Aİİ-də “İslam dininin Azərbaycan toxuculuq nümunələrində əksi ” mövzusunda seminar keçirilib

30-11-2018, 16:24           
Aİİ-də “İslam dininin Azərbaycan toxuculuq nümunələrində əksi ” mövzusunda seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda seminar keçirilib.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq, İnstitutun tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlərin keçirilməsinə xüsusi önəm verdiyini qeyd edib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada bu dinin təşəkkül tapması ilə yanaşı, yeni İslam mədəniyyəti formalaşıb. Qədim tarixi kökləri olan Azərbaycan mədəniyyəti İslam dininin təsiri altında daha da zənginləşib, mükəmməl bədii sənət nümunələri və memarlıq abidələri yaradılıb.
S.Nəsirova Azərbaycan toxuculuq sənətinin nailiyyətlər əldə etməsində İslam dininin xüsusi rol oynadığını vurğulayıb. Məruzəçi XX əsrin ikinci yarısına qədər toxuculuq məmulatlarının üzərindəki naxışların, ərəb əlifbasından və rəqəmlərindən istifadənin, namazlıqların, möhürqabıların Quran saxlamaq üçün istifadə olunan xüsusi ləvazimatların İslam mədəniyyəti nümunələrinə aid olduğunu qeyd edib. Memarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə azərbaycanlı sənətkarların yüksək peşəkarlıqla hazırladıqları əsərlərdən danışan S.Nəsirova bildirib ki, sənət nümunələrinə Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib. Müzakirələrdə Azərbaycan İlahiyyat İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.