Azərbaycan İlahiyyat İnstitutu Rusiya Federasiyasının ali təhsil müəssisələri ilə əlaqələr yaradır
27-11-2018, 12:00
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiyanın Perm vilayətində "Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə" mövzusunda konfrans çərçivəsində Moskva İslam İnstitutu və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.
DİA.AZ xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluğunu, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşlərdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı olaraq ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramları və layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Rusiyalı nümayəndələr məruzələrində bu əməkdaşlığın qurulmasından məmnun qaldıqlarını və birgə fəaliyyətin faydalı olacağından əminliklərini ifadə ediblər.
Görüşdə Moskva İslam İnstitutu ilə əldə edilmiş razılığa əsasən növbəti aylarda Aİİ-nin nümayəndə heyətinin sözügedən təhsil müəssisəsi ilə əməkdaşlıq
əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması məqsədilə Rusiya Federasiyasına səfəri nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Aİİ xarici əlaqələrin inkişafına böyük önəm verir. İnstitut növbəti günlərdə bir neçə xarici təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalamağı planlaşdırır.