarından və həmçinin də xarici rəqabət üçün baryerlərin tətbiq edilməsindən asılı olub. Tramp isə bütün bunlara göz yummaq arzusunda olmadığını nümayiş etdirdi.
O, Çinin ticarətdə istifadə etdiyi ədalətsiz üsullara qarşı mübarizədə mərkəzi yeri tarifərin tətbiqinə verdi. Donald Tramp ekspertlərin də dediyi kimi, iddia edirdi ki, təzyiq göstərildiyi təqdirdə Çin siyasi liderlərinin və Çin iqtisadiyyatının necə zəif olduğu ortaya çıxacaq. Bu gün Trampın nə qədər haqlı olduğu daha aydın görünməyə başlayır.
Ticarət müharibəsində Çinin başlıca üstünlüyü heç zaman iqtisadi tərəfdən ola bilməz, çünki Çin ABŞ-dan kifayət qədər məhsul idxal etmir ki, tarif müharibəsində amerikanlarla bərabər vəziyyətdə olsun. Lakin hesab edilirdi ki, bunun elə də böyük əhəmiyyəti yoxdur. Hətta deyirdilər ki, əgər Çin tarif müharibəsində qalib gəlməsə də, Si Çzinpin siyasi cəhətdən üstün vəziyyətdə qalacaq. Belə ki, o, seçicilərə cavab verməyəcək. Bundan fərqli olaraq, Tramp və onun partiyası mürəkkəb vəziyyətlə qarşılaşacaqlar və seçicilərə iqtisadi baxımdan nə üçün bu cür ticarət müharibələrinə başladıqlarını izah etməyə məcbur olacaqlar.
Digər sözlə, güman edilirdi ki, demokratiya ticarət müharibəsində özünü Amerikanın ən zəif yeri kimi büruzə verəcək. Amma hadisələrin real gedişi başqa cür cərəyan edir.
Hal-hazırda Çin iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi tariflər sayəsində ciddi təzyiq hiss edir, bunun əksinə Amerika iqtisadiyyatı çıçəklənir və nəticədə Si Çzinpinin mövqeyi xeyli zəifdir. Məlum olub ki, demokratiya şəraitində ucadan səslənən tənqid kommunist rejimində də mövcuddur, yalnız o, özünü başqa cür təzahür etdirir. ”New York Times” qəzetinin verdiyi məlumata əsasən, Çindəki narazıların səsləri gözlənilməz yerlərdən – Çinin qabaqcıl universitetlərinin hüquq fakültələrindən tutmuş, Mərkəzi bankın ekspertlərinədək – gəlməyə başlayıb. Harada səslər batırılıb, orada pul danışır. Çin valyutasının məzənnəsi aprel ayında başlayan gərginlikdən sonra əhəmiyyətli dərəcədə aşağı düşərək zəifləyib. Bu isə kapitalın Çindən daha aktiv sürətlə çıxmasının siqnalı ola bilər.
Bu kapital, əlbəttə ki, ABŞ-a axacaq. Çünki hal-hazırda ABŞ-da faiz dərəcələri qalxır, vergilər azaldılır, daha yaxşı iqtisadi böymə var və bu investisiya üçün etibarlı liman sayılır. ABŞ KİV-lərində iqtisadiyyatla bağılı nikbin məqalələr dərc edilir. Fond bazarı özünün rekord göstəricilərini yenidən bərpa edib, kiçik biznes isə yaxşı vəziyyətdədir.
Prezident Tramp iqtisadi böyüməyə hədəflənmiş islahatların Çin ilə danışıqlarda Amerika üçün daha möhkəm mövqe yaradacağını söyləməkdə haqlıdır. Başlanğıc onun istədiyi kimi alınıb, sadəcə sövdələşməni sona çatdırmaq qalıb. Yaxşı xəbər ondan ibarətdir ki, Amerika Çindən elə Çinin özünün güclənməsi üçün lazım olan şeyləri – mülkiyyət hüququnun təminatını, xarici investisiyalara dövlət müdaxiləsinin azaldılmasını və xarici investisiyalar üçün daha geniş imkanların yaradılmasını istəyir. Belə bir siyasət Çinə investisiya cəlb edəcək və həmçinin də xarici bazarları Çin investisiyasının üzünə açacaq. Öz istədiyində israr etməsi və ədalətli beynəlxalq ticarət qaydaları ilə oynamaqdan imtina etməsi Si Çzinpinin böyük səhvi olardı. Ona görə ki, məhz həmin qaydalar Çini iqtisadi nəhəng kimi böyüdüb. Elə həmin səbəbə görə Tramp bu cür sövdələşməyə nail olmalıdır. Çünki Çinlə əldə olunacaq sövdələşmə intellektual mülkiyyəti müdafiə ilə təmin edəcək, məhsul və xidmətlər üçün Amerikan biznesinə Çində daha yaxşı imkanlar açacaq. Bu, həmçinin hər iki tərəf üçün tarif baryerlərini də ortadan qaldıracaq.
ABŞ Çinin böyük istehlak bazarında üstün rol oynamaq üçün daha yaxşı mövqedədir. Əgər Tramp Çin ilə daha azad və daha ədalətli ticarət aparmaq üçün razılaşacaqsa, onda bu Amerikan biznesi və Amerikan işçisi üçün böyük rifah yaradacaq.
Ümumi hesabla tariflərdən istifadə olunan uzunmüddətli ticarət müharibəsi nə ABŞ-a, nə də Çinə yarar gətirəcək. Çinin gömrük tariflərini yüksəltməsi Birləşmiş Ştatların xarici bazarlara çıxışa ehtiyacı olan fermerlərindən tutmuş xaricdən ehtiyat hissələri və xammal alan istehsalıçılarına kimi təsir göstərir. Güclü iqtisadiyyat ağrıları bir qədər azaltsa da, lakin bu uzun müddətə belə davam edə bilməz. Çin iqtisadiyatının çətinlikləri kəskin qılınc kimidir. Hal-hazırda bu, danışıqlar üçün əsas yaradır. Amma əgər bu problemlər kəskinləşərsə, onda həmin problemlər Amerika iqtisadiyatını da aşağı doğru çəkəcək.
Trampın ticarətdəki mövcud status-kvoya qarşı çıxması Çin ilə daha azad və daha ədalətli ticarət aparmaq üçün gözlənilməz imkanlar yaradıb. Mülkiyyət hüququnun qorunması, istehlakçılara çıxış imkanının yaxşılaşdırılması və həmçinin də hər iki tərəfin işçiləri və biznesi üçün imkanların genişləndirilməsi naminə sövdələşmə əldə etmək üçün Trampın mövqeyini güclü adlandırmaq olar. Bu sövdələşmənin başlanması vaxtı isə gəlib çatıb.
(“Newsweek”-ABŞ)
Azpolitika