Aİİ-də tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib
27-11-2018, 06:56
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlərini davam etdirir.
İnstitutda tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə maarifləndirici tədbirlərə rəvac verilir. Bu məqsədlə, Aİİ-nin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə tələbələrlə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” kitabının müzakirəsi keçirilib. Tələbələrin böyük marağına səbəb olan kitab geniş müzakirə obyektinə çevrilib.
Müzakirələr zamanı bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində xüsusi rol oynayır. Qiraət insani və iradi keyfiyyətlərin yaradılmasında, mənəviyyatın dolğunlaşdırılmasında əhəmiyyətli faktorlardan hesab edilir. Vurğulanıb ki, sözügedən əlamətlər gənclərdə mütaliəyə olan marağın artması ilə yanaşı, onlarda həm də bədii zövqün inkişafına təsir edir.
Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına töhfə verməkdir.